Əli həsənovlara öndərlərindən cavab: “Biz Rüstəm İbrahimbəyovla fəxr edirik!”
“O, nə qədər çətinliklər də olsa, əziyyət də çəksə, hər dəfə qalib gəlmişdir”
“Rüstəm İbrahimbəyov heç zaman öz iradəsindən dönməmişdir”
Tanınmış kinorejissor, Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyova qarşı son vaxtlar hakimiyyət ciddi kampaniyaya başlayıb. Bnun səbəbləri isə aydındır. Tanınmış ziyalının ölkədə baş verən eybəcərlikləri, insan haqlarına etinasız münasibəti, rüşvət və korrupsiyanın milli təhlükəsizliyi təhdid etdiyini dilə gətirməsi onu hədəfə çevirib.
Hakimiyyət düşərgəsindən R.Ibrahimbəyova qarşı sonuncu ittiham Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan gəlib. Ə.Həsənov deyib ki, Azərbaycan kinosunu Ibrahimbəyov kimi əlindən heç bir iş gəlməyənlər deyil, peşəkarlar inkişaf etdirməlidir: “Düşünürəm ki, Rüstəm Ibrahimbəyovun özü yazıq vəziyyətdədir. Rüstəm Ibrahimbəyov düşünür ki, əgər o keçmişdə bir-iki kino çəkibsə, bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır və nə edəcəyini gözləməlidir. Ancaq belə deyil. Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhfə verə bilən adamlar görməlidir”.
Ə.Həsənov R.Ibrahimbəyovu hazırda “kino sənətilə biznes arasında vurnuxmaqda” da ittiham edib.
Bugünlərdə əlimizə sabiq dövlət başçısı Heydər Əliyevin Rüstəm Ibrahimbəyov barəsində fikirlərinin yer aldığı bir video keçib. Düşünürük ki, hökumətin kampaniyasına və Ə.Həsənovun söylədiklərinə ən tutarlı cavab da elə bu videoda var.
H.Əliyevin 4 dəqiqə 49 saniyəlik çıxışının mətnini diqqətinizə çatdırırıq:
“Rüstəm Ibrahimbəyov Azərbaycan ədəbiyyatına, mədəniyyətinə 60-cı illərin əvvələrində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. Rüstəm Ibrahimbəyov o vaxtdan indiyə qədər yaradıcılığı, nəsr, kino, səhnə əsərlərilə Azərbaycan mədəniyyətini zənginləşdirmiş, dünya mədəniyyətinə layiqli töhfələr vermişdir. Rüstəm Ibrahimbəyov çox məhsuldar yazıçı, dramaturq, kinossenarist və rejissordur. Onun yaradıcılığının çoxşaxəli, çoxistiqamətli olması da fitri istedadından irəli gəlir. Rüstəm Ibrahimbəyovun yaratdığı əsərlər Azərbaycan, keçmiş Sovet Ittifaqı və dünyanın bir çox ölkələrinin oxucularını sevindirmiş, onlara Azərbaycan və ümumiyyətlə, müasir həyatımızın həqiqətləri haqqında çox gözəl məlumatlar vermişdir. Təsəvvür etmək olar ki, ilk addımında Rüstəm Ibrahimbəyov cəmiyyətə özünü çox gözəl təqdim etmişdir. Rüstəm o vaxtdan indiyə qədər yüksəlir və irəliyə gedir. Rüstəm Ibrahimbəyov heç zaman öz iradəsindən dönməmişdir, bu yolla getmişdir. Nə qədər çətinlikləri də olsa, əziyyət də çəksə, amma hər dəfə qalib gəlmişdir. Beləliklə, Rüstəm Ibrahimbəyov həm nəsr, həm səhnə, həm də kino əsərlərində özünəməxsus bir yolla getmiş və bu gün də həmin yolla getməkdədir. Rüstəm Ibrahimbəyov yaradıcılığının əsas xüsusiyyətlərindən biri də odur ki, o, öz yaradıcılığı ilə yalnız milli çərçivədə qalmayıb, keçmiş Sovet Ittifaqında və dünyada çox məşhurlaşıb. Bu, hər bir xalq üçün çox böyük əhəmiyyət kəsb edir. Rüstəm Ibrahimbəyov əsərlərini həm Azərbaycan, həm də rus dilində yazıb. Əsərlərinin çoxunu keçmiş Sovet Ittifaqının tamaşaçılarına, oxucularına tərcümədə yox, orijinalda təqdim edib. Bu, onun birinci cəhətidir. Ikinci cəhət isə ondan ibarətdir ki, o, Azərbaycan həqiqətlərini daha da geniş yayıb. Bu da Rüstəm Ibrahimbəyovun Azərbaycan xalqı qarşısında böyük xidmətləridir. Rüstəm Ibrahimbəyovun kino sahəsində fəaliyyəti MDB və Baltika ölkələrinin kinokonfederasiyasının yaradılması və bu təşkilata başçılıq etməsidir. Biz bununla fəxr edirik. Təbii ki, Azərbaycan yazıçısının, kino sənətinin bu konfederasiyanın başında durması bizim üçün böyük iftixar hissi doğurur”.
Hikmət