“Fövqəlnazir”in idarəsində rüşvət qalmaqalı

k heyderov2Heydərovun idarəsində işə götürməklə bağlı “sövdələşmə”nin audio yazısı “Azadlıq”da

Hacıqabul rayon sakinləri Fövqalədə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin rəisi Ilqar Namazov, müavini Hüseynağa Məmmədov və 138 saylı yanğın bölməsinin rəisi Mirfazil Məmmədovla bağlı “Azadlıq”a şikayət məktubu yollayıblar.
Şikayətçilər redaksiyamıza Mirfazil Məmmədovun işçiləri Emin Nəsirov və Pənah Vəliyevlə danışığının audio yazısını göndəriblər. Rəis onlarla söhbətdə işə götürmək üçün kimdən nə qədər pul alınmasını söyləyir. Həmçinin bəzi işçilərə bankdan kredit götürməyi məsləhət görür və bunun üçün lazım olan arayışın veriləcəyi də deyilir.
Şikayətçilər deyirlər ki, yanğından mühafizə idarəsi Fövqalədə Hallar Nazirliyinin tabeliyinə keçəndən sonra adıçəkilən şəxslər işçiləri ixtisara salmağa başladılar: “Yaşı keçmiş işçiləri kənarlaşdırandan sonra idarədə bir neçə illik iş stajı olan 7 nəfər cavan adam qaldı. Bu şəxslər həmin 7 nəfərin hər birindən 1500 manat pul alaraq işdə saxladı. Pulları Hüseynağa Məmmədovla Mirfazil Məmmədov alıb. Bu işçilərdən necə pul alınması barədə sübut Mirfazil Məmmədovun disk yazısında idarə rəisi Ilqar Namazovun adını çəkməsidir. O, Pənah, Famil və Səbuhi adlı şəxsləri kredit götürüb rüşvət verməyə məcbur edib. Onlar da işini itirməmək üçün borc pul taparaq Mirfazil Məmmədova verib. Aqşin, Təyyar, Vüqar və Emin adlı şəxslər də işdə qalmaq üçün hər biri 1500 manat ruşvət verib. Işdə qalmaqlarını idarədə sevincək qeyd edəndə isə idarə rəisi Ilqar Namazov bundan xəbər tutub. O, müavini Hüseynağa Məmmədov və Mirfazil Məmmədovla birgə işçilərin üstünü kəsdirib. Sonra da onların 7-nin də işdən çıxdığını bildirib. Hüseynağayla Mirfazil isə onların ”köməyinə” çataraq rüşvət nəticəsində işdə qalmağın mümkünlüyünü bildirib. Həmin 7 nəfərin hər birindən təkrar 1000 manat alınaraq işdə saxlayıblar. Ixtisara düşən işçilərin boş qalan yerinə isə 3000 manat rüşvət almaqla işçi götürüblər. Anar Əliyevdən, Münasib Allahverdiyevdən, Asim Abdullayevdən, Sənan Nəsirovdan, Emin Həsənovdan 3 min manat, Sabirabaddan olan şəxsdən isə 5 min manat alıblar”.
Rayon sakinləri yazırlar ki, yanğınsöndürən maşının hər aylıq 1500 litr yanacağını da vəzifəli şəxslər sataraq mənimsəyirlər: “Ilqar Namazov Mirfazil Məmmədova deyib ki, yanğın baş verdiyi vaxt bizə məlumat ver, rayondan salyarkayla işləyən maşınları göndərək. Çünki ”salyarka” daha ucuzdur”.
Ilqar Namazov “Azadlıq”a açıqlamasında məlıumatın yalan olduğunu söyləyib. O bildirib ki, Mirfazil Məmmədovun işə götürmək səlahiyyəti yoxdur: “Mirfazil Məmmədovun 4 işçisi var və onun işə götürmək səlahiyyəti yoxdur. Yalan söhbətdir, heç kimdən pul alınmayıb. Istənilən vaxt idarəyə gedib işçilərlə söhbət edə bilərsiniz”.
Hüseynağa Məmmədov şikayət mıəktubunda yazılanları dinlədikdən sonra güldü: “Bu çox gülməli söhbətdir. Əgər işdən çıxan şəxslər öz ərizələri ilə işdən çıxıblarsa, heç bir şikayət yoxdursa, bu şikayət məktubunu yazanlar onların vəkilidirmi? Işə götürmək nə mənim, nə də rəis Ilqar Namazovun səlahiyyətinə aid olan məsələdir. Işə götürmək üçün qərarı nazirlik verir. Bizim heç ”peçatımız” yoxdur. Hər hansı bir məsələni sənədləşdirmək üçün regional bölmə olan Salyana üz tuturuq”.
Hüseynağa Məmmədov deyir ki, işə götürmək üçün onlara icra başçısı müraciət edəndə belə bunu edə bilmirlər: “Bizim belə bir səlahiyyətimzi yoxdur. Icra başçısı kimisə işə götürmək üçün bizdən xahiş edəndə onu xahişini yerinə yetirə bilmirik. Belə olan halda kimdən rüşvət ala bilərik? Deyilənlər hamısı cəfəngiyyatdır”.
Mirfazil Məmmədovla dəfərlərlə əlaqə saxlamağa cəhd etsək də heç bir nəticə hasil olmadı. Onun da mövqeyini öyrənməyə hazırıq…

Ramin DEKO