London Olimpiadası qalmaqallarla başlandı

Bakı Rusiya şəhəri kimi təqdim olundu; 10 idmançı yarışlardan uzaqlaşdırıldı; Şimali Koreyalı futbolçular oyuna çıxmadı

Londonda keçiriləcək XXX Olimpiya Oyunlarının startına sayı saatlar qalmış müxtəlif ölkələrlə və idmançılarla bağlı qalmaqallar yaşanıb. Yayılan rəsmi məlumatlara görə, qanında dopinq aşkar edilən 9 atlet diskvalifikasiya edilib. Dopinqli idmançılardan 3-ü rus, 2-si ukraynalı, 1-i bolqar, 1-i yunan, 1-i mərakeşli, digəri isə türkdür. Həmin idmançılar yarışlarda iştirakdan mərhum olunublar.
Bolqar Inna Eftimovadanın qanında süni bəsləmə hormonu, ukraynalı Nataliya Tobias və Antonina Yefremova sintetik testosteron preparatının izləri aşkar edilib. Bu üç atlet iki il müddətinə beynəlxalq yarışlardan məhrum ediliblər. Olimpiadadan uzaqlaşdırılan idmançılar bunlardır:
Rusiya: Svetlana Klyuka, Yevgenia Zinurova, Nailya Yulamanova. Ukrayna: Natalia Tobias, Antonina Yefremova. Bolqarıstan: Inna Eftimova, Yunanıstan: Irini Kokkinariou, Mərakeş: Abdürrahim Goumri, Türkiyə: Məryəm Ərdoğan.
Dünyanın ən nüfuzlu idman turnirindən uzaqlaşdırılan idmançılardan biri də yunanıstanlı atlet Voula Papaxirostudur. Onun cəzalandırılmasına isə atletin “Twitter” hesabında yazdığı irqçi zarafatları səbəb olub. Atlet yaranmış qalmaqalla bağlı açıqlamasında insan haqlarına hörmət etdiyini və yazdıqlarına görə üzr istədiyini deyib. Turnirdə növbəti qalmaqal isə Gürcüstanla Rusiya arasında yaşanıb. Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) turnir təşkilatçılarına müraciət edərək oyunların rəsmi saytında Rusiyanın iki idmançısı barədə məlumatın dəyişdirilməsini tələb edib. Söhbət Rusiya Federasiyasının yığma komandasının üzvləri – güləşçilər Besik Kuduxovun və Denis Tsarquşun elektron dosyelərindən gedir. Kuduxovun doğulduğu yer Cənubi Osetiya, Tsarquşunku isə Abxaziyanın Qudauta şəhəri göstərilib və hər iki halda mötərizədə “RUS” sözü yazılıb.
Analoji hadisə Qazaxıstan və Azərbaycanla bağlı da baş verib. 2012-ci il olimpiadasının rəsmi saytında  Qazaxıstanda doğulmuş Rusiya idmançısı Nadejda Torlopovanın dosyesində onun anadan olduğu tarix və yer göstərildikdən sonra, Rusiya idmançısı kimi çıxış edən, Ermənistanın Bambakaşat kəndində doğulmuş boksçu Mixail Aloyanın dosyesində olduğu kimi “RUS” sözü yazılıb. Ermənistan və Qazaxıstandan hələ ki, yay oyunlarının təşkilatçılarına etiraz daxil olmayıb.
Azərbaycanla bağlı səhvdə isə Bakı şəhəri Rusiya ərazisi kimi göstərilib. Yanlışlıq Rusiya milli komandası adından çıxış edən erməni boksçu David Ayrapetyanla bağlı göstəricilərdə əksini tapıb. Idmançının doğulduğu şəhər və ölkəni göstərən qrafada belə qeyd olunub: Bakı (RUS). Mötərizədəki Rusiyanın qısaldılmış formasıdır.
Yarışmanın rəsmi açılışından əvvəl futbol üzrə qadınlardan ibarət komandaların oyunları qalmaqalla yadda qalıb. Şimali Koreyanın futbol üzrə qadınlardan ibarət yığması matçın başlamasına bir neçə dəqiqə qalmış meydançanı tərk edib. Qadın futbolçuların etirazına arenanın lövhəsində Şimali Koreya futbolçularının şəkillərinin yanında Cənubi Koreya bayrağının göstərilməsi səbəb olub. Şimali Koreya və Kolumbiya yığmaları arasında matçın təşkilatçıları 40 dəqiqədən sonra, nəhayət ki, Şimali Koreyalı idmançıları meydançaya qayıtmağa razı sala biliblər.

Informasiya şöbəsi