İctimai Palata Əliyevlərin korrupsiya əməllərini incələyəcək

Əliyevlərin 48 milyard manatı ölkədən çıxarmasıyla bağlı ictimai dinləmə keçiriləcək

Ictimai Palatanın Koordinasiya Şurası dünən növbəti iclasını keçirib. Iclas barədə “Azadlıq”a məlumat verən AXCP sədri Əli Kərimli bildirib ki, toplantıda Əliyevlər ailəsinin offşor zonalarda yaradılan şirkətlər vasitəsilə Azərbaycanda həyata keçirdiyi korrupsiya əməlləri müzakirə edilib.
19 il boyunca bir sülalənin Azərbaycan xalqından 48 milyard manatı oğurlayaraq ölkədən çıxarması narahatlıq doğuran fakt kimi təhlil olunub. Qərara alınıb ki, iyulun 31-də mövzu ilə bağlı ictimai dinləmə keçirilsin. Tanınmış iqtisadçı alim, Ictimai Palatanın üzvü Qubad Ibadoğlunun məruzəsi əsasında keçiriləcək dinləməyə ölkədəki ictimai-siyasi fəallar da dəvət olunacaq.
Ictimai Palatanın Koordinasiya Şurası həmçinin birinci ixtisas qrupu üzrə keçirilmiş imtahanın bərbad nəticələrini də müzakirə edib. Keçid balının 100 bal aşağı salınması təhsilin iflası kimi qiymətləndirilərək, ümumiyyətlə, təhsil sahəsindəki problemlərin müzakirəyə çıxarılmasına qərar verilib. Təhsil üzrə ekspertlərin, elm adamlarının iştirakı ilə bu sahədəki problemlər ətrafında da ictimai müzakirə keçirilməsi qərara alınıb.
Ictimai Palatanın Koordinasiya Şurası Azərbaycan hökumətini  Ziyalılar Forumuna, xüsusən də Kinematoqrafçılar Ittifaqının rəhbəri Rüstəm Ibrahimbəyova qarşı təzyiqləri, bu təşkilatın dublikatını yaratmaqla sənət adamlarının üz-üzə qoyulmasını pisləyib. Bu istiqamətdə ayrıca bəyanatın qəbul edilməsi qərara alınıb.
Ictimai Palatanın Koordinasiya Şurası seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı keçirilmiş dəyirmi masanın nəticəsini də müzakirə edib. Qərara alınıb ki, müstəqil ekspertlərin, tanınmış hüquqşünasların iştirakıyla seçki qanunvericiliyinə əsas, mühüm təkliflər müəyyənləşdirilsin. Elə bir ortaq mövqe formalaşdırılsın ki, sonradan Azərbaycanın bütün demokratik ictimaiyyəti o təklifləri müdafiə edə bilsin.
Ictimai Palatanın Koordinasiya Şurası son günlər bütün bəşəriyyəti narahat edən məsələni – Myanmada müsəlmanlara qarşı şiddətə də diqqət yetirib. Koordinasiya Şurası baş verənləri kəskin şəkildə qınamaqla yanaşı, dünya ictimaiyyətinə müraciət edib ki, hadisənin əsl səbəbkarları tapılmalı, məsuliyyətə cəlb olunmalıdır.

Informasiya şöbəsi