“Hökumətlər bilməlidir ki, informasiya azadlığına təhlükə demokratiyaya təhlükə deməkdir”
İyulun 25-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında dünyada, əsasən də Yaxın Şərqdə və Qafqazda KİV azadlığına təhdidlər müzakirə olunub. Tədbirdə Konqres üzvləri və hüquq müdafiəçiləri iştirak ediblər.
“Azad mətbuat demokratiyanın inkişafında və insan haqlarına hörmətlə yanaşılmasında mühüm rol oynayır. Bununla belə, bir çox ölkələrdə jurnalistlər və KİV qorxu, senzura şəraitində yaşamağa məcburdur”, – Komissiyanın həmsədri, demokrat konqresmen Cim Makqovern öz çıxışında bildirib.
O deyib ki, repressiv hökumətlər sərt qanunverici məhdudiyyətlər tətbiq edir, hökumətə loyal olmayan KİV-ə iqtisadi təzyiq göstərirlər. Cinayətkarlıq, korrupsiya ilə əlaqəsi olan, insan haqlarını pozan hakimiyyəti tənqid edən jurnalistlər qorxudulur, qanunsuz həbs edilir, hətta həyatlarından məhrum edilir.
Tədbirdə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Maykl Pozner də çıxış edib. “Bu cür proseslər postsovet ölkələrində və Yaxın Şərqdə geniş yayılıb. Hökumətlər bilməlidir ki, informasiya azadlığına təhlükə demokratiyaya təhlükə deməkdir”, – deyə o vurğulayıb.
Pozner qeyd edib ki, 2012-ci ildə 29 jurnalist öldürülüb. Onlardan 14-ü öz peşə vəzifəsini yerinə yetirərkən öldürülüb. Jurnalistlərə təzyiqlər daim artır. “Bizim vəzifəmiz onları müdafiə etməkdir. Obama administrasiyası KİV azadlığına təhdidlərin izlənməsi üçün səylərini ikiqat artıracaq”, – deyə o, bildirib.
Tədbirdə qeyd olunub ki, son 20 ayda 17 ölkədə İnternet fəaliyyətinə görə 60-dan çox adam saxlanılıb. Onların arasında redaktorlar, blogerlər, veb-masterlər, həmçinin tvitterdəki fikirlərinə, dini baxışlardan imtina etdiklərinə görə həbs olunan tələbələr var.
Jurnalistləri Müdafiə Komitəsinin (JMK) direktor müavini Robert Maxoni indiki dövrü “jurnalistlər üçün təhlükəli dövr” adlandırıb. Bildirib ki, ötən il həbs edilən jurnalistlərin sayı 15 ildə maksimum həddə çatıb. Həbs təhlükəsi bir çox jurnalisti öz işini, ölkəsini tərk etməyə vadar edir. Hər il 450-dən çox jurnalist təqiblərdən xilas olmaq üçün öz ölkəsindən qaçır.
Freedom House təşkilatının “mətbuat azadlığı” layihəsinin direktoru Karin Karlekar qeyd edib ki, avtoritar rejimlər KİV üzərində sərt nəzarəti saxlamaq üçün müxtəlif metodlara əl atırlar. Bundan ötrü jurnalistləri həbs edirlər, KİV-i və bloqları qapadırlar, diffamasiyaya görə məhkəməyə verirlər.
Tədbirdə vurğulanıb ki, güclü demokratiyanın əsas komponenti, ümumilikdə demokratik sistemin vəziyyətinin aparıcı indikatoru kimi KİV azadlığının vacibliyini nəzərə alaraq, ABŞ hökuməti bütün dünyada KİV-in müdafiəsini zəruri hesab edir.
Azərbaycanla bağlı durumu Turan-ın müxbirinə şərh edən Maxoni və Karlekar KİV-in fəaliyyətinin məhdudlaşdırılmasından narahatlıqlarını bildiriblər. Onlar hökuməti müxalifətçi jurnalistlərə təzyiqlərə son qoymağa, həbsdə olan KİV işçilərini azad etməyə çağırıblar (contact.az).