35 min manat Abutalıbovun oğlu üçün nə puldur?

“Kimlərəsə 50 min manatlıq paltar alıb maşın verə bilirlər, ancaq halal  pulumu verə bilmirlər?”

1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iş adamı Maqsud Mahmudovun Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbova qarşı şikayətinə baxılır. Iş hakim Vüsalə Baxışovanın icraatındadır.
Iş adamının iddiası üzrə dünən hazırlıq iclası keçirilib. Iddianın merin oğluna qarşı qaldırılması bu prosesə ictimai marağı artıran əsas səbəb idi. Odur ki, məhkəmə iclasında xeyli jurnalist də iştirak edirdi. Lakin hakim nədənsə, prosesin ictimai əhəmiyyətini nəzərə almayaraq, media nümayəndələrinin prosesdə audio-video çəkiliş aparmaq müraciətinə rədd cavabı verdi.
Bundan sonra M.Mahmudovun vəkili Ilham Əsədov 3 hissədən ibarət vəsatətlə çıxış etdi. Vəkil məhkəmə mübahisəsinə səbəb olan Yasamal rayonu, Nazim Hikmət küçəsi 25, mənzil 33-də yerləşən ofisdə ekspertiza keçirilməsi, məhkəmənin özünün ora baxış keçirməsi və ofisdə təmin işləri aparmış usta və fəhlələrin məhkəmədə şahid qismində dindirilməsini istədi. Vəkilin digər bir xahişi isə hüquqi müstəvidə mübahisə başa çatana, yəni, məhkəmə qərar çıxarana qədər sözügedən obyektin üzərinə həbs qoyulması haqda oldu. Vəkil vəsatətini belə əsaslandırdı: “Bu vəsatəti ona görə veririk ki, biz ofisi boşaldandan sonra qarşı tərəf orada istədiyini edə bilməsin. Çünki biz çıxandan sonra oranı söküb dağıtsalar, orada 35 min manatlıq təmir işləri apardığımızı sübut etməkdə çətinlik çəkəcəyik”.
Biznesmen də öz növbəsində təklifini səsləndirdi: “Halallığımızı versinlər, bu məsələ bitsin”.
Maqsud Mahmudov həmçinin ofisin fotolarını da işə əlavə olunması üçün məhkəməyə təqdim etdi: “35 min manat Hacıbala Abutalıbovun oğlu üçün nə puldur? Dindən-imandan danışıb kimlərəsə 50 min manatlıq paltar alıb maşın verə bilirlər, ancaq halal pulumu verə bilmirlər?”
Hakim:
– Fotoları təqdim etdiniz, başqa sübutlarınız var?
M.Mahmudov:
– Həmin ofisi təmir edən usta və fəhlələri çağırıb dindirin, onlar da dediklərimi təsdiq edəcəklər.
Məhkəmə ofisin üzərinə həbs qoyulması haqda vəsatəti təmin etmədi. Bu qərar Maqsud Mahmudovun etirazına səbəb oldu:
– Bu məhkəmədə 1 ay ərzində bu iş üzrə 5 dəfə ayrı-ayrı qərarlar verilib. Bu məhkəmənin bəzi hakimləri – Şərafət Məmmədova, Sevinc Alıyeva özlərini kolxoz bazarındakı kimi aparırlar. Məhkəmənin sədri Müseyib müəllim hara baxır? Əlbəttə ki, Hacıbala Abutalıbovun məhkəmədən əvvəl verdiyi sifarişə…”
Bu fikirlərinə görə hakim iş adamının zaldan çıxmasını tələb etdi. Maqsud Mahmudov isə baş verənləri məhkəmənin sifariş yerinə yetirməsinin sübutu kimi qiymətləndirərək, zalı tərk etdi.
Bundan sonra cavabdeh tərəfin vəkili Ələsgər Məmmədov iddianı qəbul etmədiklərini məhkəmənin diqqətinə çatdırdı. O, ofisdə aparılan təmirin iddiaçı tərəflə aralarında bağlanan müqavilənin şərtlərinə uyğun olduğunu dedi. Bildirdi ki, 2010-cu ildə tərəflər arasında 3 illik bağlanan müqaviləni qanuni hesab edirlər. Digər bir müqaviləni isə qəbul etmirlər.
Bu iş üzrə məhkəmə prosesi avqustun 3-də davam etdiriləcək.

Ramin DEKO