Kəmaləddin Heydərov isə öz nöqsanlarından diqqəti yayındırmağa çalışır
Hakimiyyətin nəzarətində olan KIV-lər, xüsusilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxınlışı ilə seçilən media quruluşları düşük mövzu tapıblar:
Heydər Əliyev Mərkəzinin yanmasına sevinmək nadanlıqdır. Sanki xalq Heydər Əliyev Mərkəzinin qarşısına toplaşıb göz yaşı axıtmalı imiş. Eynən Şimali Koreyada olduğu kimi. Bu iddiaların cavabı mətbuatda verildiyindən təkrarçılığa varmaq istəmirik. Sadəcə nədən “fövqəlnazir”in media quruluşlarında bu məsələnin qabardılmasına aydınlıq gətirmək istəyirik. Əldə etdiyimiz məlumatlara görə, Mərkəzin yanması ilə bağlı xüsusilə bu məqamın qabardılması təsadüfi deyil. Məsələ burasındadır ki, hakimiyyət üçün kifayət qədər əhəmiyyət daşıyan bu obyektda baş verən məlum “çp”də Kəmaləddin Heydərov da məsuliyyət daşıyır. Hər halda o, fövqəladə hallar naziridir və yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsdir. Adi bir qaynaqdan yanğının baş verməsi və daha sonra genişlənməsi Mərkəzdə yanğın təhlükəsizliyinin qaydasında olmadığını göstərir. “Fövqəlnazir” diqqəti bu məsələlərdən yayındırmaq üçün nəzarətində olan KIV-lərə göstəriş verib ki, dəxli olmayan mətləbləri qabartsınlar.
Əks təqdirdə Kəmaləddin Heydərov hədəfə gələcəyindən ehtiyat edir.
Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı başqa bir məlumat da əldə etmişik. Bu məlumatda bildirilir ki, yanğınla əlaqədar Əmlak Məsələləri Üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov da hesab verməli olacaq. Çünki obyekti “DIA Holding” inşa etsə də, tikinti işlərinə dövlət nəzarətini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirib. Mərkəzdə yanğının baş verməsi isə Kərəm Həsənovun da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyindən xəbər verir.
Bu, Kərəm Həsənovla bağlı ikinci böyük “ÇP” olduğundan komitə sədri ciddi təşviş içindədir. Xatırladaq ki, birinci “ÇP” “Alov qüllələri” ilə bağlı baş verib. Qüllələrdən birinin çökdüyü məlum olub. Bunun qarşısını almaq üçün yapon mütəxəssislərə müraciət edilib. Onlar isə görüləcək iş üçün külli miqdarda pul tələb edib.
Informasiya şöbəsi