Baş nazirin növbəti dəfə müalicəyə yollanması iqtidardaxili gücləri hərəkətə gətirib
Baş nazir Artur Rəsizadənin səhhətindəki problemlərə görə işə çıxmadığı barədə məlumat yayılıb. Haqqın.az saytı baş nazirin dostuna istinadən xəbər verir ki, Artur Rəsizadənin gözündə ciddi problem yaranıb. “Onun bir gözü tutulub. Ikinci gözü isə 40 faiz görür. Hazırda o, müalicə alır. Bundan sonra o, Krımda reabilitasiya kursu keçəcək”, – deyə baş nazirin dostu bildirib.
Modern.az saytının araşdırmasına görə isə 6 iyul 2012-ci il tarixindən sonra Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlara Baş nazirinin birinci müavini Yaqub Eyyubov imza atıb. Bunu Nazirlər Kabinetinin saytında yerləşdirilən qərarlara baxmaqla da görmək olar.
Nazirlər Kabinetindəki mənbə sayta deyib ki, Artur Rasizadə məzuniyyətə çıxıb. Lakin onun müalicə olunub-olunmadığını öyrənmək mümkün olmayıb.
“Azadlıq”ın əldə etdiyi məlumatlara görə isə Artur Rəsizadənin səhhətindəki problemlərə görə işə çıxmaması baş nazirlik postu uğrunda uzun müddətdir ki, mübarizə aparan iqtidar daxili qrupları yenidən hərəkətə gətirib. Hakimiyyət dəhlizlərində belə söz-söhbət gəzir ki, 77 yaşlı Artur Rəsizadə müalicədən qayıtdıqdan sonra istefa verə bilər. Ən pis halda indiki status-kvo 2013-cü ilə qədər saxlanıla bilər.
Hakimiyyət daxilində baş nazirlik uğrunda mübarizə aparanlar isə kifayət qədər gücə malik oliqarx-məmurlardır. Bu sırada nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, spiker Oqtay Əsədovun adlarını çəkmək olar. Lakin indiki halda bu şəxslərin hər hansı birinin baş nazir təyin edilməsi iqtidarda dəngəni poza bilər. Çünki adıçəkilən şəxslər rəqib qruplaşmaları təmsil edirlər. Ona görə də Artur Rəsizadə indiyə qədər toxunulmaz qalıb. Lakin görünən odur ki, artıq bu toxunulmazlığın sonu çatmaq üzrədir.
Hikmət