45 dərəcə istidə ikiqat işgəncə

Bakının küçələrində fəhlələrin belə istilərdə işləməsi adi hal alıb

Isti yay günlərində paytaxtın küçələri yenidən qazılmağa başlanılıb. Plansız və nizamsız aparılan bu yenidəqurma şəhərdə böyük tıxaclar əmələ gətirir ki, bu da sürücülərdə və sərnişinlərdə əsəb gərginliyinə səbəb olur.
Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) hər yerdə “Müvəqqəti narahatlığa görə üzr istəyirik” plakatı assa da, nə işləyən fəhlələrin, nə də həmin ərazidə yaşayan sakinlərin narahatlığı müvəqqəti olur.

Xüsusilə Yasamal rayonunda qazıntı işləri daha geniş miqyas alıb. Şərifzadə, General Akim Abbasov, Həsən bəy Zərdabi küçələrində və Mətbuat prospektində yollar qazılıb. Asfalt örtüyünün yenilənməsi Yasamal Rabitə Qovşaşının qarşısından Nəsrəddin Tusi adına Klinikaya qədər uzanır.
Iki aydan artıqdır ki, Şərifzadə küçəsi iflic vəziyyətdədir. Artıq ərazi mühasirəyə alınıb və piyadaların hərəkəti üçün yer saxlanılmayıb. Küçənin metronun “Inşaatçılar” stansiyası ətrafındakı hissəsini isə səyyar satıcılar zəbt edib.

Təmirə dayanmış küçələrdə qazıntı işləri aparılsa da, hələlik tikinti prosesi gözə dəymir. General Akim Abbasov küçəsi az qala səngərə çevrilib və prosesin nə zamana yekunlaşacağını təsəvvür etmək çətindir.

Qeyd edək ki, Şərifzadə, Akim Abbasov, Zərdabi küçələrinin və Mətbuat prospektinin eyni vaxtda təmirə dayanması nəqliyyatın hərəkətini iflic edib. Bu küçələr bir-birinə bağlıdır. Bütün küçələrin eyni vaxtda bağlanması insanların səbrini daşırır. Getməyə yol tapa bilməyən sürücülər də avtomobillərini əks istiqamətdə hərəkət etdirməyə məcbur olurlar ki, bu da nəticədə…

Ən dəhşətlisi isə istinin bu cırhacırında fəhlələrin asfaltı qazması, yeni yolun çəkilməsidir. Başlarında adi bir kepka olmayan fəhlələr dayanmadan işləyirlər. Onlarla söhbət zamanı məlum oldu ki, istirahət edə bilməzlər. Bəzilərinin əynində BŞIH sözü yazılmış gödəkçələr var, bəziləri isə bundan da məhrumdur.
Hacıbala Abutalıbov isə “müvəqqəti narahatlığa görə” üzr istəməklə işini bitmiş sayır…

Nəqliyyat naziri Ziya Məmmədovun xaricdən gətirdiyi, dayanacaqlarda quraşdırılan havanın hərarətini ölçən cihazda ötən gün havanın istiliyinin 45 dərəcə olduğu göstərilmişdi. Ancaq buna baxmayaraq Yasamalda olduşu kimi, Bakının hər yerində fəhlələr günün günorta çağı işləyirdilər.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, buna görə məsuliyyəti işəgötürən daşıyır: “Işçilərin sağlamlığına zərər vura biləcək əmək şəraitində onları işlətmək qadağandır. Işçi bundan imtina edə bilər. O ki, qaldı isti havada işləmək və normadan yüksək temperaturda çalışmaq, işəgötürən 41 dərəcə temperatur olanda işi dayandırmalıdır. Iş dayandırıla bilmirsə, yəni işin ahəngi, istehsalat xarakteri buna imkan vermirsə, onda işəgötürən əlavə tədbirlər görməlidir. Məsələn, kənarda çətirlər qurşadırmalıdır, tez-tez fasilələr verməlidir, sərinləşdirici içkilərlə işçiləri təmin etməlidir. Çünki işçiləri gün vurması sonda ağır nəticələrə gətirib çıxara bilər. O yerdə ki, temperaturu süni surətdə tənzimləmək mümkün deyil, işəgötürən bu tədbirləri görməlidir. Görmürsə, onda işçisinə qul kimi baxır…”.

Ramin DEKO