“Tələsik qərar verilmiş zəif aksiyalar yox, kütləvi və davamlı aksiyalar keçirməliyik”
Ictimai Palatanın ötən sessiyasında Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı qurumu silsilə aksiyalar keçirməyə çağırıb. A.Hacılı hesab edir ki, hazırkı resurslara uyğun aksiyalar keçirib real nəticələrə nail olmaq lazımdır: “Imkan nəyə çatır ona uyğun da aksiyalar keçirilməlidir. Təbii ki, bizim 1989-cu ildə olduğu kimi nəhəng aksiyalar keçirmək imkanımız yoxdur. Mövcud siyasi şərait buna imkan vermir. Ancaq biz resurslarımıza uyğun olan tədbirlər həyata keçirməliyik.
Yüz adamımız varsa, yüz adamla fəallıq eləməliyik, 1000 adamımız varsa, 1000 adamla fəallıq göstərməliyik. Məsələn, biz şəhərin mərkəzində mitinq keçirməyə nail ola bilmiriksə, ”Dərnəgül” metrostansiyasının yaxınlığındakı meydanda mitinq keçirməyə nail olmalıyıq və bunun üçün mübarizə aparmalıyıq. Bunun üçün yalnız bəyanat verməklə, yalnız Hacıbala Abutalıbova müraciət etməklə kifayətlənməməliyik. Biz addım-addım vəziyyətin dəyişməsinə, heç olmasa ilkin olaraq xırda-xırda nəticələrə nail olmalıyıq. Əgər belə bir fəallığımız olsa, real nəticələrə nail olsaq, Azərbaycan cəmiyyəti həm bizə, həm də bütövlükdə Azərbaycanda ciddi siyasi dəyişikliklərin olacağına inanacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirir ki, indiyə qədər keçirilən aksiyaların əsas donorlarından biri Azərbaycan Xalq Cəbhəsi Partiyası olub. Aksiyalarda həbs olunanların əksəriyyətini də AXCP fəalları təşkil edib: “Bu baxımdan AXCP kütləvi aksiyaları, etiraz mitinqlərini rejimə qarşı mübarizədə əsas vasitələrdən biri kimi qəbul edərək bu prosesin daha ciddi hazırlanmasına və davamlı şəkildə həyata keçirilməsinə tərəfdardır. Avtoritarizmə qarşı mübarizə təcrübəsi onu göstərir ki, məhz kütləvi aksiyalar olmadan, cəmiyyəti siyasi proseslərə kütləvi səfərbər etmədən rejim dəyişikliyinə nail olmaq çox çətindir. O baxımdan kütləvi aksiyalara daha məsuliyyətli yanaşmağın tərəfdarıyıq. Qarşıdan gələn dönəmdə də Ictimai Palata tərəfindən keçiriləcək aksiyalar daha ciddi hazırlanmalıdır. Tələm-tələsik, hazırlıqsız aksiyalara qərar vermək olmaz. Ötən dövrün təcrübəsi göstərdi ki, kifayət qədər kütləvi olmayan aksiyalar həm Ictimai Palatanın təşkilatlanmasına, həm Azərbaycan cəmiyyətinin siyasi proseslərə səfərbər olmasına ciddi təsir göstərmir”.
F.Qəhrəmanlı onu da bildirir ki, aksiyalar zəif alınanda hakimiyyətin repressiyaları və aqressiv siyasi kursunun davamı üçün şərait yaranır: “Qarşıdakı dönəmdə bizim kütləvi aksiyalara münasibətimiz onunla şərtlənir ki, bu aksiyalar ölkədə köklü dəyişikliklər üçün keçirilməli və davamlı olmalıdır. Aksiyaların məqsədi sadəcə olaraq hansısa tələbləri diqqətə çatdırmaq və ya müxalifətin varlığını göstərmək üçün olmamalıdır. Bu baxımdan 100-150 nəfərlik aksiya ölkədə dəyişikliklərə gətirib çıxara bilməyəcək. Bizim Ictimai Palatada səsləndirdiyimiz fikirlər də ona əsaslanır ki, kiçik miqyaslı, kütləvi olmayan aksiyalarla ölkədəki vəziyyəti dəyişə bilmərik. Ona görə də Ictimai Palatanın isti yay günlərində tələm-tələsik aksiyalar keçirməsinə lüzum yoxdur. Qarşıdakı aksiyalara daha ciddi hazırlaşmalı, onların daha güclü, daha davamlı olmasını təmin etməliyik. Bu da ciddi hazırlıq prosesi tələb edir. Zəif, tələsik qərar verilmiş aksiyalar yox, kütləvi və davamlı aksiyalar keçirməliyik”.