Tamahın bərbad qoyduğu Cəlilabad

Rayonda qəbirisitanlıq üçün nəzərdə tutulan torpaqları da satırlar

Adı ilə paradoks olan rayonlardan biri də Cəlilabaddır. Rayonun siması bərbadlığı andırsa da, abadlıq adını bəhanə edib bu yerlərdə də büdcə pullarına divan tutulub.
AzTV-yə görüntü çəkmək üçün əlbəttə, burda da bəzi işlər görülür. Məsələn, biz rayondan reportaj hazırladığımız vaxt, mərkəzdə Heydər Əliyevin adını daşıdığı deyilən bağda təmir işləri gedirdi.

Fəhlə müəllimlər

Bu işə cəlb edilənlər isə, nə qədər qəribə də olsa, rayonun təhsil şöbəsinin işçiləri idi. Onlara rəhbərliyi direktorlar  edirdi. Qəribə burasıdır ki, bu adamlar faktiki məzuniyyətdə olmalıdırlar. Yəni onların iməcilik adı ilə də burda işlədilməsi əsas nədir, heç bəhanə də ola bilməzdi.
Bizim çəkiliş apardığımızı görən fəhlə-müəllimlər “qardaş, çəkin, çəkin. Çəkin bizim nə günlər yaşadığımızı hamı görsün” deməkdən özlərini saxlamadılar.

Hər yan Heydər Əliyev

Cəlilabad rayon mərkəzinə düşəndə adam az özünü yanıltmaclar aləmində hiss edir. Üzünü sağa-sola, şərqə-qərbə çevir, xeyri yoxdur, hər yan Heydər Əliyevi xatırladır: Heydər Əliyev seyrəngahı, Heydər Əliyev parkı, Heydər Əliyev yaradıcılıq mərkəzi, Heydər Əliyev prospekti…

Bahalı dirəklər, kasıb əhali

Şəhərin mərkəzində yeni işıq dirəkləri də quraşdırılır. Insanları bu bahalı dirəklər çox qıcıqlandırır. Bu isə səbəbsiz deyil. Adamlar deyir: biz 5-10 manatlıq işıq pulunu verə bilmədiyimiz halda qiyməti 4 min manat olan bu dirəkləri bizim üçün gözdağı üçün qururlar?”.
Işsizlik rayonun ən ciddi problemi olaraq qalır. Əsasən aqrar təsərrüfatla məşğul olan əhali kənd təsəffüratına dövlət diqqətinin son dərəcə aşağı olmasından narazıdır. Onlar deyir ki, min bir zəhmət bahasına becərdikləri məhsulları da satmağa nə daxili bazarda yer tapırlar, nə də onları xaricə çıxarmağa imkan verilir.

Çörəkçinin çörək qazananlara qənim kəsilməsi

Azərbaycanda məşhur olan “çörəyi ver çörəkçiyə, beşini də artıq” məsəli Cəlilabadda hərfi mənada süquta uğrayıb. Rayonun icra başçısı Əziz Əzizov bu vəzifəyə taxıl biznesindən gəlib. 6 illik rəhbərliyi boyunca isə bu adamın işi insanların çörəyinə dəymək olub.
Rayon əhalisi arasında o, qabaqlar “ətir Əziz” kimi ad qazanıb. Bu adı ona ətriyyat biznesindəki səriştəsi nəsib edib. Indi isə Əziz müəllimi hamı öz aralarında “şərik Əziz” kimi çağırır. “Şərik Əziz” ifadəsi isə başçının biznes ehtirasını cilovlaya bilməməsindən törəyib. Yerli sakinlər deyir ki, harda ən xırda gəlir gətirən obyekt yaradırsan yarat, Əziz müəllim bir nəcib insan kimi onun xeyir-duasın verir, lakin ardınca “şərik olacağıq” diqtəsini edir.

Qəbirstanlığı da sata bilirlər

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov kimi himayədarı olduğundan başçı rayonda dəyər-dəyməzi olan əksər obyektə əl qoyub. Cəlilabadlılar deyir ki, daha satmağa bir şey qalmadığından, pul qazanmaq şövqü isə ölmədiyindən başçı ağlagəlməz yerləri satışa çıxarıb. Bildirilir ki, rayonun şimal hissəsində qəbiristanlıq üçün nəzərdə tutulan ərazi pay torpağı kimi vətəndaşlara satılır. Bununla yanaşı, rayon təhsil şöbəsinin qarşısı, uşaq bağçalarının əraziləri, avtobus dayanacaqları da kommersiya obyektləri yaratmaq üçün satılıb.

Almaniyaya səmimi nifrət

Rayonun 1 və 8 saylı məktəblərinin qarşısındakı mənzərə də gərək çoxları üçün adi sayılmasın. Məktəbin düz önündə müasir üslubda tikilən dükanlarda şərab məhsulları satılır.
Cəlilabadlılar deyir ki, insafən bir neçə aya qədər həmin dükanların profili başqa olub. Məsələn, 1 saylı məktəbin önündəki dükan “Alman malları” adlanıb və orda şərabdan başqa hər şey satılıb. Lakin Azərbaycan hakimiyyətinin Almaniya ilə başladığı soyuq müharibə dükanın müqəddəratını həll edib. Siyasi sayıqlığını itirməyən başçı Alman adını da, ordan asdığı bayrağı da tullayaraq məktəbin önündə meyxana yaratmağı üstün bilib.

Natiq