Ramiz Mehdiyevin adı ətrafında böyük oyun

ramiz mehdiyevYaxud PA rəhbərinin 2013-də prezidentliyə namizəd olması kimə lazımdır?

İlham Əliyevin 2013-cü ildə keçirələcək prezident seçkisi ilə bağlı qəti mövqe bildirməməsi bu mövzu ətrafında müxtəlif mülahizələrin meydana gəlməsinə səbəb olub. Ölkə başçısının hələ ötən il “Əl-Cəzirə” telekanalına müsahibəsində 2013 seçkiləri barədə qeyri-müəyyən danışarkən “Azadlıq” hakimiyyət daxilində ciddi təlatümlərin yaşandığını yazmışdı.
Hakimiyyət mətbəxindən sızan konkret informasiyaların təhlili o qənaəti yaradırdı ki, iqtidardakı “Naxçıvan qruplaşması” 2013-də də Ilham Əliyevə alternativ görmür. Və Ilham Əliyevin üçüncü dəfə prezidentliyə sürüklənməsi təbii ki, “Naxçıvan qruplaşması”nın özünü qoruma instinktindən irəli gəlir. Çünki iqtidardakı başqa bir qruplaşmanın – Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra önə çıxan və “Naxçıvan” qruplaşmasına əks qütbdə dayanan Paşayevlərin hakimiyyəti tam ələ keçirməsi təhlükəsi yaranıb. “Naxçıvan qruplaşması” Ilham Əliyevin məlum qeyri-müəyyən açıqlamasını bu təhlükənin simptomları hesab edirdi. Bu baxımdan da “Naxçıvan qruplaşması”na daxil olan hakimiyyət təmsilçiləri bu müsahibədən sonra “YAP-ın vahid namizədi Ilham Əliyev olacaq” şəklində bəyanatlar verməyə başlamışdı. Ekspertlər bunu Ilham Əliyevə təzyiq kimi dəyərləndirirdi. Bu bəyanatlar hələ də davam edir, amma ölkə başçısı hələ ki, 2013-də namizəd olub-olmayacağını açıqlamağa tələsmir. Əvəzində növbəti prezident seçkisində Paşayevlərin namizədinin önə çıxacağı barədə ehtimallar möhkəmlənir.
Hakimiyyət daxilində 2013-lə bağlı suların bulanıq olduğu bir dönəmdə “Yeni Müsavat” qəzeti kifayət qədər maraqlı yazı dərc edib. Həmin yazıda 2013 seçkisində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin namizədliyinin irəli sürüləcəyi bildirilir. Hakimiyyətiçi məlumatlar və mülahizələr əsasında hazırlanan bu yazı Ramiz Mehdiyevin adının nədən gündəmə gətirilməsi ilə bağlı bir sıra versiyalara yol açıb.
Ilk ağla gələn versiya ondan ibarətdir ki, PA rəhbərinin adının gündəmə gətirilməsi bütövlükdə hakimiyyət tərəfindən razılaşdırılmış şəkildə atılan addımdır. Məqsəd 2013-lə bağlı iqtidarda yaşanan təlatümün genişlənməsinin qarşısını almaq, narahatlıq içində olan “Naxçıvan qruplaşması”nı arxayın salmaq (Ramiz Mehdiyev bu qruplaşmanın əsas liderlərindəndir), mərkəzdənqaçma riskini azaltmaq ola bilər.
Belə məlumatların Ramiz Mehdiyevin özü tərəfindən dövriyyəyə buraxılması başqa bir versiyadır. Bu versiyaya görə PA rəhbərinin bu addımı komandasını ətrafında saxlaya bilməyə, eyni zamanda bununla Ilham Əliyevə təzyiq göstərməsinə hesablanıb.  
Üçüncü versiya Rusiya ilə bağlıdır. PA rəhbəri iqtidarda həm də rusiyapərəst qüvvələrin təmsilçisi kimi tanınır. Son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaranması, Putin adminstrasiyasının Ilham Əliyevə əvvəlki tək sıcaq yanaşmaması müşahidə edilir. Ona görə də düşünmək olar ki, Rusiya Ramiz Mehdiyevin namizədliyi məsələsini gündəmə gətirməklə Ilham Əliyevə təzyiq göstərir.
Növbəti, sonuncu versiya isə Ramiz Mehdiyevin sadəcə rəqibləri tərəfindən hədəfə gətirilməsi ilə bağlıdır. Yəni, mümkündür ki, iqtidar daxilində 2013-lə bağlı yaranmış ziddiyyətlərin kəskinləşdiyi bir dönəmdə rəqibləri PA rəhbərinin prezidentliyə iddialı olması rəyini yaratmaqla onun “vurulması”nı təmin etməyə çalışırlar.
Istənilən halda görünən odur ki, hakimiyyət 2013-cü illə bağlı ciddi narahatlıq içindədir.        

Analitik şöbə