Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Kürən dustaq məndən siqaretin falqasını və selofanını istədi. Çıxarıb verdim. O, cibindən üç-dörd dənə pul çıxartdı. Cəmi 40-50 manat olardı. Bunları səliqə ilə büküb “şponka” düzəlti. Sonra yenə də məni qiyabi tanıyan gənc dustaqla söhbətləşməyə başladı. Söhbətindən belə başa düşülürdü ki, Ukraynada həbsxanada olub. Çox gözüaçıq danışırdı – cinayət aləminin cikini-bikini bilən diribaş adam kimi…
Bir an söhbətinə ara verib “Voronok”un baş tərəfinə keçdi. Oturub durmağı ilə bayaqkı “şponka”nı özünə yeritməyi bir oldu. Məni qiyabi tanıyan dustaq, “Itirdin?”, – deyə soruşdu. “Hə, yox elədim”, – cavabını verdi.
Bir neçə dəqiqə sonra mənə tərəf əyildi:
– Üstündə pul var?
– Mən başqa yerimdə pul saxlamıram, – dedim.
Kürən gözümdən düşmüşdü. O, əl çəkmədi:
– Bilirsən, “it”ə pul vermək “padlo”dur. Zona girəndə “şmon” olacaq. Pulunun az qala yarısını əlindən alacaqlar. Əgər babat pulun varsa, ver, “itirim”. Içəri keçən kimi qaytararam”.
– Narahat olma, – dedim. Mən itə-qurda pul verəcək adam deyiləm. Həm də bir neçə manata görə özümü korlamaq fikrim də yoxdur.
Cavab sərt oldu. Kürən başa düşüb əl çəkdi.
“Voronok” öskürüb dayandı. Çöldə dəmir qışqırtısının səsi gəldi. Bir-iki dəqiqə sonra maşın yenidən tərpəndi və bir az da gedib dayandı. Konvoylar maşını əhatəyə aldılar. Qapılar açıldı. Bağırtı səsləri gəlməyə başladı: “Düşün! Bir-bir! Tez! Burada sıraya düzülün! Çantaları qarşınıza! Sıra ilə!”
Mən axırıncı düşdüm. Maşının qarşısında 17-18 nəfər yan-yana cərgə ilə düzülmüşdü. Mən də cərgənin axırında dayanıb çantamı qarşımda yerə qoydum. Naryad adları bir-bir oxuyub dustaqları öz qovluqları ilə birlikdə həbsxananın nəzarətçilərinə təhvil verirdi. Nəhayət, təhvil-təslim başa çatdı. Bizi daha bir qapıdan keçirib dar, uzun bir həyətə saldılar. Həyətin uzunu boyu dəmir qapılı və dəmir barmaqlıqlarla bərkidilmiş 3 nəhəng pəncərəsi olan uzun bir dam vardı. Həyətin baş tərəfində ensiz dəmir qapı vardı və həmin qapının üzərinə sarımtıl-qəhvəyi hərflərlə “Cərimə təcridxanası” sözləri yazılmışdı.
Dörd metr eni, qırx metrə qədər uzunu olan bu həyətdə, damın qarşısında cərgə ilə düzüldük. Yenə də çantalar qarşımızda. Əmr gəldi ki, çantaların ağzını açaq.
Hər üç-dörd nəfəri bir serjant yoxlayacaqdı. “Mənim serjantım” yekəpər, uzun birisi idi. Qarşımda dayanıb diqqətlə və acıqla məni süzdü. Birdən nəsə tapmış kimi gözləri parıldadı:
– Çıxar, ə, bunu başından!
Başımda beysbol kepkası vardı. “Çıxar, deyirsən, çıxarım də, ta niyə bu qədər qəzəblənirsən”, – dedim və kepkanı çıxarıb çantanın üzərinə qoydum. Amma açığı, bu serjant mənim vecimə də olmadı. Diqqətimi daha çox məndən iki-üç nəfər o tərəfdə dayanan, zəhmindən asfaltın da yarıla biləcəyi bir dustaq çəkdi. Beləsi ilə…
Bu arada, bizim daxil olduğumuz darvazadan iki nəfər həyətə keçdi. Biri kök, o biri isə yenicə kökəlməyə başlayan adam idi. Kökəlməyə başlayan adam cərgənin qarşısı ilə keçib geriyə döndü. Baş tərəfdə dayandı. Birdən arxaya baxıb darvazanın tinində əlində elektrik başqırxanı tutmuş dustağa baxdı:
– Sən nə qələt eləyirsən burada? – deyə acıqla soruşdu.
– Rəis, başları qırxılmayacaq? – dəllək qorxaq səslə izahat vermək istədi.
– Cəhənnəm ol, burdan!
Dəllək cəhənnəm oldu. Rəis üzünü serjantlara tutub dəlləyə nisbətən yumşaq acıqla:
– Başlayın! – dedi və getdi.
Serjantlar yoxlamanı başa çatdırdılar və biz qarşısında düzüldüyümüz damın içinə “dəvət” edildik. Amma onu da deyim ki, “kürən”in özünə “şponka” yeritməsi əhəmiyyətini itirdi. Serjantlar heç kimin pulunu əlindən almadılar. Yalnız bir nəfərdən başqa. Bu bir nəfər isə sifətindən iddia yağdığını dediyim balaca boylu, arıq dustaq idi. Deyəsən, onu burada hamı tanıyırdı. Görünür, birinci dəfəsi deyildi. Buna görə də onu bizdən ayırıb dərhal zona ötürdülər. Amma pulunun da nə qədərinisə aldılar.
Biz, başı qırxılmamış yeni dustaqlar karantinə doldurulduq. Burası uzun bir yer idi. Damın içərisi dəmir barmaqlıqla iki yerə ayrılmışdı. Bir tərəfdə 50-yə qədər çarpayı vardı. Orası bağlı idi. Bu biri tərəfdə isə uzun stol, küncdə iri bir soyuducu, baş tərəfdə, hətta isti suyun gəldiyi hamam və tualet vardı. Vəssalam. Biz qanunla iki həftə burada qalıb zona adaptasiya mərhələsi keçməli, bu müddət ərzində isə əməliyyat şöbəsi bizim sənədlərimizi araşdırıb cinayətkar kimliyimizi süzgəcdən keçirməli idi. Amma karantində yerləşəndən dərhal sonra da həmin süzgəc əməliyyatına yardım məqsədilə və ya əyani vəsait kimi bizi idarə binasına apardılar. Burada hamını bir-bir vəzifə sahibi sayılan bütün adamların kabinetlərindən hərləyib keçirdilər, oradan isə zonun təsərrüfat həyətinə saldılar. Burada biz, təxminən, bir saat dünyanın ən lazımsız işlərindən biri ilə məşğul olmalı idik. Həyətin bir küncündə divarın dibinə qalaqlanmış qırıq hörgü daşlarını götürüb beş-altı metr o tərəfə yığmalı idik. Bizi rejim hissəsinin əməliyyatçısı kimi təqdim edilən Mais müşayiət edirdi. Mais təqribən 40-45 yaşlı dolubədənli, hündürboy deyilə biləcək qara mayor idi. Biz təsərrüfat həyətinə çatanda Mais məni kənara çəkdi:
– Müəllim, sizin bu işlə məşğul olmağınıza ehtiyac yoxdur, – dedi.
Mən etirazsız-filansız kənara çəkilib bir daşın üzərində əyləşdim.
Bu daş əməliyyatı ölkənin bütün həbsxanalarında tətbiq edilir. Buna “sındırma əməliyyatı” da deyilir. Cinayət aləminin qaydalarına görə, “stremlyaqa” “it”in sözü ilə işləməməlidir. Hətta işgəncə versələr də, “kars”a soxsalar da, bunu etməməlidir. Ona görə də zona gələn dustaqları əvvəlcə bu zəruri ritualdan keçirirlər ki, “stremlyaqa”ların olub-olmadığını müəyyənləşdirsinlər. Əgər “stremlyaqa” aşkar edilirsə, onu “kars”a bağlayırlar, sonra “PKT” deyilən qapalı kameraya köçürürlər. Iki-üç ay da burada saxlayandan sonra “rejim qaydalarını ardıcıl olaraq pozan” dustaq kimi təkrar məhkəmə keçirib onun rejimini dəyişirlər və cəzasını qapalı həbsxanada keçmək üçün Qobustana yollayırlar.
Bizim dəstədə “stremlyaqa” aşkar edilmədi, buna görə də proses tez başa çatdı və karantinə qayıtdıq…
ardı var