Prezident xalqdan üzr istədi

Cənubi Koreya rəhbəri qardaşının əməllərinə görə utandığını dedi

Cənubi Koreya prezidenti Li Mun Bak xalqa ənənəvi müraciətində ölkəsindəki korrupsiya hallarına toxunub. Prezident xalqını belə xoşagəlməz hallara görə narahat etdiyi üçün üzr istəyib. O, qardaşının da qatıldığı korrupsiya əməllərindən dərin üzüntü keçirdiyini və utandığını söyləyib:“Mənə çox yaxın olan insanların arasında belə xoşagəlməz hadisələrə qoşulmasına çox üzüldüm”.

Xatırladaq ki, Cənubi Koreya prezidentinin böyük qardaşı Li San Duk korrupsiya iddiasıyla bu ayın əvvəllərində həbs olunmuşdu. Prokurorlar prezidentin 76 yaşlı qardaşının çətin vəziyyətdə olan iki bankın rəhbərlərinin işlərinin yoxlanılması və həbs olunmasını əngəlləmək qarşılığında həmin şəxslərdən 525 milyon dollar rüşvət aldığını sübuta yetiriblər.

Yaşanan qalmaqalın Li Mun Bakın lideri olduğu Mühafizəkarlar partiyasına bu ilin dekabrında keçiriləcək parlament seçkilərində ciddi problem yaradacağı deyilir.
Ekspertlər hadisənin prezidentin ikinci dəfə ölkə başçısı seçilməsinə də maneə yaradacağını iddia edir.