Buzovnaya İraqdan kürdlər köçürülür

Köçürülən bir neçə ailənin yerli əhali ilə ciddi qarşıdurmada olduğu bildirilir

Buzovna qəsəbəsinə kürd ailələrinin köçürülməsinə başladılıb. Bu barədə informasiyanı “Hürriyyət” qəzeti son sayında dərc edib. Qəzetə məlumatı verən mənbə qəsəbədə bundan əvvəl də kürd ailələrinin yaşadığını bildirsə də, budəfəki köçün tam başqa məqsəd daşıdığını vurğulayıb. Budəfəki köç siyasəti qəsəbənin əhalisinin nüfuzuna ciddi təsir edə bilər.
Qəzetin yazdığına görə, Buzovnada bundan əvvəl yaşayan kürd ailələri hakimiyyətin onlara verdiyi imtiyaz nəticəsində bu ərazidə sözün əsl mənasında ağalıq edir. Amma son günlər müşahidə olunan kürd ailələrinin köçü onların ən baxımlı ərazilərdə yerləşdirilməsi, təsərrüfatla təmin edilməsi ilə nəticələnir. Məskunlaşdığı ərazilərdə yerli əhali ilə təmaslardan qaçan, həddindən artıq davakar olan yeni ailələrin haradan köçürüldüyü məlum olmasa da, ilkin ehtimallara görə, bu şəxslər əvvəllər Iraqda yaşayıblar. Köçürülən kürd ailələri yerli əhali ilə yalnız dava və intiriqalar zamanı üz-üzə gəlirlər. Vətəndaşların sözlərinə görə, qaraqabaq, sərt, kobudluq və ləhcələri ilə seçilən bu adamların heç bir qayda və qanuna məhəl qoymaması yerli əhalinin narazılığına səbəb olur.
Hətta gəlmə kürdlərin davranışları ərazidəki dövlət qurumlarını da narazı salsa da, onlar hələ ki, prosesə seyrçi mövqedə dayanırlar. Iş o yerə çatıb ki, bəzi kürd ailələri sahib olduqları market və ictimai iaşə müəssisələrinə kürd liderlərinin adlarını qoymaqdan belə çəkinmirlər. Qəsəbədəki kürdlərin biri ona məxsus olan marketə “Barzani” adını qoyubmuş. Yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarının, icra hakimiyyəti nümayəndələrinin market rəhbərliyi ilə apardığı intensiv danışıqlardan sonra mağazanın adı dəyişdirilib.
Ən dəhşətli məqam isə bundan ibarətdir ki, köçürülən ailələrin PKK ilə əlaqəsi şübhələrinin olmasıdır.
Dünən məsələ ilə bağlı Buzovna qəsəbəsi ilə əlaqə saxladıq. Qəsəbədən bizə verilən məlumatda son günlər həqiqətən də bir neçə kürd ailəsinin Buzovnaya köçürülməsi məlumatı təsdiqini tapdı. Yeni ailələr artıq bir neçə aydır ki, qəsəbənin mərkəzində boş olan evlərə köçürülüblər. Yerli əhali ilə isə köçürülənlərin münasibəti olduqca gərgindir. Bundan başqa, köçürülən kürd ailələrinin birinin sahibi olduğu marketə “Bərzani” adını qoyduğu da təsdiqini tapdı. Yerli sakinlərin çoxsaylı etirazlarından sonra lövhə bir neçə gün marketin üzərində qaldıqdan sonra götürülüb.

Hikmət