Abutalıbovun oğlu iş adamını ofisindən çıxardır

Maqsud Mahmudov: “Məhkəmə 1 ayda 5 dəfə fərqli qərar çıxardı, mən ofisi boşaldacam, ancaq mübarizə davam edir”

Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbovla məhkəmə çəkişməsi olan iş adamı Maqsud Mahmudov icarəyə götürdüyü ofisi boşaldır.
M.Mahmudovla yəhudi əsilli biznesmen Qurban Mahmudov 2009-cu ildə şərikli biznes quraraq Yasamal rayonu, Nazim Hikmət küçəsində ofis icarəyə götürüblər. 2012-ci ilin aprelində həmin ofisə BŞIH-in başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbovun adından basqın olub. Basqınçılar 2 saqqallı şəxs olub. Hər iki şəxs vəhabi təriqətinin ardıcılı kimi danışaraq iş adamlarına məşğul olduqları lombard və zərgərlik fəaliyyətinin dinə zidd olduğunu deməklə ofisi boşaltmalarını tələb ediblər.
Bundan sonra Maqsud Mahmudovun yəhudi əsilli şəriki biznes fəaliyyətinə son qoyaraq ölkədən birdəfəlik gedib.
Iş adamı isə ölkədə qalaraq mübarizəsini davam etdirir. Maqsud Mahmudov deyir ki, iyulun 13-də Yasamal Rayon Məhkəmə Icraçıları şöbəsinə çağırılıb: “Mənə dedilər ki, 1 saylı Inzibati Iqtisadi Məhkəmənin hakimi Şərafət Məmmədova ofisi boşaltmağın haqda qərar verib. Əvvəlcə inanmadım. Çünki həmin o hakim bizim ofisdə qalmağımızın qanuni olduğunu çıxardığı 2 ayrı-ayrı qərarla təsdiqləmişdi. Icraçılar iyulun 16-da yenidən şöbəyə gəlməyimi bildirdilər. Gördüm ki, Hacıbala Abutalıbovun vəkili Ələsgər də ora gəlib. Ələsgər əlindəki qərarı mənə verib dedi ki, ”al, bu da sənə Şərafətin təzə qərarı”. Baxdım ki, Şərafət Məmmədova iyulun 16-da bizim iştirakımız olmadan ofisi boşaltmağımız haqda qərar verib. Halbuki bu hakim iyulun 1-də və 11-də bizim ofisdə qalmağımız haqda qərar vermişdi. Mən onun kabinetində oldum. Onu deyə bilərəm ki, bu məhkəmənin bəzi hakimləri özlərini kolxoz bazarındakı alverçilər kimi aparırlar. Elə eyni iş üzrə 3 fərqli qərarın verilməsi bunun göstəricisidir. Məhkəmənin sədri Museyib müəllimin yanında da oldum. Qanunsuz qərarlara etiraz etdim. Onun da münasibəti Şərafət Məmmədovanın münasibəti ilə üst-üstə düşdü”.
Iş adamı bir işə görə 1 saylı Inzibati Iqtisadi Məhkəməsinin bir həftədə 2, bir ayda beş fərqli qərarın çıxardığından şoka düşdüyünü dedi: “Bu nə biabırçılıqdır? Bir işə görə bir ayda bu qədər fərqli qərar çıxarmaq olar?”.
Maqsud Mahmudov Israfil Abutalıbovla hüquqi müstəvidə mübarizə apardığını və sona qədər mübarizəsini davam etdirəcəyini söylədi: “Məhkəmə qərarı sifarişli olsa da buna hörmət edib ofisdən çıxacam, ancaq Israfil Abutalıbov bunu öz qələbəsi bilməsin. O, Hacıbala Abutalıbovun oğlu olduğu, bu prosesdə adminstrativ resurslardan istifadə edildiyi üçün məhkəmələr belə qərar verib. Israfil Bakı merinin deyil, başqa bir sıravi vətəndaşın oğlu olsaydı, məhkəmələr belə biabırçı qərarlar verməzdi. Mübarizəni kişi kimi, özünə arxayın olmaqla aparmaq lazımdır. Israfil mənim üzərimə vəhabiləri yollayıb ”buranı mayın 1-də tərk etməlisən” ismarıcını çatdırmışdı. Mayın 1-də mən ofisimi tərk etmədim və hüququ müstəvidə mübarizəmi aparıb 3 ay burada dayandım. Üstəlik, mən öz xoşumla məhkəmə icraçısı Pərvizin yanına gedib demişəm ki, iyulun 25-də gəlib ofisin açarlarını məndən götürsünlər. Israfilə də sözüm budur ki, mübarizəni belə aparmırlar. Mənsə Avropa Məhkəməsinə qədər gedib, haqqımı tələb edəcəyəm”.
Iş adamı deyir ki, boşaltdığı ofisin qonşuluğunda daha bir ofis alıb və fəaliyyətini orada davam etdirəcək: “Işimi burada davam etdirəcəyəm. Hacıbala Abutalıbovdan istəyim məhkəmələrin tərəzisini şəxsi maraqları naminə istədiyi tərəfə əyməməsidir. Icarədə olduğum Israfil Abutalıbovun ofisini təmir etmişdim. Təmirə çəkdiyim xərci məhkəmə qaydasında onlardan alacağam”.    

Ramin DEKO