Yaxud Bəşər Əsəd Türkiyədən necə intiqam almaq istəyir
Suriyada kürdlərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrində Bəşər Əsəd rejiminə sadiq əsgərlər geri çəkildikcə PKK və Kürd bayraqları dalğalanmağa başlayır. PKK-nın Suriyada birdən-birə belə gücə necə sahib olduğu isə xüsusən də Türkiyə mediasının cavab axtardığı suallardandır.
Suriyadakı kürd qruplaşmaları necə birləşdi?
Türkiyənin “Vatan” qəzeti mövzuya geniş yer ayıraraq yazır ki, Suriyadakı kürdlər Suriya Kürd Milli Şurası (KNC) adı altında 2011-ci ilin 26 oktyabrında Şimali İraqın Ərbil şəhərində imzalanan razılaşma ilə birləşiblər. Şimali İraq kürd hökumətinin lideri Məsud Bərzaninin vasitəçiliyi ilə bir araya gələn 16 Suriyalı kürd qrupu Abdul Hakim Başarı KNC-nin rəhbəri seçib və birgə hərəkət etməyə qərar verib.
PKK-nın Suriyadakı qolu olan PYD isə KNC ilə müzakirələrdə razılığa gələ bilməyib və müstəqil hərəkət etməyə qərar verib. PYD ilə KNC Əsəd rejimi kürd bölgələrindən çıxandan sonra ortaq mövqeyə gələ biliblər. Afrin, Derik və Kobani kimi böyük kürd şəhərlərində Əsəd rejiminin çəkilməsi ilə rəsmi qurumların binaları üzərindəki bayraqları ortasında günəş olan “Kürdüstan” bayrağı və PYD-nin təşkilat bayrağı yanaşı əvəzləməyə başlayıb. Bundan başqa KNC bəyanat verərək Suriyadakı bütün kürd qrupların artıq “ən kiçik belə ayrılıq olmadan” bir araya gəldiyini elan edib. PYD isə “Xalq Müdafiə Birlikləri” (YPG) adını alaraq KNC-nin silahlı qanadına çevrilib. Daha sonra 2 min PKK silahlısı bu kürd şəhərlərinə yerləşdirilib və nəzarət-buraxılış məntəqələri yaradılıb.
Kürdlər yerli hökumətləri niyə rahat ələ ala bilir?
Kürdlər ələ keçirdikləri şəhərlərdə rəhbərliyi də rəsmi olaraq təhvil aldıqlarını bəyan ediblər. Eyni zamanda kürd bölgələrinin rəhbərliklərini bir əldə toplayan “Yuxarı komitə” və təhsil, səhiyyə, təhlükəsizlik sahələrində fəaliyyət göstərəcək “Aşağı komitələr” yaradıldığı da elan edilib.
Baş verənlərin maraqlı tərəflərindən biri də odur ki, bütün Suriya boyu və paytaxt Dəməşqdə Əsədin qoşunları ilə ağır müharibə aparan Azad Suriya Ordusu da kürd bölgələrinə buraxılmır. Suriyadakı hadisələrin əvvəlindən ölkə müxalifətinin qurduğu Azad Suriya Ordusu hazırda bu bplgədə baş verənləri sakitcə izləmək məcburiyyətindədir. Müxaliflərin Türkiyədə yaratdığı Suriya Milli Şurası ilə KNC arasında aylardır davam edən görüşlər kürdlərin muxtariyyət tələbi üzündən iflasa uğramışdı. Buna görə də müxaliflər kürd bölgələrinə əsgər göndərmək istədikləri zaman KNC-dən “Biz özümüzü qoruyacağıq” cavabını aldılar. Suriya ordusundan qaçan 650 kürd əsgəri də Azad Suriya Ordusuna yox, Ərbilə – Bərzaniyə bağlı hərbi təlim düşərgələrinə üz tutub, orada hazırlandıqdan sonra isə kürd şəhərlərinə göndəriliblər.
Suriyalı kürdlər indi paytaxt olaraq gördükləri Qamışlını Əsəd rejimindən almaq üçün əməliyyata hazırlanır. Bərzaniyə yaxınlığı ilə tanınan kürd qəzeti “Rudau”ya danışan PYD səlahiyyətliləri deyiblər ki, Əsəd rejiminin Qamışlıdakı rəhbərliyi həyatlarının bağışlanması qarşılığında yerli hökuməti kürdlərə təhvil verməyə hazırdır. Bununla belə Əsəd rejiminə bağlı nizami ordunun Qamışlı ətrafında əhəmiyyətli gücü var. Buna görə də KNC-dən bildiriblər ki, Qamışlının alınması bir neçə gün sürə bilər.
Bəşər Əsəd kürdlərin əlilə Türkiyədən qisas almaq istəyir
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debka” saytı kürdlərin yaşadıqları bölgələrdə hakimiyyəti belə asanlıqla ələ almalarını Bəşər Əsədin Türkiyədən intiqam almaq istəyi kimi şərh edib. Saytın yazıdğına görə, Əsəd PKK-nın kürd bölgələrində özünü göstərməsinə bilərəkdən imkan yaradır. “Debka” yazır ki, Dəməşqdə Milli Təhlükəsizlik Mərkəzindəki partlayışla nazirlərini və yaxınlarını itirən Bəşər Əsəd olaya görə Türkiyənin məsuliyyət daşıdığını düşünür və bu səbəbdən də Türkiyəni çətin vəziyyətə salmaq üçün PKK kartından istifadə edir. İddiaya görə Əsədin əsgərləri Kürd bölgələrindən məqsədli şəkildə, hər hansı ciddi hücumə məruz qalmadan çəkilir. Məqsəd Suriyanın Türkiyə ilə sərhəd bölgəsində PKK-ya rahat hərəkət zonası qazandırmaq, bu terror təşkilatın Türkiyəyə hücumları Suriya torpaqlarından rahat koordinasiya edə bilməsinə imkan yaratmaqdır.
azadliq.info