“Mehdiyev namizəd olacaq” xəbərinə YAP-dan reaksiya

“Yeni Müsavat”ın 23 iyul tarixli sayında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin 2013-cü il seçkilərində prezidentliyə namizəd ola biləcəyi barədə yazı dərc edilib. YAP rəhbərliyi buna reaksiya verib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib: “Ramiz Mehdiyev cəmiyyətdə böyük nüfuza malik şəxsdir, amma partiyamızın yeganə namizədi cənab İlham Əliyev olacaq”.

YAP rəsmisi müxalifət qəzetlərində yazılan xəbərləri təkzib edərək bunun həqiqətə uyğun olmadığını vurğulayıb.

“Onlar qəzet deyil, dezinformasiya mənbəyidir. Bu haqda YAP-ın mövqeyi bəllidir. Bizim yeganə namizədimiz partiyanın sədri cənab İlham Əliyev olacaq. Bu barədə partiyanın icra katibi Əli Əhmədov da məlumat verib, PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da. YAP-ın namizədinin cənab İlham Əliyevin olacağı heç kimdə şübhə doğurmamalıdır. Həmin qəzetlər tirajlarını artırmaq, oxucuların diqqətini cəlb etmək üçün müxtəlif xarakterli yalan məlumatlar yayırlar. Hörmətli Ramiz müəllim partiyamızın rəhbərliyindədir, eyni zamanda ölkənin ictimai-siyasi həyatında ən nüfuzlu şəxslərdən biridir. Düşünürəm ki, bu fikirlər həqiqəti əks etdirmir. Bunlar həmin qəzetlərin xəyalından keçən uydurma məlumatlardır” – deyə M.Qurbanlı vurğulayıb.

modern.az