Putin “sel səbəbkarları”nı cəzalandırdı

Təbii fəlakətin baş verdiyi Krımsk şəhərinin rəhbər şəxsləri həbs olundu

Rusiyanın Krımsk şəhərinin meri və keçmiş rayon başçısı, təbii fəlakət zamanı vəzifələrinin icrasında yol verdikləri səhlənkarlığa görə həbs edilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, həbs olunan məmurlar arasında Krımsk rayonu Fövqaladə Halların Xəbərdarlığı İdarəsinin rəhbəri də var.

İddiaya görə, iyulun 7-də baş vermiş daşqınlardan 3 saat sonra təbii fəlakət haqqında məlumatlar yayılsa da, şəhərin xəbərdarlıq sistemi işə düşməyib. Xatırladaq ki, prezident Vladimir Putin təbii fəlakətin baş verdiyi bölgəyə səfəri zamanı keçirdiyi toplantıda günahkarların cəzalandırlılacağını və işinə səhlənkar yanaşanların həbs olunacağını bildirmişdi. Əlavə edək ki, Krımskda baş vermiş dəhşətli daşqınlar 170 nəfərin həyatına son qoyub.