ABŞ-ın Suriya diktatorunu devirmək üçün hazırladığı əməliyyat aşkar oldu
Suriyada gərginlik davam edir. Ölkənin əksər bölgələrində hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlər getdikcə şiddətlənir. Bəşər Əsədin ölkəyə nəzarəti itirməsindən istifadə edən üsyançılar hökumət qüvvələrinə hücumların kəsərini artırıb. Dəməşqin mərkəzi rayonlarında üstünlük üsyançıların tərəfindədir. Müxaliflər hökumət qüvvələrinin hərbi texnikalarını sıradan çıxarır, məskənləşdiyi düşərgələri top atəşinə tutub.
Bəşər Əsəd daxillə yanaşı, əsas xarici dəstəyi Rusiyanı da itirmək üzrədir. Rusiyanın ən aparıcı hava yolları şirkəti “Aeroflot” avqustun 6-dan etibarən Moskva-Dəməşq arasındakı bütün aviareysləri qeyri-müəyyən müddətə qədər təxirə salacağını açıqlayıb. Bu Rusiyanın Suriya ilə əlaqələrini kəsə biləcəyinə işarə kimi də qəbul olunur. “Aeroflot”un sözçüsü tərəfindən yayılan açıqlamada deyilir ki, şirkət Dəməşq səfərlərini təhlükəsizlik səbəbiylə deyil, iqtisadi amillər üzündən təxirə salıb.
Kreml Əsədin arxasından çəkilir
Hava yolları üzrə ekspertlərin fikrincə, “Aeroflot” hava yollarının Suriya səfərlərini ləğv etməsində təhlükəsizlik və siyasi qərar birinci səbəbdir. Çünki Sovet İttifaqı zamanı “Aeroflot” təyyarələrinin bir sərnişini olsa belə Kuba səfərlərini heç vaxt təxirə salmazdı. Siyasi ekspertlər isə iddia edir ki, Rusiya bir ölkə ilə əlaqəsini kəsməzdən əvvəl ilk olaraq “Aeroflot” həmin ölkəyə səfərlərini təxirə salır.
Bir neçə həftə əvvələ qədər devrilməsi çətin görünən Bəşər Əsədin sonu haqqında ciddi müzakirələr başlayıb. Hələb bölgəsindəki müxaliflərin ən böyük silahlı birliklərindən Tövhid Bayrağı Birliyinin komandiri Əbdüləziz Səlame “Anadolu” agentliyinə bildirib ki, Ramazan ayında Əsədi devirmək və iki bayramı birdən qeyd etməyi planlaşdırırlar.
ABŞ-ın gizli planı ortaya çıxdı
Bu arada “The Wall Street Journal” ABŞ-ın Bəşər Əsədin devrilməsini sürətləndirmək üçün gizli əməliyyat keçirdiyinə dair məlumat yayıb. Qəzetin xəbərinə görə, ABŞ hərbi gücdən istifadə etməməklə apardığı əməliyyatda xəfiyyələr və diplomatlar vasitəsilə İrandan Suriyaya silah və neft daşınmasını önləmək, Əsəd rejiminə qarşı çıxan müttəfiqlərinə kəşfiyyat məlumatlarının ötürülməsi strategiyası ilə hərəkət edir.
Əməliyyat çərçivəsində ən əhəmiyyətli addım kimi İraq hava məkanının İran-Suriya arasında uçan təyyarələrə bağlanılması hesab edilir. Rəsmi sənədlərdə təyyarələrlə xüsusi sort çiçəklərin daşındığı iddia edilsə də, ABŞ kəşfiyyatı iddia edir ki, İrandan Əsədin əsgərlərinə silah daşınır. ABŞ bundan başqa Suriyaya silah və neft daşıdığına iddai edən gəmilərin Süveyş kanalından keçidinə də maneə törədir.
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, Maliyyə Nazirliyi və ABŞ ordusunun pərdə arxasındakı bu əməliyyatı Bəşər Əsəd əleyhinə başlanan kampaniyanın göründüyündən daha geniş olduğuna işarədir. Ancaq Obama administrasiyasının və Konqresin bəzi rəsmiləri ABŞ-ın təzyiqinin uğursuz olacağı ehtimalının artdığını düşünür. Əsəddən sonra Suriyada ABŞ-ın söz sahibi ola bilməsi üçün çox gec olduğunu iddia edir.
MKİ agentləri kəşfiyyat məlumatlarını kimlərə ötürür?
Qəzet yazır ki, suriyalı müxaliflər ABŞ rəsmilərinin və MKİ əməkdaşlarının son dövrlər bölgəyə səfərlərinin artdığını təsdiqləyir. Ancaq ABŞ-ın Əsədin hərbi qüvvələrinə hava və dəniz yollarını bağlamaq üçün daha koordinasiyalı bir kampaniya başlada biləcəyini iddia edir.
“The Wall Street Journal” əlavə edir ki, ABŞ-ın son dövrdə artırdığı səyləri nəticəsində suriyalı üsyançılarla yaxın əməkdaşlıq edən Türkiyə və İordaniya ordusuna Suriyadakı hadisələrlə bağlı kəşfiyyat məlumatları da ötürür. Qəzetə danışan rəsmilər ordunun idarə etdiyi peyklərdən və digər izləmə sistemlərindən alınan kəşfiyyat görüntülərində üsyançıların hədəf ala biləcəyi hərbi obyektlər ilə rejimin əlindəki kimyəvi silahların yerlərinin olduğunu bildiriblər.
Bəşər Əsəd Türkiyədən intiqam almaq istəyir
Suriyada kürdlərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrində Bəşər Əsəd rejiminə sadiq əsgərlər geri çəkildikcə PKK və Kürd bayraqları dalğalanmağa başlayır. Türkiyənin “Vatan” qəzeti mövzuya geniş yer ayıraraq yazır ki, Suriyadakı kürdlər Suriya Kürd Milli Şurası (KNC) adı altında 2011-ci ilin 26 oktyabrında Şimali İraqın Ərbil şəhərində imzalanan razılaşma ilə birləşiblər. Baş verənlərin maraqlı tərəflərindən biri də odur ki, bütün Suriya boyu və paytaxt Dəməşqdə Əsədin qoşunları ilə ağır müharibə aparan Azad Suriya Ordusu da kürd bölgələrinə buraxılmır.
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debka” saytı isə kürdlərin yaşadıqları bölgələrdə hakimiyyəti belə asanlıqla ələ almalarını Bəşər Əsədin Türkiyədən intiqam almaq istəyi kimi şərh edib. Saytın yazdığına görə, Əsəd PKK-nın kürd bölgələrində özünü göstərməsinə bilərəkdən imkan yaradır. “Debka” yazır ki, Dəməşqdə Milli Təhlükəsizlik Mərkəzindəki partlayışla nazirlərini və yaxınlarını itirən Bəşər Əsəd olaya görə Türkiyənin məsuliyyət daşıdığını düşünür və bu səbəbdən də Türkiyəni çətin vəziyyətə salmaq üçün PKK kartından istifadə edir. İddiaya görə Əsədin əsgərləri Kürd bölgələrindən məqsədli şəkildə, hər hansı ciddi hücumə məruz qalmadan çəkilir. Məqsəd Suriyanın Türkiyə ilə sərhəd bölgəsində PKK-ya rahat hərəkət zonası qazandırmaq, bu terror təşkilatın Türkiyəyə hücumları Suriya torpaqlarından rahat koordinasiya edə bilməsinə imkan yaratmaqdır.
Suriya kimyəvi silaha əl ata bilər
“Ölkəyə xarici hərbi müdaxilə olarsa, Suriya kimyəvi silah tətbiq edə bilər”. Bu haqda Suriya XİN-i bildirib. Nazirliyin əmsilçisi Cihad Makdisi deyib ki, ölkəyə xarici hərbi müdaxilə olarsa, Suriya kimyəvi silah tətbiq edəcək.
Bu ayın əvvəlində müxalifət sırlarına keçən Suriyanın Bağdaddakı sabiq səfiri Nəvaf Fares Əsəd rejiminin çarəsiz qalacağı təqdirdə, kimyəvi silah tətbiq etmə niyyəti haqda xəbərdarlıq etmişdi.
Avropa Birliyindən rejimə əlavə sanksiyalar
Ötən gün Avopa Birliyi (AB) Suriya hakimiyyətinə qarşı yeni sanksiyalar paketini qəbul edib. Quruma üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında qəbul olunmuş qərarda AB-nin ərazisindən keçən və limanlardan istifadə edən gəmilərin silah daşıyıb-daşımadığını müəyyənləşdirmək məqsədiylə axtarışların aparılması nəzərdə tutulur. Eyni zamanda Suriyaya uçan təyyarələr də AB-yə üzv ölkələrin hava limanlarında yoxlanılacaq.
Turan