Dünən bütün diqqətlər bir məkana dikilmişdi. Səbəbsiz deyildi. Tüstüsü təpəsindən çıxan yerə – Heydər Əliyev Mərkəzinə diqqət kəsilməməkmi olardı? Hələ xeyli qabaqlar hakimiyyət özü bu məkana diqqət kəsilmək üçün neçə-neçə ailəni yurd-yuvasından eləmişdi.
Əslində o binaların sökülməsinə heç ehtiyac yox idi. Köhnə, sovet vaxtında tikilən bu daş binalar tikinti gedən mərkəzdən xeyli aralıdaydı. Onların həmin əraziyə heç bir aidiyyəti yoxdu. Sadəcə ona görə sökdülər ki, aeroportdan mərkəzə gələn qonaqlar (rəsmi, qeyri rəsmi) yoldan keçəndə Heydər Əliyev Mərkəzini yaxşı görsünlər. Qısa zamanda dağıtdılar adamların ev-eşiyini. Bəziləri deyə bilər ki, onlara ev də veriblər, kompensasiya da. Söhbət pulda deyil. Adam illərlə yaşadığı yerə bağlanır. Həm də möhkəm bağlanır. Lap şərait yaxşı olmasa belə öyrəşir. Məhəlləyə, ağaclara, daşa-divara. Qonşulara. Hər şeyi pulla ölçən korrupsionerlər belə şeyləri duymaz. Pula hərislik o adamlarda Vətənə, torpağa, daşa-divara, ağaclara, həm də insanlara sevgini öldürür.
Illərdir beləcə adamları doğulduğu yerlərdən deportasiya etməklə məşğuldurlar. Nalələr ərşə dirənir. Bunun bir sonu olmalıydı axı. Artıq yanğın faktı ilə bağlı cinayət işi açılıb. Indi komissiya da yaradılacaq, səbəblər axtarılacaq. Nədən baş verib? Arsız-arsız hələ bunu araşdıracaqlar da. Yanğına səbəb axtaranlara bir mahnıda yaxşıca cavab verilib, yada sala bilərəm: …Ahı yandırdı, yandırdı…
Ölkədə cənubdan şimala, şərqdən qərbə adamların başına gətirdiklərinizin fərqindəsinizmi? Sizin 1 milyard dollara tikdirdiyiniz həmin binanın başından çıxıb paytaxtı bürüyən tüstü neçə illərdir adamların təpəsindən çıxır. Sadəcə siz o tüstünü, yanğını görmək, söndürmək istəmirsiniz.
Deputat Fuad Muradov yanğınla bağlı sosial şəbəkələrdə gedən müzakirələrdən narahat olub: “Sosial şəbəkələrdə bu hadisəni sevinclə qarşılayanları anlaya bilmirəm, burda sevinməli nə var?”. Doğrudan sevinməli heç nə yoxdur. Nə boyda pulumuz batdı. Büdcədən, yəni həmin sevinən vətəndaşların cibindən 1 milyard dollar silmişdilər. Indi də təmir adıyla neçə yüz milyonsa yenidən siləcəklər. Adamların bu yeyintilərin qarşısını almağa gücü çatmır, səslərini eşidən, sözlərini deyən yoxdur. Nə deputat seçə bilirlər, nə prezident. Seçmədikləri adamlar da heç bir şikayət-filan nəzərə almır. Hətta deputatlardan bəziləri şikayətçilərə açıq-aşkar “məni sən seçmisən ki, indi nəsə tələb edirsən” deyir. Bu şəraitdə adamlar neyləməlidir? Bəlkə oturub ağlamalı, göz yaşı tökməlidir. Ya bəlkə bir çadır da qursunlar… Elə ən yaxşı yol sevinməkdi. Stress atmaq üçün. Heç olmasa ürək ağrısı çəkməz. Bir də həmin sosial şəbəkələrdə adamların ölkədə baş verən qanunsuzluqlarla bağlı saysız yazışmaları olur. Problemlər qaldırılır, müzakirə olunur, çarə axtarılır. Bəs nədən özünü “millət vəkili” adalandıran adam bunlara reaksiya vermir? Dərd paylaşanda azalır axı. Millət vəkilinin borcudur ki, vəkili olduqlarının qayğısını çəksin, problemlərinin həllinə çalışsın. Bununla onların dərdlərini az da olsa yüngülləşdirmiş olur. Adamların sevincinin səbəbini anlamağa gəldikdə… o həyatı yaşamaq gərəkdir. Təbii, hər kəs bunu anlaya bilməz. Iddia etmirəm ki, F.Muradov o sevincin səbəbini bilmir. Bilir, bu ölkədə yaşayan, sadə vətəndaşlarla təmasda olan hər kəs onu yaxşı bilir. Qaldı F.Muradovun “bu bina Azərbaycanın fəxr edə biləcəyi tikilisidir…” sözlərinə… axı sadə vətəndaşları bu ölkəylə fəxr etməyə qoymurlar. Vallah qoymurlar…
Sonda bir xatırlatma. Yadınızdadırsa, Heydər Əliyev Mərkəzinin açılışında Ilham Əliyev çıxış etmişdi. O çıxışdan bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Sitat: “Mən tikinti zamanı dəfələrlə buralarda olmuşam və tikinti daim nəzarət altında idi”…

Yandı, elə yandı…
•