Qurban olasız “voronok”dakı dustaqlara

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Səhər yoxlamasından az sonra “etap”ı çıxarırlar. Amma mənim adımı çəkən olmadı. Saat 11-ə qədər tam hazır vəziyyətdə gözlədim. Nəhayət, çağırdılar. Uşaqlarla vidalaşdım, əşyalarımı da götürüb çıxdım. Starşina məni “boks”a təhvil verib qayıtdı. Az sonra “şmon”a girdim. Sərdar dişlərini ağarda-ağarda əlini çantama atdı. Içindəkiləri boşaldıb bir-bir yerinə yığmağa başladı. 6 aydır ki, Bayıl türməsində yazdığım kitabın əlyazmalarını götürüb bir qırağa qoydu.
– Onları da çantaya qoy, – dedim, – burada rəisdən tutmuş, üzüaşağı hamı bilir ki, mən gündəlik yazıram.
– Mən təlimatla işləyirəm. Təlimata görə, dustağın şəxsi yazışmaları da nəzarətdən keçirilməlidir. Bunlara yuxarıda (ikinci mərtəbəni nəzərdə tuturdu) baxıb özünə qaytaracaqlar.
– Amma mən indi gedirəm…
– Niyə narahat olursan? Baxıb qaytaracaqlar. Qoy, mən narahat olum ki, bunları “operçast”a göstərməsəm, nəslimi kəsərlər.
Sərdar əlyazmaları da götürüb getdi, beş dəqiqə keçməmiş əliboş qayıtdı. Içimdə xoşagəlməz hisslər baş qaldırmağa başladı. Tələb etdim ki, rəis, ya onun müavinlərindən biri məni qəbul etsin. “Heç kim yoxdur”. Yavaş-yavaş səsimin tonunu qaldırmağa başladım. Bu, sonuncu çarə idi. Heç, bu da çarə deyildi, amma hər halda, bundan başqa neyləyə bilərdim ki?! Üstəlik, buradaca öyrəndim ki, məni 10-cu yox, 17-ci zona göndərirlər. Bu da mənə əlavə arqument verirdi ki, ətrafımda yaranmış bu anlaşılmazlıqları bitirmək üçün hay-küy salım. Nə rəis gəlib çıxdı, nə də onun müavinləri.
“Şmon” otağında tək qalmışdım. Sərdar da aradan çıxmışdı. “Naryad” başını itirmişdi. Məni dilə tuturdular ki, “voronok”a minim. “Naryad” həbsxananın işçiləri deyil, Ədliyyə Nazirliyinin mühafizə alayındandır və onlara dəxli yoxdur, burada hansı problemlər, hansı münasibətlər var. Mən isə tələblərimdə israrlı idim: “Əlyazmalarımı qaytarın! Məni nə üçün bölgüdə nəzərdə tutulduğu kimi 10-cu yox, 17-ci zona aparırlar?”
Komandir məni dilə tutmağa çalışırdı ki, 17-ci zon dünyada ən yaxşı zondur, mən isə onun üzünə də baxmır, Sərdarı, Mürsəli, Ağasını, burada tanıdığım bütün personalı adbaad lənətləyirdim. Etiraf edirəm ki, söymürdüm, sadəcə, onların ünvanına təhqiramiz ifadələr yağdırırdım. Amma nə qədər olardı ki? Bir azdan tanımadığım bu mühafizəçilər mənə qarşı zorakılıq işlədə bilərdilər, hörmətsizlik edərdilər. Bir saata yaxın dirəniş göstərəndən sonra “Hamınız qurban olasız bu ”voronok”dakı dustaqlara! Onlar bu istidə əziyyət çəkməsinlər deyə, gedirəm! Amma sizin başınıza oyun açacağam, yaramazlar!” – deyib maşına mindim.
“Voronok”un hər iki tərəfi dolu idi (“Voronok” adlanan arxası avtodükana bənzər bu maşının yük yeri ortadan iki yerə bölünmüş olur. Hər tərəfdə normalda 8, amma bir qayda olaraq, 10-15 nəfər və ya daha artıq dustaq daşıyırlar). Birtəhər özümə yer eləyib oturdum.
Burada 30 nəfərə qədər adam vardı. Hamı “17″yə getmirdi. Üzü Binə istiqamətinə gedən maşına 2-ci, 3-cü, 9-cu zonlara göndərilən dustaqları da yığmışdılar. Böyrümdə orta boylu, sarışın, üzbəüzdə isə arıq, balacaboy, amma imkanı çatmayacaq dərəcədə iddialı adam olduğu sifətində cızılmış birisi oturmuşdu. Hər ikisinin sifət ifadələrində sağlam olmayan nəsə vardı. Ola bilsin belə deyildi, sadəcə, maşına dilxor mindiyimə görə hamıya etimadsızlıqla baxırdım. Maşın tərpəndi. Əvvəlcə hamı səssiz idi. Bir az sonra dillər açılmağa başladı. Sağ tərəfimdə oturan gənc oğlan danışdı:
– “Voronok” bilirsiz, niyə gecikirdi? Orada bir dustaq vardı, jurnalist. Onunla bağlı nəsə problem yaratdılar. O idi aşağıda qışqırıb hamını söyən. Axırda da minmədi.
– Amma istidən də öldük…
Bu an gözlədim ki, içəridəkilərin hansısa ünvanıma xoşagəlməz sözlər işlədəcək. Adamlar bu cəhənnəm maşınında bir saat əziyyət çəkiblər, onlara nə dəxli var ki, mən hansı problemimi həll edirəm. Baş verə biləcək anlaşılmazlığın qabağını dərhal almaq lazım idi. Buna görə də tələsik dilləndim:
– Mən mindim maşına. Amma o yaramazlarla davanı davam etdirəcəm.
Hamı maraqla mənə baxdı. Diri siyasi məhbus onlarla bir maşında gedirdi. Amma söhbətin mövzusunu dəyişdilər. “Bu xətadan qurtardım”, düşünüb rahat nəfəs aldım. “Voronok” yırğalana-yırğalana, sərnişinlərə işgəncə verə-verə Bayıldan uzaqlaşırdı. Baş tərəfdə bir dəli oturmuşdu. Köynəyini çıxarıb fasiləsiz olaraq üzünü yelləyir, “görmürsünüz, yanıram, mənə kömək eləyin də”, deyib haray çəkirdi. Isti idi, amma dözüləcək istiydi. Bu dəlini niyə tutmuşdular, anlamaq mümkün deyildi. Çünki o, psixi problemi olan adam kimi xarakterizə edilə bilməzdi: əməlli-başlı dəli idi! Yalnız siqaret çəkəndə “ventilyator”u durdururdu. Buna görə də ona tez-tez siqaret uzatmağa məcbur olurdum. Məndən ikicə adam o tərəfə idi. “Ventilyator”u işə salanda istər-istəməz adamlar mənə tərəf əyilir, narahatlıq yaradırdılar. Onun “ventilyator”u əvəz edən yaşıl köynəyinin qolları da ikinci dairə boyu yellənib əlavə narahatlıq yaradırdı. Düz, Maştağa xəstəxanasına qədər bu “ventilyator” qısa fasilələrlə işlədi. Yolüstü mənimlə üzbəüz oturan iddialı sifətli, balacaboy adamın başqa bir dustaqla mübahisəsi düşdü. Balacaboy qabağından yedi və kirimişcə oturdu. Məni qiyabi olaraq tanıyan gənc dustaq (hərçənd, o qədər də gənc deyildi, 30-dan yuxarı yaşı olsa da, sifətdən cavan görükürdü) o biri böyründə əyləşmiş başqa bir dustağa “maloletka”da olduğu zamanlar şahidi olduğu hansısa epizod haqqında danışırdı. Üç-dörd siqaretdən sonra dəli mənim siqaretlərimdən də imtina edib yalnız “ventilyatoru” ilə əlləşməyə başladı.
Nəhayət, Maştağaya çatdıq. Dəlini düşürtdülər. Qapının ağzında üzbəüz oturmuş və bayaqdan xısın-xısın söhbət edən daha iki nəfəri də dəlixanada düşürtdülər. Yer bir qədər genişləndi. Kimsə dedi:
– Bu yazıq “ventilyator”a dəlilik kağızı verməyəcəklər. Amma o iki qaqaş imkanlı adamlara oxşayırlar, onlar 15-cə günə kağızlarını alacaqlar…

ardı var