Ramazan ayının mənəvi və bioloji faydaları
“Ağlı başında olan və həddi-büluğ yaşına çatan hər müsəlman kişi və qadına oruc tutmaq fərzdir. Dinimiz yetkinlik yaşına çatmayana, xəstəyə və yaşlı insanlara orucu tutmağı vacib etmir. Oruc tutmağa gücü çatmayan yaşlı adamlara isə tutmadıqları hər günün əvəzinə bir fəqirə yemək yedirməsi tələb olunur”. Bunu, gənc ilahiyyətçi Elşad Miri deyir.
Onun sözlərinə görə, hamilə qadınlar və körpəsinə süd verən analar bu ayda oruc tutmazlarsa, tutmadıqları orucu daha sonra qəza etməlidirlər: “Heyz və nifas halında olan qadınlar da tutmadıqları günləri daha sonra qəza etməlidirlər. Səfərdə olan insan isə istərsə oruc tutar, istərsə də daha sonra tutmadığı günləri qəza edər.
Üzürlü səbəblər istisna olmaqla orucun tutulması həvəsə buraxılmayıb. Heç bir şəxsin, heç bir qurumun qoyulan qaydaları dəyişdirməyə haqqı yoxdur. Bu əsaslar Quranla və Peyğəmbərin sözləri ilə müəyyən edilib. Quranda Allah belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!”.
E.Miri orucun bioloji faydaları ilə yanaşı psixoloji faydalarının da çox olduğunu deyir: “Oruc tutan insanlar daha az əsəbiləşir və baş verən müxtəlif hadisələrdə düşüncəli davranırlar. Onlar hər zaman peyğəmbərin (s): ”Biri sizə bir söz dediyi zaman və ya pis davrandığı zaman ona mən oruc tutmuşam deyin” sözlərini nəzərə alırlar. Onların günaha qarşı olan meyilləri oruc tutduqları zaman yox olur”.
Oruc tutmaq sağlamlıqdır
Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir(islam.com.az). Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Həkimlər reseptlə birlikdə xəstənin nə yeyib-içəcəyini, nə vaxt və nə qədər qidalanacağını bildirirlər. Demək ki, müasir tibb xəstəliklərin qidalanmaqla əlaqəli olduğunu qəbul edir. Peyğəmbərimizin “Oruc tutun, sağlam olun” hədisini tibb elmi “oruc tutun, rahat olun” şəklində deyir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə də bəzi ölkələrdə orucla müalicə edən xəstəxanalar inşa edilib. Bunlardan biri Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır.
Oruc tutaraq sağlam və gümrah bir vücuda sahib oluruq. Oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayır. Amma bilmək lazımdır ki, hər kim Ramazan orucunu sağlamlıq üçün tutarsa, orucu məqbul olmaz.
Oruc beyni gücləndirir
Insanı ən çox heyrətə salan bədən üzvü beyindir. Beynin həcmi və çəkisi kiçik olsa da, qana daha çox ehtiyacı var. Beyin bədəndəki qanın dörddə birini qəbul edir. O, çox yorulanda ağır iş görmüş kimi yoruluruq. Insan beynində fikirləşməyə səbəb olan hüceyrələrin sayı dünyadakı insanların ümumi sayından çoxdur. Beyinə gedən qan nə qədər çox olarsa, düşünmə qabiliyyəti də bir o qədər artar. Əksinə olanda isə tənbəllik və yorğunluq başlayır. Beynin nizamlı işləməsində, qanın lazım olan miqdarda sərf edilməsində orucun müstəsna rolu var. Minlərlə mənbə kitablarının əksəriyyəti Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılıb.
Imtahana girən tələbələr üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da müsbət yönləri var. Hamının bildiyi həqiqətdir ki, yarışlar, məhkəmələr, imtahanlar, müharibə anındakı qəfil hücumlar və s. nəticəsində meydana gələn həyəcanlar və qorxular ruhi dəyişikliklərə, şoklara gətirib çıxarır. Gözə qanın sızması, titrəmələrin meydana gəlməsi, dil tutulmalarının səbəbi də qəfil meydana gələn olaylardır. Hətta belə hadisələr şəkər xəstəliyinə də yol açır. Bu kimi xəstələrə düçar olmamaq, mənfi psixi vəziyyətlərə düşməmək üçün psixoloqların məsləhəti də “ac qarına”, yəni oruclu olmaqdır. Çünki tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib.
Kimlər oruc tutmaya bilər?
Hər dəfə Ramazan ayında məhz səhhətindəki problemlərə görə oruc tutmağa tərəddüd edən insanlar olur. Həkimlərin dediyinə görə, məsələn, şəkərli diabet xəstələrinin oruc tutmalarında zərər yoxdur, əksinə faydalar var. Çünki oruc tutmaq ya onların diabet xəstəliklərini aradan qaldırır, ya da ən azı, ona müsbət təsir göstərir. Lakin insulin qəbul edən diabet xəstələrinin oruc tutması təhlükəlidir. Belə xəstələr həkimlərilə məsləhətləşərək iftar və sahur yeməklərində qəbul edəcəkləri insulinin miqdarını öyrənməlidirlər. Əgər diabet xəstələri oruc tutubsa, onlar iftar və sahurda diabetli yeməklər yeməlidirlər. Həmçinin bu vaxtlarda qanlarındakı şəkərin miqdarını ölçdürməlidirlər.
Ürək xəstələrinə gəlincə, oruc zamanı qan təzyiqi aşağı düşdüyü üçün həmin xəstələrə oruc tutmaq faydalıdır. Belə xəstələr dərmanlarının müəyyən edilməsi üçün həkimlərinə müraciət etməlidirlər. Yüksək qan təzyiqi və ciddi ürək çatışmazlığı olan xəstələrin isə oruc tutmamaları məsləhət görülür.
Miqrendən (kəskin, birtərəfli baş ağrısı) əziyyət çəkənlərə də oruc tutmamaları tövsiyə olunur. Çünki oruc qanın tərkibindəki yağ turşularını artırır. Bu isə həmin xəstələrin vəziyyətini pisləşdirə bilər.
Hamiləlik çox həssas mövzu olduğuna görə, bu zaman həkimin məsləhətilə oruc tutmaq daha uyğundur. Ilk və sonuncu üç ayı oruc tutmaq olmaz. Sağlam hamiləlik zamanı ramazan ayı hamiləliyin 4 və 6-cı ayı arasına təsadüf edirsə, onda mütəxəssis həkimin nəzarətilə oruc tutmaq olar.
Oruc xərçəngin dərmanıdır?
ABŞ-ın Islami Əlac Tədqiqatları Institutunun xərçəng xəstəliyi olanlar üzərində apardığı təcrübələr göstərib ki, nizamlı şəkildə oruc tutan xəstələrdə bəd xassəli şişlərin yayılması zəifləyir (hətta tamamilə dayanır), normal halda əməliyyatlarla aradan qaldırılan xoş xassəli şişlər isə yox olur. Coel Fuhrmanın 1955-ci ildə nəşr etdiyi “Sağlamlıq üçün yemək və oruc” kitabında deyilir ki, oruc yalnız xərçəng xəstəliyindəki fibroid şişlər üçün deyil, eyni zamanda bir çox başqa şişlər üçün də etibarlı və təsirli vasitədir”.
Gültəkin