Bəhruz Həsənov: “Mən Vilayət Eyvazovun sifarişi əsasında həbs olunmuşam”
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov dünən axşam saatlarnda azadlığa buraxılıb. Bəhruz Həsənov “Azadlıq”a açıqlamasında deyib:
“Həbsim şəxsən daxili işlər nazirinin müavini, general Vilayət Eyvazovun sifarişi əsasında olub. Burda məqsəd gənclərin gözünü qorxutmaqdır. Yaşadığım Yeni Günəşli qəsəbəsində fəal gəncləri mübarizədən çəkindirməkdir. Həbsim planlaşdırılmış iş idi. Məşqdən çıxanda Nazim Əliyev adlı bir nəfər mənə yaxınlaşıb mənə dedi ki, camatın ana-bacısına sataşırsan. Mən bunun təxribat olduğunu dərhal anladım. Çünki onun Əli Kərimlini izlədiyini bilirdim. Təxribata uymadım. Ancaq buna baxmayaraq bir neçə mülki geyimli şəxs mənə yaxınlaşıb onlarla getməyimi istədilər. Mən sənəd tələb elədim. Suraxanı rayon polis rəisinin Akif adlı müavini özünü təqdim elədi. Bundan sonra məni maşına mindirdilər. Yolda Akifə zəng gəldi və o, ”cənab general, tutmuşuq, bölməyə aparırıq” dedi. Bütün bunlar dediyim ki, fəalların gözünü qorxutmaq üçündür. Mən bu yolu, AXCP-ni öz istəyimlə seçmişəm. Belə addımlar bizi mübarizə yolumuzdan döndərə bilməz”.
Xatırladaq ki, Bəhruz Həsənov iyunun 11-də həbs edilib. O, həmin gün günorta saatlarında idmandan qayıdarkən polislər tərəfindən saxlanılıb və Suraxanı RPI 33-cü polis bölməsinə aparılıb. Bəhruz Həsənov əvvəlcə Nazim Əliyev adlı vətəndaşa zorakılıq etməkdə ittiham edilib. Sonradan ittiham polisə müqavimət suçlaması ilə dəyişdirilib. Bölmədən Suraxanı Rayon Məhkəməsinə aparılan Bəhruz Həsənov hakim Natəvan Tağıyevanın qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib.


Informasiya şöbəsi


