“Sərsəm-sərsəm danışırlar, cavab verməkdən yorulmuşam”
Hakimiyyətin Rüstəm Ibrahimbəyova qarşı hücumları səngimək bilmir. Əksinə, artıq bu kampaniyaya yeni şəxslər qoşulur. Onun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ qurumun yaranması da bu kampaniyanın tərkib hissəsidir.
Bu günlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mətbuatda Rüstəm Ibrahimbəyovun ünvanına səsləndirdiyi fikirlər cavabsız qalmadı. Lakin görünür, PA rəsmisi bununla Ibrahimbəyovdan əl çəkmək istəmir. R.Ibrahimbəyovun onu yazıq adlandırmasını həzm edən bilməyən Ə.Həsənov bu dəfə daha sərt danışıb. APA-ya açıqlamasında o, R.Ibrahimbəyovun Rasim Ocaqovun istedadı hesabına uğur qazandığını və kino sənəti ilə hazırda məşğul olmaq istədiyi biznes arasında vurnuxduğunu deyib. Həmçinin R.Ibrahimbəyovu Moskvada iş adamlarını aldadaraq onlardan pul qoparmaqda da ittiham edib.
Həmçinin yeni yaranan Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və qurumun Idarə Heyətinin üzvü, kinorejissor Oqtay Mirqasımov da Əli Həsənovun mövqeyini dəstəkləyib. Həmkarlarının ünvanına sərt ittihamlar səsləndirən bu şəxslər Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi qurumun tənəzzülə uğradığını və yalnız şəxsi maraqlara qulluq etdiyini bildiriblər.
Deyilənlərə münasibət öyrənmək üçün R.Ibrahimbəyova müraciət etsək də, o, artıq deyilənlərə cavab verməkdən yorulduğunu bildir: “Gündə sərsəm-sərsəs danışırlar, day cavab verməkdən yorulmuşam”.
R.Ibrahimbəyova qarşı aparılan bu kampaniyaya ziyalıların mövqeyi birmənalı oldu.
“Azərbaycan kinosunu dünya miqyasına çıxarmış bir adam haqqında dövlət rəsmisinin belə ifadələr işlətməsi yolverilməzdir”
Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli Rüstəm Ibrahimbəyovun yaradıcılığını, keçdiyi yolu Azərbaycan kinosunun tarixi adlandırdı. Çünki Azərbaycan kino sənəti tarixində hələ elə bir adam olmayıb ki, Rüstəm Ibrahimbəyov qədər Azərbaycan kinosuna şöhrət gətirsin. Bu, danılmaz faktdır. Bunu kinoya bələd olan, kino mədəniyyət tarixini izləyən adamların hamısı bilir. Bütün dünyada Azərbaycan kinosunu Rüstəm Ibrahimbəyova görə tanıyırlar. 15 il Bakıda “Şərq-Qərb” kino festivalı keçirib. Dünyanın ən böyük kino xadimləri də bu festivala məhz Rüstəm Ibrahimbəyova görə gəlib. Bunları inkar etmək olmaz.
C.Həsənli həmkarlarının R.Ibrahimbəyovun ünvanına səsləndirdiklərinin də yersiz olduğunu vurğuladı: “Cəmil Quliyev deyir biz gördük ki, Azərbaycan Kinematoqrafçılar Ittifaqında bu hadisələr baş verir. Siz baş verənlərə nə vaxt etiraz etmisiniz? Təşkilatın hansı toplantısında belə halların baş verdiyini demisiniz? Onların təbirincə desək, bu təşkilatı yaradıcılıq müstəvisinə qaytarmaq üçün nə ediblər? Heç nə. Hakimiyyət sizə deyib, siz də bu addımları atmısınız. Hakimiyyətin qurduğu ssenari üzrə hərəkət etmisiniz. Bunun ayrı adı yoxdur”.
C.Həsənli həmçinin Ə.Həsənovun ittihamlarını mənfi qiymətləndirdi: “Rüstəm Ibrahimbəyov Azərbaycan mədəniyyətinə üz ağlığı gətirən bir sənətkardır. Dönüb keçmişə baxanda onun ”Bir cənub şəhərində” kinosu görsənir. Azərbaycan kinosunu dünya miqyasına çıxarmış bir adam haqqında dövlət rəsmisinin belə ifadələr işlətməsi yolverilməzdir”.
“İbrahimbəyovun həmkarları ürəklərinin dərinliyində belə bir situasiyanın yaranmasından təəssüf hissi keçirirlər”
Tanınmış ziyalı, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir bu hakimiyyətin daim cəmiyyətə nifaq saldığını, cəmiyyətin üzvlərini bir-birinə vurduğunu bildirdi. Iqtidar insanları nəyəsə məcbur edir, şərtlərlə müəyyən imtiyazlar verir: “Cəmil Quliyev Ibrahimbəyovdan qat-qat cavandır və yaradıcılığı müqayisəyə gəlmir. Özündən çox yuxarıda dayanana daş atmağa başlayır. Bu, idarəetmənin təhrikidir. Cəmiyyətdə vəhdəti pozmaq məqsədi daşıyır”.
M.Vəzirin sözlərinə görə, hakimiyyət bütün cəmiyyətdə iqtidar-müxalifət qovğası salır, cəmiyyəti ikiyə parçalayır. Indi isə artıq bunu sahələr üzrə edir. Hər hansı sahədə etiraz edən, baş verənlərə müqavimət göstərən, bu ədalətsizliyə qarşı sözünü deyən bir adam çıxırsa, o zaman ətrafını ona qarşı çıxmağa təhrik edirlər. Bu da çox mənfi haldır. Bütün bunlar isə idarəetmənin mədəni səviyyəsinin aşağı olmasını sübut edir. Çünki vətəndaşa eyni gözlə baxmaq üçün bir az mədəni, elmi idarəetmə olmalıdır. Amma hakimiyyətdə bu çatmır. Ona görə belə fəsadlar yaranır.
M.Vəzir R.Ibrahimbəyova qarşı çıxan həmkarlarının bundan peşman olduqlarını da qeyd etdi: “Əli Həsənovu bilmirəm, ancaq istər Cəmil Quliyev, istərsə də Oqtay Mirqasımov ürəklərinin dərinliyində belə bir situasiyanın yaranmasından təəssüf hissi keçirirlər. Sadəcə, görünür, onlar buna məcbur edilir”.
Fizzə


