Heydər Əliyev Mərkəzi yanğından bir gün sonra

Dünən səhərdən Mərkəzdə təmir başlanıb

Ölkənin ən böyük projesi olan, Heydər Əliyev prospektində yerləşən, “Səttarxan” adına zavodunun yerində tikilən Heydər Əliyev Mərkəzinin yanan hissəsində təmir işlərinə başlanılıb. Ötən gün səhər saatlarında başlanan təmir işlərinə mərkəzdə çalışan tikinti briqadasının bütün əməkdaşları cəlb olunub. Yanğından bir gün sonra sözügedən ünvana baş çəkib vəziyyətlə maraqlandıq.

Təmir işlərinə əcnəbi fəhlələr cəlb olunub

Mərkəzin qarşısında Bakıda fəaliyyət göstərən telekanalların maşınları gözə dəyirdi. Bu isə o demək idi ki, yanğın zamanı çəkilişə yaradılan maneələr indi aradan qaldırılır. Görünür, yanğına görə ortaya çıxan fərziyyələr hökuməti narahat etməyə başlayıb. Əgər belə olmasaydı, jurnalistlərin mərkəzə buraxılmasına yenə də şərait yaradılmazdı.

Biz ora çatanda, demək olar, dəvət olunan jurnalistlər işlərini bitirib geri qayıdırdılar. Qapıda yolumuzu kəsən təhlükəsizlik xidmətinin əməkdaşları gəlişimizin məqsədini soruşdu. “Azadlıq”dan olduğumuzu bildirdik və bir neçə dəqiqəlik yoxlanışdan sonra içəri keçdik.
Təmir işləri ilə əlaqədar mərkəzə çoxlu sayda əcnəbi fəhlələrin gətirildiyi deyilir. “Yeni Müsavat” qəzetinin yazdığına görə, “Ikarus” markalı avtobuslarla Badamdar qəsəbəsindəki “Qul kampı” deyilən ərazidən gətirilən hindli, çin və özbək fəhlələr təmir işlərinə cəlb olunub: “Təmir işlərini müşahidə edərkən öyrəndik ki, yanğını söndürən zaman həddindən çox su istifadə olunduğundan mərkəzin içi gölü xatırladır. Fəhlələrlə söhbət əsnasında öyrəndik ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Idarəsinin əməkdaşları səhər saatlarından xüsusi nasoslarla mərkəzin içində yığılıb qalan suyu çəkməyə çalışırlar”.
Biz ərazidə əcnəbi vətəndaşları görməsək də gərgin iş getdiyinin şahidi olduq. Bundan başqa, yanan hissənin yenidən rəngləndiyini gördük.

Rəsmi mövqe – qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmayıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovla söhbət edirik. Onun sözlərinə görə, yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib: “Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb. Yanğından Mühafizə Xidmətinin nəzdində fəaliyyət göstərən təhqiqat və sınaq laboratoriyasının əməkdaşları hadisə yerindən sınaq nümunələri götürüb. Gələn həftənin əvvəllərində yanğının səbəblərinə dair məlumat ictimaiyyətə açıqlanacaq. Ilkin versiya ondan ibarətdir ki, yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq”a açqılamasında əsas fərziyyənin qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması olduğunu bildirdi: “Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir. Hadisə zamanı hər hansı bir şəxsin, o cümlədən yanğınsöndürənlər, binanın mühafizə işçiləri və təmir işləri aparan mütəxəssislərdən heç birinin xəsarət almayıb”.

“Baş verən yanğın Heydər Əliyev Mərkəzinin fəaliyyətinə mane olmayıb. Hazırda Mərkəz fəaliyyətini davam etdirir. Mərkəzdə son dərəcə mükəmməl yanğınsöndürmə sistemi var, lakin onun quraşdırılması hələ başa çatmayıb, podratçı şirkət bu sistemi quraşdırmaqda davam edir” – bu sözləri mərkəzə bu günlərdə direktor təyin olunan Anar Ələkbərov deyir.

Açlılış olub, ancaq mərkəz işləmir…

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yaxınlaşıb yuxarı mərtəbələrə qalxmaq niyyətimizi deyirik. Onlar buna icazə verilmədiyini deyirlər: “Yuxarıda iş görülür, ora heç kəs buraxılmır. Ora sizin nəyinizə gərəkdir. Yanğın burada baş verib. Oranı nə qədər istəsəniz çəkə bilərsiniz”. “Axı mərkəzin açılışı olub, ölkə başçısı açılışda iştirak edib, üstəlik, bura direktor təyin olunub. Siz deyirsiniz ki, iş gedir, bunu necə başa düşək” sualına “açılış olub, ancaq mərkəz tam gücüylə işləmir” cavabını verdi.  

Binanı tərk edib, həyətdə var-gəl edirik. Mərkəzin qarşısında yeni qurulan qazonun sökülməsi prosesinin başa çatdığının şahidi oluruq. Məlum olur ki, yanğın söndürülməsi zamanı qazon yararsız hala düşüb. Bundan başqa, ərazi başdan-başa yanğınsöndürən maşınlarla əhatələnib.

***
Inşasına 2007-ci ildən başlanılan Heydər Əliyev Mərkəzinə müxtəlif illərdə dövlət büdcəsindən ümumilikdə 300 milyon manatdan artıq vəsait ayrılıb. Mərkəz bu ilin mayın 10-da – Heydər Əliyevin 89 illik yubileyində istifadəyə verilib.
Bu ilin iyulun 10-da Ilham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu posta Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təyin olunub.

Ramin DEKO

P.S. Qəzet çapa gedərkən məlumat aldıq ki, yanğın hadisəsi ilə bağlı saxlananlar var. Növbəti sayımızda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.