Hakimiyyətin 2013-cü illə bağlı çox ciddi problemləri var

eldar namazov2“Vaxtaşırı verilən ”İlham Əliyev bizim namizəddir” bəyanatları sığortalanmaq üçündür”

Eldar Namazov: “Hakimiyyət mərkəzdənqaçma olacağından narahatdır”

Bugünkü müsahibimiz Azərbaycan Naminə Ictimai Forumun prezidenti, Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazovdur. Onunla ölkədə son günlər baş verən ictimai-siyasi proseslər, hakimiyyətin 2013-cü il planları və başqa mövzular ətrafında söhbət etdik.

– Eldar müəllim, Əli Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində QHT-lərlə görüş barədə suala cavab verərkən sizin bu toplantıya qəsdən qatılmadığınızı söyləyib. Çünki bununla sizin əlinizdən hakimiyyətin dialoqdan qaçdığı ilə bağlı arqument alına bilərdi?
– Əli Həsənovun QHT təmsilçiləri, media nümayəndələri ilə görüşdən bir neçə gün sonra ölkə başçısının müxalifət haqqında fərqli fikirdə olduğu açıqlandı. Ilham Əliyevin hakimiyyətə qarşı fərqli fikirdə olan ictimai qurumlarla bağlı söylədikləri artıq dialoq mövzusuna nöqtə qoyub. Aydındır ki, hakimiyyət heç bir dialoqa hazır deyil. Belə bir tədbirlər də görüntü xarakter daşıyır. Hələ bir neçə il əvvəl hakimiyyət Azərbaycanda demokratik proseslərin imitasiyasını belə etmirdi. “Eurovision” müsabiqəsindən sonra dünyada gedən prosesləri, Azərbaycanda korrupsiya, insan haqlarının pozulması ilə bağlı dünya mətbuatında gedən silsilə yazıları nəzərə alaraq hakimiyyət belə addım atmağa məcbur oldu. Buna, eyni zamanda Avropa Birliyinin, Böyük Britaniyanın, ABŞ-ın insan haqlarını pozan məmurlara qarşı sanksiyalar tətbiq edilə biləcəyi xəbərdarlığının gündəmə gəlməsi də təsir etdi. Qarşıdan prezident seçkilərinin də gəldiyini nəzərə alaraq hakimiyyət müəyyən imitasiya addımları atmağa başlayıb. KIV-lərlə, QHT-lərlə görüş bunun təzahürüdür. Bu siyasət özlüyündə cəmiyyətə heç nə vermir. Bu, imitasiyadan başqa bir şey deyil və hakimiyyətdəki əhval-ruhiyyədən xəbər verir. Hakimiyyət indi dünyada vəziyyətin dəyişdiyini görüb imitasiya addımları atır. Nə vaxtsa bu imitasiya addımlarının heç bir nəticə verməyəcəyi məlum olandan və real dialoq üçün zəmin yaranandan sonra orada həm siyasi partiyalar, həm də ictimai qurumlar iştirak etməlidirlər. Hələliksə bu kimi tədbirlər yalnız imitasiya xarakterli, gözdən pərdə asmaq üçün atılan addımlardır. Hakimiyyətdə hələ ki, vətəndaş cəmiyyəti ilə real dialoq aparmaq iradəsi görünmür.

Hakimiyyət yenidən imitasiyaya qayıdıb

– Hakimiyyətin gözlənilmədən mövqeyini dəyişməsini bir sıra ekspertlər Rusiya ilə münasibətlərin gərginləşməsi ilə izah edirlər. Buna görə iqtidar Qərbə doğru bir sıra addımlar atmaq məcburiyyətində qaldığından, bu cür siyasət yürüdür?
– Bu amili və başqa məqamları da fikirləşib səbəblər sırasına aid etmək olar. Amma bu, ümumi mənzərəni dəyişmir. Bu, xarici və daxili səbəblərə söykənən imitasiya siyasətidir. Bu siyasət də cəmiyyətə xeyir gətirə bilməz.

– Əgər bu imitasiya siyasəti hakimiyyətin mövqeyidirsə, o zaman nəyə görə Ilham Əliyev müşavirədə demokratik qüvvələrin ünvanına ittihamlar səsləndirir. Belə bir ziddiyyətin olması nəylə bağlıdır?
– Azərbaycanda dövlət idarəçilik sistemi olduqca bərbad haldadır. Biz hər gün əcaib addımların, bəyanatların şahidi oluruq. Normal cəmiyyətdə belə hallar heç zaman mümkün ola bilməz. Deputat düşünmədən mətbuata öz obyektləri barədə açıqlama verir. Fərqinə varmır ki, deputatın, ümumiyyətlə, bizneslə məşğul olmağa ixtiyarı varmı. Və ya başqa misallar. Azərbaycan hakimiyyətinin qərarların qəbulu mühitində nə qanun, nə dəyərlər işləyir. Burada yalnız emosiyalar, maddi və şəxsi maraqlar nəzərə alınır. Ümumiyyətlə, 2008-ci ildə keçirilən prezident seçkiləri qeyri-legitim idi. O vaxt mövcud olan köhnə seçki qanunvericiliklə 3 aylıq seçki prosesi olmalıydı. Hakimiyyət bu qanunlara dəyişikliklər etdi, amma onları zamanında rəsmiiləşdirmədi. Və zaman yetişdi, köhnə qanunla seçki prosesini elan etmək lazım idi. MSK bunu etmədi. O zaman mən mətbuata bildirdim ki, ölkədə 2 gündür seçkilər başlayıb, amma seçki komissiyası bunu elan etmir. Hətta Məzahir Pənahov mətbuata müəyyən açıqlamalar verməyə məcbur oldu. Qüvvədə olan qanunvericiliklə seçki kampaniyası elan olnmadı, bu tarixdən təxminən bir həftə sonra prezident yeni qanunlar imzaladı və o, qüvvəyə mindi. Və ya referendum keçirib qəbul etdirdilər ki, Ilham Əliyev neçə dəfə istəsə namizədliyini irəli sürə bilər. Heç düşünürlər ki, qanunla bu dəyişiklik Ilham Əliyevə şamil edilə bilməz. Belə bir fikri var idisə, bu, referendumu Ilham Əliyev prezident olmamışdan əvvəl etmək lazım idi. Və ya Rüstəm Ibrahimbəyovun Ittifaqına alterantiv bir ittifaq yaradıblar. Baş nazirin müavini və bir neçə nazir gedib o yığıncaqda iştirak edib. Böyük fəxrlə elan olundu ki, yeni qurum yaradıblar və adını da Azərbaycan Respublikası Kinematoqrofçular Ittifaqı qoyublar. Nazir müavini və digər rəsmi şəxslər tədbirdə iştirak edə-edə anlamırlar ki, qanunvericiliyə görə ictimai qurumun adında dövlət simvolu ola bilməz. Azərbaycan Respublikası Kinematoqrofçular Ittifaqı yalnız dövlətin orqanı ola bilər. Ictimai qurum belə adla qeydiyyatdan keçə bilməz. Bu cür qərarlar qəbul olunanda heç nəzərə alınmır və bu addımların arxasında nə ciddi siyasət, nə qanunun aliliyi durur.

İbrahimbəyovun hədəfə alınması Azərbaycana rüsvayçılıq gətirir

– Rüstəm Ibrahimbəyova qarşı hakimiyyət durmadan kampaniya aparır. Əli Həsənov hətta bəyan edib ki, Rüstəm Ibrahimbəyov kimdir ki, onu əvəz etmək mümkün olmasın?
– Rüstəm Ibrahimbəyov haqqında bu sözü beş yaşlı uşaq desəydi, ona bunu başa salmaq bəlkə də tezdir. Əgər bunu 50 yaşını ötmüş adam deyirsə, bunu ona başa salmaq artıq gecdir. Bu günlərdə dünya şöhrətli kinorejissor Kşiştof Zanussini Azərbaycana dəvət etmişdilər. Məqsəd gənc rejissorlarımıza “master klass” keçmək idi. O da Rüstəm Ibrahimbəyovun yaxın dostudur və onun dəvəti ilə tez-tez Bakıya səfərlər edir. Zanussi Bakıda “master klass” keçəndə Rüstəm Ibrahimbəyovla bağlı baş verənlərdən xəbər tutub. Jurnalistlərə müsahibəsində vurğulayıb ki, Rüstəm Ibrahimbəyov dünya şöhrətli şəxsdir və onun xidmətlərindən danışıb. Həmin müsahibə saytlarda uzun müddət qala bilməyib. Tez-tələsik saytlarından bu müsahibənin ya o hissəsini, ya da ümumilikdə mətni çıxarırlar. Məgər Azərbaycanın Mədəniyyət Nazirliyi dünya şöhrətli rejissoru dəvət edib ki, onun sözlərinə senzura qoysun? Görün nə əcaib proseslər gedir. Belə addımlar Azərbaycana rüsvayçılıqdan başqa bir şey gətirmir.

– Hələ xeyli müddət əvvəl Ilham Əliyev bəyan etmişdi ki, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməyi qətiləşdirməyib. Amma bu ərəfədə müxtəlif dövlət məmurları açıqlamalarında bəyan edirlər ki, onların namizədləri yalnız Ilham Əliyev olacaq. Bu cür açıqlamalar nədən xəbər verir?
– Bu, bütün avtoritar hakimiyyətlərə xas haldır. Məsələn, Stalin vaxtilə ağır xəstə olanda, onun ətrafına qaldığı Blijnaya Daçada Siyasi Büronun üzvləri yığışmışdılar. Bu dövrdə baş verənlər bir neçə memuarda əksini tapıb. Həmin memuarlarda yazılır ki, Stalin Beriya tərəfə baxan kimi o, rəhbərin hüzuruna gəlib ağlamağa başlayırdı ki, bizi nigaran qoyma. Amma Stalin dünyasını dəyişən kimi Beriya ana söyüşü söyərək, tüpürərək otağı tərk etdi. Bütün avtoritar rejimlərin xüsusiyyətidir ki, hakimiyyətin olimpində duran adama hamı yaltaqlanmalıdır, onu tərifləməlidir və bizim yeganə liderimizdir deməlidir. Amma real vəziyyət tam başqadır. Hakimiyyətin daxilində həqiqətən də ölkənin gələcəyi, 2013-c il ilə bağlı çox ciddi problemlər var. Ona görə mərkəzdənqaçma tendensiyalarından sığortalanmaq üçün vaxtaşırı bu tipli bəyanatlar verilir və bundan sonra da veriləcək. Hakimiyyətin daxilində hamını birləşdirən ikinci bir lider, adətən, olmur.

Allah xalqına zülm edən rejimlərin həmişə cəzasını verir

– İran artıq bir neçə aydır ki, iki gənc şairi girov saxlayır. Azərbaycanın etirazlarına baxmayaraq məsələ həllini tapmır. Ekspertlər hesab edir ki, insan hüquqlarına ölkəsində hörmət etməyən dövlətin başqa bir dövləti insan hüquqlarına hörmətə çağırması qəribə görsəndiyindən Iran çağırışlara məhəl qoymur?
– Gənc yazarların heç bir günahı yoxdur və onların həbsi də əsassızdır. Gənclərin həbsi iki ölkə arasında ciddi qarşıdurmanın nəticəsidir. Iran tərəfi bu addımla Iranın məxfi orqanlarının əməkdaşlarının saxlanılmasının müqabilində atıb bu addımları. Gənc şairlərimiz barəsində uzun müddət məlumatın verilməməsi göstərir ki, bu, beynəlxalq qanunlar yox, Iranın daxili qanunları və iki ölkə arasında yaranan gərginliyin təzahürüdür.

– Bütün bunlardan sonra Əli Həsənovun Iranla münasibətlərin normallaşdığı barədə açıqlamasın nə dərəcədə düzgün saymaq olar?
– Bu açıqlama reallıqdan uzaqdır. Iranla gərginlik yarananda Əli Həsənov özü də Irana səfər etmişdi. Amma qayıdandan sonra bəyan etdi ki, bütün problemlər həll olundu və hər şey qaydasındadır. Bu bəyanatlardan sonra nələrin baş verdiyinin şahidi oldunuz. Ümumiyyətlə, Azərbaycanın xarici işlər nazirliyi, prezidentin xarici məsələlər üzrə müşaviri var. Onların bu barədə danışmağı daha yaxşı olar, nəinki daxili siyasətlə bağlı bir şəxsin.

– Tunis, Misir, Liviya və Suriya. Növbədə kimdir? Suriya hadisələri göstərir ki, beynəlxalq aləmə müqavimət yersizdir. Suriyada baş verənlərdən avtoritar ölkələr hansı dərsləri götürməlidir?
– Kimin növbədə olduğun söyləmək çətindir. Çünki bəzən belə təsəvvür yaranır ki, dünyada hər şey bir nöqtədən idarə olunur. Hadisələr konkret siyahı üzrə gedir və hardasa diktatura rejimləri eyni qərarla yıxılır. Bu bir mərkəzdən idarə olunmur. Ölkə daxilində cəmiyyət ayağa qalxmasa, xalq hüquqları uğrunda mübarizə aparmasa, avtoritarlığa son qyoub, demokratiya qurmaq iradəsi ortaya qoymasa, heç bir beynəlxalq qurum bunu etməyəcək. Hansı ölkədə insan haqları pozulursa, korrupsiya baş alıb gedirsə, bu ölkələr həmin sıraya aid edilir. Azərbaycan da bura daxildir. Bu siyahıya millət, Allah qarşısında günaha batan rejimlər daxildir. Allah isə bu rejimlərin həmişə cəzasını verir.

Xəyal