“1001 gecə”də öldürülən şəxslə bağlı yeni məlumatlar

Ramal Bayramovun həm də Ilqar Əliyevin mühafizəçisi olduğu bildirilir

Deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun qətlə yetirdiyi Ramal Bayramovun kimliyi barədə redaksiyamıza yeni məlumatlar daxil olub.
Xatırladaq ki, ötən sayımızda Ramal Bayramovun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubova yaxın şəxs olduğunu yazmışdıq. Hətta gələn məlumatlarda deyilirdi ki, Robert Əyyubov Ramal Bayramovun qətlə yetirilməsindən bərk qəzəblənib və mərhumun yas mərasimində qatilin layiqli cəzasıni alacağını vurğulayıb.
Yeni məlumatlara görə isə Ramal Bayramov həm də, ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin mühafizəçisi olub. O, xeyli müddət imişi ki, Ilqar Əliyevlə çalışırmış.
Xatırladaq ki, Ramal Bayramov Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət kompleksində qətlə yetirilib. Deputatın qardaşı oğlu onunla yanaşı Səməd Mənsimov adlı şəxsi də yaralıyıb. Bu şəxsin də Robert Əyyubova yaxın olduğunu deyilir.
Hüseynbala Mirələmov hadisə barədə danışarkən qardaşı oğlunun əvvəllər də məhkum edildiyini və dəli olduğunu bildirib.