Füzuli Ələkbərov işçilərinə xəbərdarlıq etdi

Nazirin təşviş içində olması barədə “Azadlıq”ın yazdıqları təsdiqlənir

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun təşviş içində olduğu barədə məlumat vermişdik. Bildirmişdik ki, nazir həbs olunmaq təhlükəsilə üzləşib.
 Füzuli Ələkbərovun adının vaxtaşırı korrrupsiya əməliyyatlarında hallanması hər dəfə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə edilən şikayətlərdə onun adının birinci yerdə çəkilməsi, korrupsiyaya qarşı mübarizə şousu çərçivəsində daha çox onun işçilərinin həbs edilməsi təsadüfi deyil. Bütün bunlar Füzuli Ələkbərov barədə daha çox kompromat toplanmasına xidmət edir. Hüquq-mühafizə orqanları nazirin həbs edilən işçilərinin istintaqı zamanı da rüşvət kimi alınan və maxinasiyalardan əldə edilən pulların məhz Füzuli Ələkbərova çatmasını əks etdirən ifadələr almağa çalışırlar. Nazir də baş verənlərin fərqindədir və ciddi narahatlıq içindədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin sədrliyi ilə Gəncə, Şirvan və Sumqayıt şəhərlərində zona müşavirələri keçirilməsi yazdıqlarımızın təsdiqi sayıla bilər.ÿHəmin müşavirələrdə xüsusilə vurğulanıb ki, vətəndaşların etdikləri müraciətlərə həssas və qayğıkeş münasibət göstərilməli, müraciətlərdə qaldırılan məsələlərin vaxtlı-vaxtında, obyektiv və ədalətli cavablandırılması tam təmin olunmalıdır. Daha sonra əlavə edilib ki, vəzifəsinin icrasına məsuliyyətsiz yanaşan belə əməkdaşlarla bağlı ciddi cəza tədbirləri görülür və bu tədbirlər bundan sonra da davam etdiriləcək.
Füzuli Ələkbərovun bu xəbərdarlığı əlbəttə ki, ona qarşı hazırlanan planın baş tutmaması üçün atılan addımdır. Güman ki, bu müşavirələr davam edəcək və nazir özünü qorumaq üçün daha ciddi tədbirlər görəcək.

Hikmət