Ən müasir avadanlıq və mühafizə ilə təchiz edilən Heydər Əliyev Mərkəzinin yanmasında müəmma var
Dünən səhər Bakıdakı Heydər Əliyev Mərkəzində baş verən yanğın bu tikiliyə diqqəti bir qədər də artırıb. Son illər ən bahalı layihələrdən olan mərkəzin istifadəyə veriləndən qısa müddət sonra yanması sualları da artırır.
Heydər Əliyev prospektində, “Exselsior” hotelinin yaxınlığında inşa edilən kompleksin memarı dünya şöhrətli memar Zaha Hadiddir. Tikintisinə 2007-ci ildə başlanılan mərkəzin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarı əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisidir. Heydər Əliyev mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı olan üç əsas strukturdan ibarətdir. Kompleksin ümumi mərkəzi 57 min kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi, 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzi daxildir. Hakimiyyətin ideyasına əsasən, bu tikili müasir inkişaf edən Azərbaycanı simvolizə etməlidir. Bu ilin mayın 10-da istifadəyə verilən mərkəzin inşasına, rəsmi məlumatlara görə, müxtəlif illərdə 251,1 mln manat vəsait ayrılıb. Rusiya mənbələri isə bu məbləğin 300 mln manatdan çox olduğunu yazır. Lakin Azərbaycanın bir çox layihələrə açıqlanandan daha artıq vəsait xərclədiyi də sirr deyil. Bu baxımdan qeyri-rəsmi məlumatlara görə, Heydər Əliyev Mərkəzi 1 mlrd dollara başa gəlib. Bu məbləğə başa gələn mərkəz ən müasir avadanlıqlarla və yanğından mühafizə qurğuları ilə təchiz olunub. Həmçinin ciddi mühafizə olunan kompleksdə bütün təhlükəsizlik tədbirləri də yüksək səviyyədə görülüb. Digər tərəfdən, ailənin birbaşa nəzarəti altında həyata keçirilən tikinti işlərinin yarıtmaz aparılması isə mümkün deyil. Belə olan halda son illərin bəlkə də ən bahalı layihəsi olan Heydər Əliyev Mərkəzinin niyə yanğından qorunmadığı və gündüz-günorta vaxtı, iş günündə yararsız hala düşməsinə səbəb nə ola bilər? Bu sual cavabını gözləyir. Ancaq böyük ehtimalla əsl səbəb ictimaiyyətə açıqlanmayacaq.
Fizzə