Ziyad Səmədzadədən “milli maraqların” dövri cədvəli

İqtisadiyyatımızın Mendeleyevinin milli maraq “elementləri”

Isveçrədəki nəhəng ailə şirkətlərinin “prezentasiyasından”  sonra Rövnəq Abdullayevin nədən AFFA prezidenti olması da məlum oldu. SOCAR şirkətinin “himayəsində” olan bu şirkətlərlə bərabər, FIFA və UEFA-nın mənzil-qərargahı bu ölkədə yerləşir. Rövnəq Abdullayevin “həftə səkkiz mən doqquz” Isveçrəyə etdiyi səfərlər, sən demə, heç də milli futbolumuzla yox, “milli” maraqlarla bağlı imiş.    
Azərbaycan futboluna, dəcəl uşaqlarının dərs oxumaq əvəzinə qaçıb “top qovalamasından” (ifadə ona məxsusdur – X.Ə.) narahat olan ata kimi(!) baxan Rövnəq Abdullayevin sirri beləcə məlum oldu.  
Biabırçı Fələstin məğlubiyyətindən sonra deputatlara şokolad paylayan AFFA prezidentinin bu addımı sən demə “milli maraqlarımız”a uyğun olaraq yeni açılan “zapravka” və mağazaların gözaydınlığı imiş.
Şokoladı məmnuniyyətlə qəbul edənlərdən biri Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə görə isə futbol, ümumiyyətlə, qadağan edilməlidir, belə ki, o, “milli maraqlar”a zərbə vurur, “zapravka” və market zəncirini zəiflədir. Birbaşa deməsə də, məntiqi “deyir”.
Milli Məclisin klan biznesinin sirlərini qorumaq haqqında qəbul etdiyi “Kommersiya sirri haqqında” qanuna “antiXədicə”(!) dəyişiklikləri nəzərdə tutan sənədin müzakirəsi zamanı o, qeyri-ixtiyari olaraq belə bir açıqlama verdi: “Mən məsələ ilə bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamışam və ordan icazə almışıq (?! – X.Ə.), bu sənədə bir də baxacağıq. Ancaq burada beynəlxalq təcrübəni misal çəkdilər ki, heç bir xarici ölkədə belə bir praktika yoxdu. Mənim əlimin altında Qazaxıstana aid sənədlər var. Qazaxıstanda bu məsələ ilə bağlı daha sərt qanun qəbul olunub”.
Nazarbayevin qızlarının şəxsi mülkiyyəti hesab olunan ölkədən sitat gətirən Ziyad Səmədzadə, Ramiz Mehdiyevlə bu barədə məsləhətləşməsini qabartmaqla artıq qocaldığını və MM-in hardan idarə olunduğunu əyani şəkildə ortaya qoydu…
Məni heyrətləndirən isə bu qoca kişinin ömrünün bu çağında bir ovuc məmurun maraqlarını xalqın maraqlarından üstün tutmasıdır. Doqquz milyonluq xalqın maraqları ilə üst-üstə düşən Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı “bu bizim milli maraqlarımıza ziddir, tələsməyək, danışıqlar aparaq” deyən Ziyad Səmədzadə iqtisadçı kimi gözəl bilir ki, bu nə deməkdir. Bu, ölkənin monopoliyadan qismən azad olması, beynəlxalq maliyyə qurumlarının orta sahibkarlığa dəstəyi, kənd təsərrüfatı mallarımızın Avropa və dünya bazarlarına çıxması, aşağı faizlə kredit imkanları, kömrükdə yeni və şəffaf standartlar deməkdir. Bu gün ətin qiyməti DTT üzvü olan Gürcüstanda bizdəkindən 2 dəfə, körpə uşaqların həsrət qaldığı bananın və meyvə tərəvəzin qiyməti 3 dəfə, ikinci əl avtomobillərin qiyməti isə nə az nə çox, 4 dəfə ucuzdur. Bunun nəyi pisdir, Ziyad müəllim, bu hansı “milli maraqlara” zərbə vurur? Bəlkə tarı əlinizdən alıb bu ahıl vaxtınızda sizi gitara çalmağa məcbur edəcəklər?..
Bu gün kəndli öz malını Bakıya gətirə bilmir. Rayonlarda kəndlinin 5-10 qəpiyə sata bilmədiyi kənd təsərrüfatı məhsulları paytaxtda 80 qəpikdən 1 manatadək qiymətə satılır. Bu, şübhəsiz, xaricdən keyfiyyətsiz orqanik üsulla becərilmiş 2-ci sort meyvə-tərəvəz və ərzaq məhsulu gətirib onu od qiymətinə əhaliyə satan məmur-oliqarxların  maraqlarını tam təmin edir.
Bunların kimin marqları ilə üst-üstə düşməsini Ziyad müəllim gözəl bilir. Amma susmaq da istəmir, var gücü ilə ölkənin talanmasına haqq qazandırmağa çalışır. Anlamaq, loru dildə desək, “qanmaq” hüququmuza təcavüz etmək istəyən Ziyad müəllimin bu cəhdini ürək ağrısı ilə qarşılamaqdan başqa çarə yoxdur.
Akedemikin dünya malını öz xalqından üstün tutaraq bu yaşında xalqın dərisini soyanlara haqq qazandırmaq israrı doğrudan da milli faciəmizdir.
Həyatı boyu adi qarışqanı belə incitməyən Əbülfəz Elçibəy bu cür ziyalılara… “zənbil ziyalıları” deyirdi.