Sabirabadlıların Bakıya etriaz yürüşü (FOTO)

“Kür daşqınına ayrılan pulları yeyiblər”


Sabirabad rayonunun 2010-cu ildə Kür daşqınları altında qalan kəndlərinin sakinləri ədalətsiz kompensasiyalara etiraz əlaməti olaraq, iyulun 20-də Bakıda – Fövqəladə Hallar Nazirliyinin önündə etiraz aksiyası keçirib.
Aksiyada 70-dək kəndli iştirak edib. Onlar Əsgərbəyli, Ulacalı. Polad Tuğay, Qaragüney və digər kəndlərin sakinləri idilər. Aksiyaçıların bir neçəsini Fövqəladə Hallar Nazirliyində qəbul etsələr də, az keçmədi ki, onlar nazirliyin binasından çıxaraq görüşdən imtina etdiklərini açıqladılar. Buna səbəb isə yenə də onlarla real olmayan söhbətlərin aparılması olub.

Şikayətçilərdən Azər deyir ki, ümumiyyətlə, onlara qarşı davranış etik çərçivədən kənar olub: “Fakt budur ki, bizi adam yerinə qoymurlar. Yola verirlər, bir nəfər can qızdırıb bizim işə baxmaq istəmir. Ötür-ötür oyunu ilə yollarda qalmışıq”.
Poladtoğay kənd sakini Tanrıverdi də bildirir ki, o, artıq dördüncü dəfədir, eyni problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə gəlir, ancaq hələ də bu qurumda normal münasibət və reaksiya ilə qarşılaşmayıb.

Sabirabadlılar onlara çatası kompensasiyanın mənimsənildiyi qənaətindədir. Onlar deyir ki, dövlət daşqının fəsadlarının aradan qaldırılması üçün külli miqdarda vəsait ayırdığı halda, onlara qəpik-quruş verilib.
Şikayətçilərin sözlərinə görə, onların evlərini qrunt suları tamamilə qəzalı vəziyyətə salsa da, yerli komissiya onların təmiri və yenidən tikilməsi üçün heç bir akt bağlamır.
“Bizim kompensasiyadan kənarda qalmağımızın bir səbəbi var: onların rüşvət tələbilə razılaşmamağımız. Bizə açıq şəkildə deyirdilər ki, 2-3 min ”hörmət” etməliyik ki, evimizi siyahıya salsınlar”, – deyə Məmməd adlı aksiyaçı bildirdi.

Eyni sözü digər kəndlərdən gələn etirazçılar da təkrarladılar. Onlar deyirlər ki, yerli komissiya, hətta bircə daşı belə, fəlakətdən zərər görməyən evlərə kompensasiya ayırıb. Bəzi hallarda isə sakinlərlə belə sövdələşmələr də olub: “Get, evinin bir küncünü traktorla uçur gəl, razılaşaq”.
“Niyə problemi rayon rəhbərliyilə həll etmirsiniz, bu qədər uzun yolu Bakıya gəlirsiniz?”, – deyə şikayətçilərdən soruşduq. Qərib adlı etirazçı sualımıza belə cavab verdi: “Bizi bu yollara salan adamlar elə Sabirabadda oturublar. Dəfələrlə rayonun icra başçısı Nazim Ismayılovun qəbulunda olmuşuq. Bu vaxta qədər ”həll edərik” deyib, başımızı aldatdılar. Indi də deyirlər ki, biz kimik, gedin Kəmaləddin Heydərov sizi dinləsin”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov isə mediaya açıqlamasında bildirdi ki, şikayətçilər nazirlikdə dinlənilib, lazımi qeydlər götürülüb, problemin həlli istiqamətində müəyyən addımlar atılacaq. Onun bu açıqlaması ətrafdakı şikayətçilərin narazılığına səbəb oldu. Onlar aldadıldıqlarını, problemlərinin həlli istiqamətində heç bir iş görülmədiyini nazirlik təmsilçisinin diqqətinə çatdırdılar.
Fövqəladə Hallar Nazirliyindən sonra etirazçılar Prezident Administrasiyasına yürüş etdilər. Burada onların 3 nəfərlik nümayəndə heyətini Eldar Nuriyev qəbul etdi. Görüşdən sonra şikayətçilərin verdiyi məlumata görə, onların Eldar Nuriyevdən tək bir xahişi olub: fövqəladə hallar naziri Kəmaləddin Heydərov onları qəbul etsin. Nuriyev də öz növbəsində sakinlərin adından görüş üçün ərizə yazıb və söz verib ki, yaxın vaxtlarda bu görüş baş tutacaq.
Sabirabadlılar “Azadlıq”a bildiriblər ki, tezliklə onların probleminə diqqət yetirilməsə, daha təsirli etiraz aksiyalarına başlayacaqlar.

Natiq