Əli Həsənova yazığım gəlir

Rüstəm İbrahimbəyov: “Yazıq Əli Həsənov neyləməlidir? Ona nə tapşırırlar, onu da deməlidi”

Hakimiyyətin Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar Ittifaqına qarşı alternativ yaratması cəmiyyətdə birmənalı qarşılanmadı. Bu, daha çox iqtidarı tənqid edən Ibrahimbəyovu cəzalandırmaq məqsədi daşıyan bir addım kimi qarşılandı. Lakin hakimiyyət təmsilçiləri bununla da sakitləşməyib bu istiqamətdə kampaniya aparır.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına müsahibəsində bir qrup kino xadiminin yüksək vəzifəli hakimiyyət rəsmilərinin iştirakı ilə bir araya gələrək Rüstəm Ibrahimbəyovun sədrlik etdiyi Kinematoqrafçılar Ittifaqına alternativ qurum yaratmasına toxunub. Rüstəm Ibrahimbəyovun son zamanlar qurum rəhbəri kimi heç bir iş görmədiyini deyən PA rəsmisi aşağılayıcı fikirlər işlətməkdən də çəkinməyib. “Rüstəm Ibrahimbəyov kimdir ki, onun alternativi olmasın!” – deyən Ə.Həsənov onun son zamanlar daha çox siyasətə və öz ambisiyalarını reallaşdırmağa girişdiyini bildirib.
PA şöbə müdirinin dedikləri cavabsız qalmayıb. Moskvada olduğunu və bu gün Bakıya gələrək ünvanına deyilənlərlə bağlı bəyanat verəcəyini bildirən Rüstəm Ibrahimbəyov Əli Həsənova yazığı gəldiyini vurğuladı. Çünki o öz mədəniyyətsizliyini, savadsızlığını göstərir: “Yazıq Əli Həsənov neynəməlidir. Maaş alır, vəzifə tutur, sistemin balaca detalıdır. Ona nə tapşırırlar, onu da deməlidi. Mən də onun kimi deyə bilərdim ki, Əli Həsənov kimdir mənim barəmdə danışsın. Amma onu demirəm, çünki doğrudan da ona yazığım gəlir. Öz mədəniyyətsizliyini, savadsızlığını göstərir. Azərbaycan kinosunun tarixini bilsəydi, məlumatı olardı ki, dahi rejissor Rasim Ocaqov mənim ssenarim əsasında 8 film çəkib. Mən bir tərəfə, Rasim Ocaqovun yaradıcılığı olmasaydı, 70-80-ci illərdə Azərbaycan kinosu dünyada görünməzdi. Onlar müxtəlif festivallarda uğurla göstərilib, mükafatlar alıb”.
R.Ibrahimbəyov son illər prodüsser, müəllif, bəzən rejissor kimi bir neçə çəkdiyini də xatırlatdı. Bu filmlər müxtəlif festivallarda mükafatlar alıb. “Kabusun gözü ilə” adlı son film Avrasiyanın ən yaxşı filmi seçilib. Bu film Moskvada keçirilən nüfuzlu “Nika” müsabiqəsində birinci yer tutub. Müsabiqənin 25 illik fəaliyyətində ilk dəfə olaraq Azərbaycan filmi qalib gəlib. Əli Həsənov arada kinoya getsəydi, qəzet oxusaydı, bunların hamısını bilərdi.
R.Ibrahimbəyov rəhbərlik etdiyi ittifaqın fəaliyyətinə də toxundu: “Başqa ittifaqlara nəsə demək istəmirəm, amma Azərbaycanda bizim ittifaq kimi fəal işləyəni yoxdur. 15 ildir beynəlxalq festival keçiririk. Heydər Əliyevin dəstəyi ilə keçirilən bu festival Əli Həsənov üçün heç nədir? 90-cı illərin əvvəlində Azərbaycana heç kim gəlmək istəmirdi. Ancaq mənə görə dünyanın görkəmli kino işçiləri birinci dəfə Azərbaycana gəldilər. Bunlar o festivalı bağladılar. Kino məktəbi Moskvada, Londonda var. Ancaq nə Tiflisdə, də nə Kiyevda yoxdur. Azərbaycanda öz puluma Kino Məktəbi yaratdım, iki il fəaliyyət göstərdik. Bu il 15 nəfərə diplom vermişik, onlar fəal işləyirlər, kinomuza təzə adamlar gəlib. Təəssüf ki, Prezident Administrasiyasının ideologiya şöbəsinin rəhbəri belə elementar şeyləri bilmir. Ancaq o bunları deməyə məcburdur, qınamıram, sadəcə ona yazığım gəlir”.

Fizzə Heydərli