“Misirlə Məleykənin şəkilləri qəzetlərdən yığışmır”
Firudin Cəlilov: “Görüntü şəklində qəzetlərdə bir qurum o birini tənqid etməklə məşğuldur”
Təhsildə acınacaqlı durumun yaranması rəsmi qurumları narahat etməsə də, bu sahədə hər hansı problem ortaya çıxanda cavabdeh qurumlar məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır. Xüsusilə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin arasında ara-sıra meydana çıxan konflikti göstərmək olar. Bu da təhsilin durumundan narahatçılıq keçirənlərin narazılığı ilə qarşılanır.
Keçmiş təhsil naziri, professor Firudin Cəlilov da təhsildəki problemlərin ciddi bəla olduğunu deyir. Artıq bu sahəni düzəltmək də müşkülə çevrilib. Çünki təhsil bir həlqə yox, həlqələrdən yaranmış bir zəncirdir. Əgər bu həlqələrin biri paslanırsa, bütün sistem bərbad vəziyyətə düşüb. Bugünkü bəlalar isə 5-10 ildən sonra dəhşətli şəkildə öz mənfi nəticəsini göstərəcək. Ancaq bütün bunlar kənarda qalıb, iki qurumun rəhbərliyi bir-birini ittiham edir: “Misirlə Məleykənin şəkilləri qəzetlərdən yığışmır. Nədi-nədi təhsillə bağlı nəsə işlər gedir, bu onu danlayır, o bunu danlayır. Bunlar hamısı boş-boş şeylərdir. Təhsillə çox ciddi məşğul olmaq lazımdır. Çünki orta məktəblər pis vəziyyətə düşüb. Orta məktəbdə təhsilin səviyyəsinin aşağı düşməsi universitetdə də özünü göstərəcək. Bu da yenidən qayıdıb məktəbdə öz əksini tapıb. Çünki universiteti bitirən müəllimlər qayıdıb orta məktəblərdə dərs deyir. Bu xəstəliyi müalicə etmək lazımdır. Yoxsa xəstəlikdən danışmaqla iş həll olunmur”.
F.Cəlilovun sözlərinə görə, tələbələr aktiv həyatdan da uzaq düşüb. Onların rüşvət alan müəllimə qarşı etiraz etmək imkanları yoxdur. Rektora qarşı tələblərini ortaya qoya bilmirlər. Çünki hansı tələbənin səsi çıxırsa, onu universitetdən qovurlar. Eyni zamanda müəllimlərin səviyyəsi aşağı düşüb. Ancaq əsas məsələlər qalıb qıraqda, görüntü şəklində qəzetdə bir qurum o birini tənqid etməklə məşğuldur.
Fizzə


