Ərəstun Oruclu: “Görünür bu xarici qüvvələr tərəfindən artıq hakimiyyətə təzyiqin daha ciddi və açıq formasıdır”
.jpg)
Səhər saatlarından Bakıdakı Heydər Əliyev Mərkəzində başlayan yanğın hələ də davam edir. Paytaxtın bütün yanğınsöndürənləri hadisə yerinə cəlb edilsə də, yanğının qarşısını almaq mümkün deyil. Hakimiyyətin xüsusi qayğısı altında inşa edilən və güclü mühafizə edilən mərkəzin iş günündə belə qəfil alovlanması artıq bəzi versiyaların səslənməsinə də səbəb olub. Belə ki, hadisə yerində olan şəxsləri dilə gətirdiyi ilk versiya odur ki, mərkəz yandırılıb, yaxud da hər hansı br terror aktı baş verib. Belə bir versiyanın ortaya çıxması da təsadüfi deyil. Buna səbəb Azərbaycanın qonşu ölkələrlə gərgin münasibətlərdə olmasıdır.
Ekspertlər də terror versiyasını istisna etmir.
Ekspert Ərəstun Oruclu da yanğının terror aktı ola biləcəyini ehtimal edir. Onun sözlərinə görə, görünür bu xarici qüvvələr tərəfindən artıq hakimiyyətə təzyiqin daha ciddi və açıq formasıdır. Belə bir həssas dönəmdə illər boyu tikilən Heydər Əliyev Mərkəzinin birdən birə yanması müəyyən siqnaldır: “Ancaq hər halda bir qədər gözləmək lazımdır. Düzdür, hakimiyyət hətta terror aktı olsa belə, bunu gizlətməyə çalışacaq. Bu artıq ideoloji, siyasi bir məqamdır. Amma hər halda onu yandırıblarsa, yaxud partladıblarsa, təxribatdırsa, təxribatı törədənlər də müəyyən mesajlar verəcək. Deməli bir neçə müddətdən sonra bizim bu barədə daha ətraflı təsəvvürümüz olacaq. Bu gün isə hələlik bunu demək mümkündür”.
Fizzə


