Bu gün 1-ci qrup imtahan verir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 20-də 2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində – Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq.
2012-ci ildə 1-ci qrup üzrə 33533 abituriyent ərizə təqdim edib. Abituriyentlərin 19847 nəfərini oğlanlar, 13686 nəfərini isə qızlar təşkil edir.
Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək. Imtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
Imtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
Imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən 1-ci ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. Imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə 1-ci ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq.