Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman dünən “Azadlıq” qəzeti redaksiyasının qonağı olub.
Cənab Beytman bildirib ki, “Azadlıq”a baş çəkməkdə məqsədi redaksiyanın kollektivi, həmçinin qəzetin fəaliyyətilə yaxından tanış olmaq, mövcud problemlər haqda ətraflı məlumat əldə etməkdir.
“Azadlıq”ın rəhbərliyilə görüş zamanı baş redaktorun birinci müavini Rahim Hacıyev səfirə qəzetin tarixi, keçdiyi yol, hazırkı mövqeyi haqda ətraflı məlumat verib. Rahim Hacıyev “Azadlıq”a qarşı basqılardan danışarkən baş redaktorun qondarma ittihamla həbsi də daxil olmaqla, əməkdaşların döyülməsi, bıçaqlanması haqda ayrı-ayrılıqda söhbət açıb. “Azadlıq”ın 2006-cı ildə yerləşdiyi binadan zorla çıxarılması, məhkəmə cərimələri vasitəsilə onu çökdürmək cəhdi, qəzetin yayımına yaradılan maneələr, bu mətbu orqana reklam verilməsinə qoyulan qeyri-rəsmi qadağa da diqqətə çatdırılıb. “Azadlıq”ın rəhbərliyi qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, qəzet Azərbaycan ictimaiyyətini, obyektiv informasiya ilə təmin etmək missiyasını davam etdirir.