Ticarətçilər hələlik istədiklərinə nail olublar
Daha çox “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı” ən çox medianın gündəminə yanmasıyla düşür. Sözügedən ünvanda irili-xırdalı 10 dəfə yanğın olub.
“Vosmoy bazarı” sonuncu dəfə medianın gündəminə satıcıların Prezident Administrasiyasına (PA) və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) binasına yürüşüylə yadda qaldı. Belə ki, satıcılar bazarın rəhbəri Rasim Məmmədovun qanunsuz 2 min manat haqq qoymasına etiraz edərək PA-ya getmişdilər. Oradan da ƏMDK-ya üz tutaraq Kərəm Həsənovla görüşmüşdülər. Sonda ticarətçilər istəklərinə nail oldular. K.Həsənov onları qəbul edərək problemlərini dinlədi, sonra isə rəhbərliklə əlaqə saxlayaraq məsələni yoluna qoydu.
Ucuz ətin şorbası olmur…
Ötən gün bazara gedib, orada baş verən olaylara diqqət yetirdik.
Öncə, bazarın ət satılan hissəsinə giririk. Bu satıcıların əksəriyyəti sifətdən tanış gəlir. Çünki üç gün əvvəl etiraz edən zaman onların çoxu narazılar sırasında idi. Qəssablarla söhbət edirik, indi heç nədən narazı olmadıqlarını dilə gətirirlər. Deyirlər ki, 2 min manatlıq haqq söhbəti bağlanandan sonra vəziyyətləri qismən yaxşıdır: “Indi pis deyil, problemlər var, əsas 2 min manat məsələsi idi. qalan problemlər də yəqin ki, yaxın zamanlarda həll olunacaq”.
Satıcılardan ayrılıb, bazarda var-gəl edirik. Ərazi zibillikdir, kənardan baxanda buranın ət bazarı olduğunu düşünmürsən. Antisanitariya pik vəziyyətindədir. Mal və qoyun əti səhərdən axşama qədər qənarədən asılı qalır. Satıcı tənziflə yalnız ətə qonan milçəkləri qovmaqla və müştəri səsləməklə məşğuldur.
Toz-tozanaq içində olan mal və qoyun əti müştərilərini gözləyir. Dükan sahibləri antisanitariyada özlərini günahkar hesab etmirlər. Çünki hər ay bunun üçün əlavə pul ödəyirlər. Onların sözlərinə görə, hər ay 200 manat yer haqqı ödəyirlər. 50 manat da elektrik, zibil pulu verirlər. Bundan başqa, günə 2-3 manat da əlavə xərcləri çıxır. Ancaq bazar yenə zibilxanadır ki, zibilxanadır.
Deyilənlərə görə, bir vaxtlar burada dana əti adı altında camış əti satılırmış. Indi satıcılar deyir ki, bu cür hallar yığışdırılıb.
“Vosmoy”un ət bazarının ən üstün cəhəti ucuzluqdadır. Burada satılan mal və qoyun əti başqa bazarlardan bir-iki manat ucuzdur. Ən yöndəmsiz ət bazarı da məhz buradır. Bir sözlə, sakinlər ucuzluğa görə bura qaçırlar. Ancaq onlar bir şeyi bilməlidirlər ki, ucuz ətin şorbası olmur…
Yer haqqı tez-tez qaldırılır
Bazarın pal-paltar olan sırasına daxil oluruq. Bu hissə məhşur tamaşada deyildiyi kimi dəfələrlə yavaş-yavaş yanıb. Əvvəllər satıcılar hər dəfə yanandan sonra yenidən dükanlarını təmir edib. Indi isə geri çəkilmək məcburiyyətində qalıblar. Çünki alver deyilən şey yoxdur. Bazarin bir neçə yerində dükanlar bağlıdır, qapılara “arendaya verilir” sözü yazılıb. Satıcılar deyir ki, əvvəllər yaxşı qazanc əldə edirdilər, indi isə vəziyyət pisliyə doğru gedib. Bazarda dükanların bağlı olduğunu görməsəydik, alverin pis olduğunu düşünməzdik. Çünki bura gələnlər həddən artıq çox idi. Satıcıların fikrincə, alıcıların əksəriyyəti meyvə-tərəvəz alanlardır.
Geyim dükanlarının əksəriyyətində “endirim” sözü yazılmış reklam lövhələrinə rast gəlmək olar. Ancaq bu da satıcıların karına gəlmir. Bir vaxtlar alıcı əlindən başlarını qaşımağa macal tapa bilməyən dükan işlədənlər, indi bir-birləriylə deyib-gülürlər.
Bazarda daha çox arabalar gözə dəyir. Arabaların üstündə bütün mer-meyvələrə rast gəlmək mümkündür. Arabaçılar deyirlər ki, gündəlik 15 manat yer haqqı ödəyirlər: “Verdiyimiz 15 manata araba, polis, yer və başqa qoyulan haqlar daxildir. Birtəhər dolanırıq, pis deyil”.
Arabaçılar deyirlər ki, özlərinin arabası olarsa, gündəlik 13 manat ödəyərlər, çünki araba pulu 2 manatdır.
Arabaçıların olduğu yer bazarın, demək olar, ən izdihamlı hissəsidir. Şıdırğı alver gedir, arxa dükanlarda isə süstlük hökm sürür.
Satıcılar bazar rəhbərliyindən şikayətlənirlər. Deyirlər ki, “Vosmoy” yananda bazar rəhbərliyindən heç bir kömək olmadı: “Əksinə gəlib bizdən pul yığdılar. Tez-tez yer haqqı qaldırılır. Burada yerdən asılı olaraq dükandan aylıq pul alınır. Elə yer var ki, orada dükan üçün 800 manat alırlar.
Ramin DEKO


