Rüşvətsiz Azərbaycan! Görəsən, nə vaxtsa bu iki kəlməni eşitmək ölkənin vətəndaşlarına nəsib olacaq? Azərbaycan rüşvətlə yatıb-durur, rüşvətlə nəfəs alır. Və ən dəhşətlisi odur ki, Azərbaycanın ağlı başında olan vətəndaşlarının hər biri ölkənin bu ağır xəstəliyə düçar olduğunu bilir. Məmmədhəsən belə rüşvətdən yana-yana danışırsa, DÖVLƏT əsla xəbərsiz ola bilməz. Dövlət məgər qara camaatdan az informasiyalıdır? Dövlət məgər bilmir ki, hər bir idarənin özünə məxsus rüşvət preskurantı var? Harada rüşvət almırlar, qardaşım? Göstər bir məkanı ki, orada DÖVLƏT və QANUN deyəndir?
Ötən il Ərəbistan yarımadasında inqilab küləkləri əsəndə Bakıda rüşvətə qarşı bir kampaniya başlatdılar. Bu bir ildə hansı iri vəzifəlini tutub içəri qoydular? Beş-on arxasızın, vasitəçinin qulağını kəsdilər və kəsməkdə də davam edirlər. Fironlar öz işində deyilmi?
Azərbaycanda rüşvətin kökünü kəsmək olduqca çətin bir işdir, çün qanımızda, canımızda, mentalitetimizdə məskunlaşıb rüşvət. Görün, vəziyyət nə yerdədir ki, məmləkətdə rüşvət almayan, dövlətdən aldığı maaşla dolanan bir vəzifə sahibinin adını çəkmək mümkün deyil. Kim deyə bilər ki, filan nazir, icra başçısı, universitet rektoru, polis rəisi, JEK müdiri, vergi müfəttişi, yaxud gömrük məmuru rüşvəti yaxına buraxmır? Azərbaycanda rüşvətlə oynamayan vəzifə sahibi ən çoxu bir ay vəzifəsində duruş gətirə bilər. Ikinci ayda… bir təpik vurub kreslosundan aşırarlar.
Rüşvətə dövlət qayğısı var Azərbaycanda. Super rüşvətxorların kreslo toxunulmazlığı, yaxalarına taxılan orden-medallar bu qayğının təzahürü deyilmi?
Prezident Ilham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından sonra bir daha əmin oldum ki, nə qədər ki, YAP iqtidardır, rüşvətə “gözünün üstündə qaşın var” deyən olmayacaq.
Mixail Saakaşvili qısa zamanda rüşvətin qanunları mindiyi Gürcüstanda nizam-intizam yaratdı. M.Saakaşvili Gürcüstanda rüşvətə elə bir sarsıdıcı zərbə vurdu ki, bu gün o ölkədə rüşvətin adını çəkməyə belə risk etmirlər. Gürcüstan prezidentinin bu addımı vətəndaşın dövlətə olan məhəbbətini, ehtiramını qat-qat artırdı. Saakaşvili Gürcüstanın adını sivil dövlətlərin sırasına yazdırdı.
Sual olunur, nədən Saakaşvilinin Gürcüstanda tətbiq etdiyi model Azərbaycanda reallaşdırılmır? Nədən Azərbaycanın dövlətçiliyinə təhlükə törədən, dövlətin və millətin adını aşağılayan rüşvət virusuna qarşı ciddi kampaniya başlanılmır?
Qubada xalqın qəzəbinə tuş gələn sabiq icra başçısının milyonlarla manatlıq əmlaka sahib olduğu məlum oldu. Cümlə icra başçıları və nazirlər, digər yüksək vəzifə sahibləri eynən fironlar kimi yaşayırlar. Və onların hər biri bu sərvətlərə haram yolla – rüşvətlə nail olub. Məgər bunlardan prezidentin xəbəri yoxdur? Nazir, icra başçısı, universitet rektoru nəhəng bir obyekti necə inşa etdirə bilər, o zatlar hansı pulla milyonlarla manatlıq şadlıq evini, restoranı tikdirir?
Ilham Əliyevin vəzifə verdiyi şəxslər uzaq Afrikada yaşamırlar ki, Azərbaycan vətəndaşları onların həyatından xəbərsiz olsun. Onların hamısı Azərbaycanda yaşayır, sahib olduqları obyektlərin də əksəriyyəti elə Azərbaycandadır…
Ilham Əliyev Nazirlər Kabinetinin son iclasında müxalifətin ünvanına çox sərt cümlələr işlətdi və nədənsə, o an yadıma zati-alilərinin andiçmə mərasimində söylədikləri düşdü. “Mən bütün Azərbaycanlıların prezidentiyəm” – deyirdi Ilham Əliyev and içərkən. Ancaq son toplantıda qəzəbli halda müxalif qüvvələri milli xəyanətdə ittiham etdi.
“Eurovision”da “Azadlıq” ŞÜARI SƏSLƏNDIRMƏK MILLI XƏYANƏT SAYILIRSA, o zaman rüşvətə qurşanmış vəzifəlilər barədə nə deyək?
Bəlkə deyək ki, onlar bu cinayətləri ilə dövlətə və millətə xidmət edirlər?
Bir gün Ilham Əliyevin rüşvətxor məmurlarından DÖVLƏT hesab soracaq. Rüşvətlə sahib olduqları milyonların hesabını soracaq DÖVLƏT. Nə toxunulmazlıq statusları var, nə də dövlətə qarşı çıxmaq cəsarətləri. Və çox istərdim ki, o məmurlarla haqq-hesabı bu gün Ilham Əliyev özü aparsın. O zaman kimin milli xəyanətkar olduğu çox aydın görünəcək. Aparacaqmı?

Rüşvət almaq millətə xidmət, “Azadlıq” demək millətə xəyanətdir!?
•