“1001 gecə”dəki qanlı insidentin təfərrüatları məlum oldu
Deputat Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət mərkəzində bir nəfərin ölümü, daha birinin isə yaralanmasıyla nəticələnən qanlı insidentin təfərrüatları bəlli olub. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, qətli törətməkdə şübhəli bilinən şəxs həbs olunub və o, Rəşad Əlirza oğlu Mirələmovdur.
Məlumatda qeyd olunub ki, hadisə iyulun 17-də gecə saat 3 radələrində “1001 gecə” istirahət mərkəzində baş verib. Odlu silahdan açılan atəş nəticəsində paytaxtın Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən, Imişli rayon sakini Mənsimov Səməd Ibadət oğlu isə qolundan yaralanıb. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, Ramal Bayramovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz silah saxlama) maddələrilə cinayət işi başlanıb. Işin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.
Baş Prokurorluq insidentin səbəbləri barədə heç bir açıqlama verməyib. Sözügedən qanlı hadisə barədə “Azadlıq”a məlumat verən mənbə isə bildirir ki, həbs olunan Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur. Rəşadın bu yaxınlarda həbsdən buraxıldığını deyən mənbənin sözlərinə görə, onun əmisinin obyektində törətdiyi qətl isə pul üstündə baş verib. Qətlə yetirilən Ramal Bayramovun ona yaxın şəxslərlə birlikdə “1001 gecə”yə gələrək, bu obyektdən “haqq” istədiyi, mübahisənin də elə bu zəmində yarandığı bildirilir.
“Yeni Müsavat”a isə həmin ərazidə olan, özünü təqdim etməyən bir şəxsə istinadən yazıb ki, Ramal Bayramov kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan “qanuni oğru” Rövşən Caniyevin adamları tərəfindən qətlə yetirilib. Qəzetin araşdırmaları zamanı məlum olub ki, bu il martın 16-da da gecə saat 04:00 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında Ramal Bayramova naməlum şəxs 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsindən dəyib. Həmin vaxt baş verən atışmanın əsası “Infiniti” barında qoyulub. “Rövşən Lənkəranski”nin adamı ilə sözü çəpləşən Ramal Bayramov mübahisəni bardan kənarda davam etdirməyi təklif edib və silah işə düşüb.
Bu qalmaqallı olayla bağlı yayılan ilkin məlumatlarda deyilirdi ki, həmin güllələnmədən təxminən yarım saat sonra Firudin Arzu oğlu Ismayılovun idarə etdiyi “Porsche” Babək prospektində qəzaya düşərək alışıb. Sürücü və maşında olan Rəşad Ibrahimov yanaraq kül olublar. Qəza zamanı “Porsche” saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb. Onlar hadisə yerinə tələsdiklərindən maşını yüksək sürətlə sürüblər. Məlumatlara görə, mart ayında baş verən olay zamanı F.Ismayılov və R.Ibrahimov R.Bayramova atəş açan şəxsi təqib edərkən qəzaya düşüblər.
“Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, “1001 gecə”dəki qanlı insident “Infiniti”dəki mübahisənin davamı olub.
Informasiya şöbəsi


