Qəbələdə döyülənlər Əliyevə müraciət etdi

Ailələr müqavilələrə qol çəkməyə məcbur edilir


Qəbələ rayonunun 28 may küçəsində evlərindən köçmək istəmədiyinə görə fiziki təzyiqlərə məruz qalan 4 ailənin üzvləri ölkə başçısına, daxili işlər nazirinə və baş prokurora müraciət edib. Əlavə edək ki, İyulun 14-də gecə saatlarında fiziki zorakılıqla evlərindən çıxarılan ailələr polisə aparılıb və bu zaman özlərinin iştirakı olmadan əşyaları evlərindən çıxarılaraq başqa bir binadakı mənzilə boşaldılıb.

Helsinki Vətəndaş Assambleyasının yerli şöbəsindən “Turan”-a bildirilib ki, ailələrin köçürüldüyü binada onlara sahiblik hüququ verən şəhadətnamə belə verilməyib. Ailələr yalnız müqavilələrə qol çəkməyə məcbur edilir. Hazırda sökülən ikimərtəbəli binalarda 50-dək ailə yaşayıb. Yerli sakinlərin məlumatına görə, sökülən binalar Qəbələ şəhərinin mərkəzində, 28 may küçəsində yerləşir. Burada otel tikiləcəyi bildirilir. Bu binalar həm də fövqəladə hallar nazirinin ailə biznesində olan Futbol Akademiyası, Piano zavodu və çoxsaylı bina, istehsal müəssisəsi olan şəhərciyə gedən yolun üzərində yerləşir.