İsveçrədə SOCAR brendilə qeydiyyatdan keçirilən şirkətlərlə bağlı şok məlumatlar
Mərkəzi ofisi Isveçrənin Bazel şəhərində yerləşən Haqq və Ədalət Assosiasiyası Azərbaycan məmurlarının Avropa məkanındakı çirkli pulların araşdırılması ilə məşğuldur. Təşkilatın ilk olaraq araşdırma predmeti kimi götürdüyü şirkət isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). Assosiasiya artıq ARDNŞ-in xaricdəki fəaliyyətini araşdırmağa başlayıb. Araşdırma nəticəsində əldə olunan faktlar kifayət qədər maraq doğurur. Təşkilatın mətbuat departamenti dünən aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb və bu nəticələr Isveçrə Baş Prokurorluğuna, Isveçrə mediasına və Azərbaycan mətbuatına göndərilib.
Azərbaycanda neft xalqın bədbəxtliyinə çevrilib
Təşkilatın yaydığı məlumatla sizi tanış edirik: “Dünyada neftlə zəngin olan ölkələrin əksəriyyətində neft xalqların xoşbəxtlik və gəlir mənbəyinə deyil, onların əzilməsinə və bədbəxtliyinə çevrilmişdir. Belə ölkələrdən biri də Azərbaycandır.
1993-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirmiş “KQB” generalı Heydər Əliyev bir il sonra 1994-cü ildə dünyanın tanınmış neft şirkətləri ilə birgə “Əsrin müqaviləsi”ni imzalayır. Yarı məxfi saxlanılan həmin müqavilənin müəyyən şərtləri hələ də müəmma olaraq qalmaqda davam edir. Ötən müddət ərzində H.Əliyevin yeritdiyi neft siyasəti daha çox ölkədə “Əliyevlər klanı”nın hakimiyyətdə möhkəmləndirilməsinə xidmət edib.
2003-cü ildə Ilham Əliyev Klivlentddə iş qabiliyyətini itirmiş ata Əliyevdən hakimiyyəti təhvil almışdır. Onun hakimiyyətə gəlməsi ilə ölkədə sosial – iqtisadi vəziyyət daha da pisləşmiş və ölkə birmənalı “Əliyevlər klanı”nın müllkiyyəti kimi idarə edilməyə başlanmışdır. Azərbaycan iqtisadiyyatında neft və qaz sekroru aparıcı faktora çevrilmiş və iqtisadiyyatın digər mühüm sahələri demək olar ki, böhran şəraitindədir. Bu isə ölkə iqtisadiyyatını 90 faizi qədərinin neft və qaz ixracatından asılı vəziyyətə salıb.
SOCAR Treding, SOCAR Energy və SOCAR “Black Sea”nin təsisçiləri kimdir?
Yürüdülən iqtisadi siyasət ölkədə yoxsulluq səviyyəsinin artmasına və əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olub. Belə ki, ekspertlərin rəyinə əsasən bu müddət ərzində ölkəni təxminən 4 milyon insan tərk edib. Həmin insanların bir qismi siyasi təzyiqlər nəticəsində , böyük əksəriyyət isə sosial-iqtisadi səbəblərdən ölkəni tərk etməyə məcbur olublar. Ölkə paytaxtı Bakının mərkəzi demək olar ki, sadə əhalidən təmizlənib. Şəhərin mərkəzi abadlaşdırılır və oradaki mülklərin əksəriyyəti Əliyevlər ailəsi və bir sıra məmurlar tərəfindən mənimsənilir. Sadə əhalinin şəxsi mülkləri isə hakimiyyət tərəfindən zor gücünə sökülür və həmin insanlar şəhərdən kənarda məskunlaşdırılır. Həmin prosesdə ölkənin neft və qaz sektoruna nəzarət edən ARDNŞ xüsusi rol oynayır.
Ölkədə hasil olunan neft və qazın müəyyən qisminin gizlədilməsinə dair müəyyən şubhələr var. Rəsmi statistikaya əsasən ölkədə hər il 65 milyon ton neft hasil olunur. Həmin hasilatin bir qismi ARDNŞ-ə aiddir digər qismi isə “Əsrin muqaviləsi-əsasında hasil olunur. Müstəqil ekspertlərin hesablamalarına görə, hər il orta hesabla 6-7 milyon ton neft qeyri-rəsmi olaraq hasil edilir. Rəsmi şəkildə hasil olunan nefàààftin bir qismi məmurlar tərəfindən yaradılmış ofşor şirkətlər tərəfindən mənimsənilir. Qeyri-rəsmi hasilat isə ölkədən kənardakı banklarda şəxsi hesablara yatırılır. Həmin əməliyyatlar əsasən Avropa ölkələrində, ABŞ və Dubayda həyata keçirilir. Həmin çirkli pulların bir qismi isə Avropada, ABŞ və Dubayda mülklərin və şirkətlərin alınmasına xərclənir.
Araşdırmanın ilkin nəticələrinə əsasən SOCAR Treding, SA adlı şirkət 2007-ci il dekabrın 17-də Isveçrənin Cenevrə şəhərində qeydiyyatdan keçib. (Qeydiyyat Nomrəsi: CH – 660.3.109.007-4), Həmin şirkətin təsisçiləri Qolovuşkin Valeri, Əzimov Arzu, Əhmədzadə Adnan, Əliyev Anar, Əliyev Vaqif, Qasımov Fərrux və Qəhramanov Zaurdur.
2011-ci ildə isə daha iki şirkət Isveçrədə qeydiyyatdan keçib. Bunlardan biri SOCAR Black Sea SA (Qeydiyyat Nömrəsi CH-660.1.793.011-6) adlı şirkət 24 iyun 2011 ci il tarixində Cenevrədə, digər şirkət SOCAR Energy Switzerland Holdings AG (Qeydiyyat Nömrəsi: CH-170.3.036.283-6) 16 Noyabr 2011 ci ildə Isveçrənin Kantons Zug şəhərində qeydiyyatdan keçib.
SOCAR Black Sea SA-nın təsisçiləri Qolovuşkin Valeri, Spivakov Aleksey və van Rossel Marc adlı şəxslərdir. SOCAR Energy Switzerland Holdings SA şirkətinin təsisçiləri isə Abdullayev Rövnəq Ibrahim oğlu və Qəhramanov Zaurdur.
Hər üç şirkətin əslində bir nəfərə məxsus olması barədə əsaslı olaraq ciddi şübhələr yaranır. Hər üç şirkətin təsisçilərinin siyahısına baxsaq, görərik ki, burada iki nəfər – Qolovuşkin Valeri və Qəhrəmanov Zaur eyni zamanda iki şirkətdə həmtəsisçisi kimi çıxış edir. Qolovuşkin Valeri həm SOCAR Black Sea SA, həm də SOCAR Trading SA şirkətində təsisçilərdən biridir. Qəhrəmanov Zaur isə SOCAR Trading SA ve SOCAR Energy Switzerland Holdings AG şirkətlərində təsisçilərdən biri kimi çıxış edir. Deməli, hər üç şirkətdə təsisçilər elə seçilib ki, həmin insanlar birinci şəxsin etibar etdiyi adamlardır. Bu isə o deməkdir ki, hər üç şirkət əslində bir nəfərə məxsusdur. Qeyd edək ki, SOCAR Energy Switzerland Holdings SA şirkətinin iki həmtəsisçisindən biri məhz ARDNŞ-in prezidenti Rövnəq Abdullayevdir.
Rövnəq Abdullayevin yaxın adamları
Həmin şirkətlərin ətrafında isə offşor şirkətlər yaradılıb. Hər üç şirkətin adında ARDNŞ(SOCAR)-in adından istifadə olunub. Ilk baxışda belə təəssürat yaranır ki, Isveçrədə fəaliyyət göstərən hər üç şirkət ARDNŞ-ə məxsusdur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, həmin şirkətlər heç də dövlətə məxsus deyil. Bu şirkətlərin təsisçiləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ona yaxın olan şəxslərdir. Lakin həmin şirkətlərin aksiyaları Kiprdə qeydiyyatda olan holdinqlərdən birinə məxsusdur.
Araşdırılmasi vacib olan əsas məsələ bundan ibarətdir ki, ildə SOCAR kontrakt əsasında həmin şirkətlərə nə qədər həcmdə neft satır? Digər bir sual isə bundan ibarətdir ki, SOCAR-dan neft alan həmin şirkətlər nefti hansı offşor şirkətlərə hansı qiymətə satırlar? Offşor şirkətlərin dünya neft bazarına çıxardıqları neftin qiyməti ilə aldıqları qiymət arasında nə qədər fərq var?
O da məlum olub ki, Isveçrədə fəaliyyət göstərən SOCAR Treding, SOCAR Energy və SOCAR Black Sea şirkətləri vasitəsi ilə Əliyevlər ailəsi və R.Abdullayev Isveçrədə bir neçə əhəmiyyətli şirkətləri satın alıb. 2011-ci ilin sonlarında Isveçrənin ESSO şirkəti 177 yanacaqdoldurma stansiyaları ilə birgə SOCAR Energy şirkəti tərəfindən alınıb.
Bütün bu faktlara baxmayaraq, Azərbaycan rəsmiləri nədənsə SOCAR Energy-nin şəxsi şirkət deyil, ARDNŞ-ə aid olması barədə yalançı məlumatlar verirlər.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov həmin müqavilə barədə 2011-ci il noyabrın 16-da Isveçrənin “SF Tagesschau” kanalına verdiyi müsahibədə SOCAR Energy şirkətinin rəsmi Dövlət Neft Şirkətinə məxsus olması barədə fikir səsləndirərək Isveçrə cəmiyyətini aldatmağa çalışmışdır. Halbuki yuxarıda qeyd edildiyi kimi SOCAR Energy dövlətə deyil, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə məxsusdur.
ARDNŞ prezidentinin ortağı kimdir?
Başqa bir anlaşmaya əsasən isə Isveçrədə fəaliyyət göstərən SOCAR-ın şirkətləri Isveçrənin MIGROS ticarət şəbəkəsinə məxsus olan 55 “Migrolina” dükanını alıb. Satın alınan həmin şirkətlər Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur, yoxsa ayrı-ayrı şəxslərə? Alqı-satqı zamanı ödənilən pullar ARDNŞ tərəfindən ödənilib yoxsa, offşor şirkətlər tərəfindən neft satışı zamanı əldə edilmiş çirkli pullarla alınıb?
Məlumatlara əsasən Isveçrədə Əliyevlər ailəsinə və ona yaxın olan korrupsiyalaşmış məmurlara məxsus bahalı daşınmaz əmlaklar və villalar var. Bu sahədə də ayrıca araşdırmalar aparılır və nəticələr tezliklə ictimaiyyətə açıqlanacaq. Isveçrədə bahalı mülklərə və şirkətlərə sahib olan Əliyevlər ailəsi ölkənin Isveçrədəki səfirliyini bərbad binada yerləşdirib”.
“Azadlıq”ın Rövnəq Abdullayevin iş ortaqlarından biri – Valeri Qolovuşkinlə bağlı apardığı araşdırma zamanı məlum olub ki, o, 2005-ci ilin əvvəllərində “LUKOIL”un vitse-prezidenti vəzifəsini tutub. V.Qolovuşkin sonra isə “LUKOIL Avropa Limited”in baş direktoru vəzifəsinə keçib. Eyni zamanda 2005-ci ildən isə “Litasco” şirkətinin Idarə Heyətinin üzvüdür. Onu da qeyd edək ki, “LITASCO” “LUKOIL”un törəmə şirkətidir. Açılışı “LUKOIL International Trading and Supply Company”dir. Bu şirkət də 2000-ci ildə Cenevrədə qeydiyatdan keçib.
Hikmət