İlham Əliyev əhalini nəyin hesabına artırmaq istəyir?

Azərbaycanda bir doğuşa anaya 75 manat verilir

Başqa ölkələrlə müqayisə dövlət başçısının dediklərinin söz yığını olduğunu ortaya qoyur

Nazirlər Kabinetinin son iclasında ölkə başçısı Ilham Əliyev Azərbaycanda demoqrafik vəziyyətə toxunub. Əhalinin 9,3 mln nəfərə çatdığını deyən prezident bundan sonra artımın daha güclü olmasının vacibliyini bildirib. O, hətta yaxın illərdə Azərbaycan əhalisinin 15-20 mln nəfər ola biləcəyini də deyib.

Anaya ayda 20 manat uşaqpulu verilir

Bir çox ölkələrdə hökumətlər əhalinin artımını stimullaşdırmaq üçün bir sıra tədbirlərə əl atır. Bunlardan ən əsası çoxuşaqlı ailələr üçün nəzərdə tutulan imtiyazların və güzəştlərin artırılmasıdır. Azərbaycanda nəinki belə tədbirlər həyata keçirilir, hətta az sayda uşaqların arzuolunan səviyyədə boya-başa çatdırılması üçün lazımi şərait yoxdur. Baxmayaraq ki, rəsmilər hökumətin əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını, bu istiqamətdə müxtəlif proqramlar həyata keçirdiyini bəyan edir. Hətta ölkəmizin bu sahədə regionda lider olduğunu deməkdən də çəkirmirlər. Əslində isə vəziyyət xeyli fərqlidir. Əhalinin artımını arzulayan ölkə başçısının yadına salaq ki, ölkəmizdə işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Uşağı 1 yaş yarıma çatanadək ana evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Işləməyən analar isə bundan da məhrumdur. Onlar yalnız birdəfəlik 75 manatlıq yardım alır. Bununla da dövlətin uşağa və onu dünyaya gətirən anaya qayğısı bitir. Belə olan halda hansı artımdan danışmaq olar?
Əhalini artımı aşağı səviyyədə olan Avropa ölkələrində bu istiqamətdə ciddi proqramlar qəbul olunub. Bura ilk növbədə anaya və uşağa verilən müavinətlərin məbləğinə xüsusi diqqət yetirilir. Məsələn, əksər ölkələrdə analıq məzuniyyətinə çıxan qadınlar dövlətdən müavinət, uşaq doğulandan sonra isə birdəfəlik müavinətlə yanaşı, övladı ən azı 18 yaşına çatana qədər də pul alır. Avropa ölkələrində hamilə qadınlar analıq məzuniyyətində olduqları müddətdə əmək haqqını tam şəkildə alır.

Ermənistanda uşaqlara 18 yaşına qədər ayda 95 dollar verilir

Qonşu Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Övladlığa götürülən uşaqlar üçün də müavinət nəzərdə tutulub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Azərbaycan hökumətinin dilənçi kimi təqdim etdiyi Ermənistanda birinci və ikinci uşağa görə 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. Yaşayış minimumu 70 dollar olan bu ölkədə 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.

Almaniya bir uşağa görə 270 avro ödəyir

Inkişaf etmiş ölkələrlə isə Azərbaycanı heç müqayisə etməyə dəyməz. Almaniyada hər bir uşağa görə dövlət ailəyə 270 avro pul verir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Bu ölkədə uşaq 25 yaşına çatana qədər müavinət alır. Yoxsul hesab edilən ailələrin övladları bağça və məktəblərdə ödənişdən azaddır. Belə ailələrə dövlətdən uşaq geyimi, araba, çarpayı, hətta tozsoran da verilir.   Fransada uşaq hələ dünyaya gəlməmiş anası müavinət almağa başlayır. Əgər birinci və ikinci uşaqlara görə bu məbləğ 130 avrodursa, üçüncü uşaqda məbləğ 975 avro qədər yüksəlir.  
Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. Böyük Britaniyada uşağa görə verilən müavinət 500 funt-sterlinq, ABŞ-da 680 dollar təşkil edir. Avstraliyada birdəfəlik müavinətlə yanaşı hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.   
Israildə bir uşağa görə 325 dollar verilirsə, əkizlərə görə verilən məbləğ 1600 dollar, üçəmlərə görə isə 2500 dollar təşkil edir.
Finlandiyada analara bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.  

Küveytdə hər doğulan uşağın hesabına 3 min dollar köçürülür

Neftlə zəngin ərəb ölkələri isə bu sahədə hətta Avropanın inkişaf etmiş ölkələrini də geridən qoyub. Birləşmiş Ərəb Əmirliyində hər bir uşağa görə dövlət ailəyə 20 min dollar müavinət ödəyir, Küveytdə hər doğulan uşaq üçün dövlət hesab açır və ora 3 min dollar pul qoyur. Liviyada “uşaq pulu” 7 min dollardır. Üçüncü uşaq doğulandan sonra isə ailənin dövlətə olan borcları bağışlanır. Çoxuşaqlı ailələr üçün simvolik qiymətlərlə ərzaq dükanları şəbəkəsi fəaliyyət göstərir. Üstəlik də nəzərə almaq lazımdır ki, Avropadan fərqli olaraq ərəb ölkələrində çoxuşaqlılıq geniş yayılıb.
Əhalinin artımını istəyən hökumətlərin həyata keçirdiyi tədbirlər bununla bitmir. Ancaq göstərilən misallar Azərbaycanla başqa ölkələrdəki vəziyyəti müqayisə etmək üçün kifayət edir. Azərbaycan əhalisinin artmasını istəyən Ilham Əliyev heç olmasa bu ölkələrdən nümunə götürməlidir.

Fizzə