Cümşüd Nuriyev İsmət Abbasovu tənqid etməsini elmi işilə əsaslandırır “Mən Kəmaləddin Heydərovun adamı olsaydım, deputat, ya da icra başçısı olardım”. Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında Cümşüd Nuriyev deyib. Yada salaq ki, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin ölkəyə idxal olunan kartofla bağlı bəyanatından sonra Cümşüd Nuriyev “Reytinq” qəzetinə müsahibəsində Ismət Abbasovu sərt tənqid etmişdi.
Sabir Vəliyev Azərbaycana gətirilən kartofun əslində heyvan yemi olduğunu iddia etmişdi. “Azadlıq” bu bəyanatı idxal mafiyasının əsas rəhbərlərindən olan fövqəladə hallar naziri Kəmaləddin Heydərova zərbə, Cümşüd Nuriyevin isə “fövqəlnazir”ə yaxınlığını əsas gətirərək onun müsahibəsini buna cavab kimi qiymətləndirmişdi.
Lakin Cümşüd Nuriyev bildirib ki, onun çıxışının əsas səbəbi aqrar sahə ilə bağlı müdafiə etdiyi doktorluq işilə bağlıdır: “Mənim çıxışımın səbəbi bu sahədə müdafiə etdiyim doktorluq işimlə bağlıdır. Elmi işimdə ”aqrar sahənin ölkənin siyasi sabitliyinin pozulmasına necə təsir eləyə bilər” sualına aydınlıq gətirməkdir. Bu, ilk dəfə araşdırılan mövzudur. Dediyim odur ki, bu sahəni mən araşdırmışam. Azərbaycanda siyasi sabitliyə ən çox təsir edən faktorlardan biri də ərzaq təhlükəsizliyidir. Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyi bu gün böyük sual işarəsi altındadır. Bunu tam məsuliyyətimlə deyirəm. Müsahibəmdə bu məsələni açmağa çalışmışam.
Əgər bilmək istəyirsinizsə, başqa bir məsələni açıqlayım ki, hətta Kəmaləddin Heydərova yaxın olan, daha doğrusu, onunla çox yaxşı münasibətdə olan bir ailənin təmsilçisi gəldi mənim yanıma dedi ki, Ismət Abbasov haqqında yazma. Dedim, mən Ismət Abbasov haqqında yazmıram, Azərbaycanın aqrar sektorundakı bəlaları və bu vəziyyətin ölkəmizə böyük fəlakətlər gətirəcəyini görürəm”.
Cümşüd Nuriyev əlavə edib ki, kənd təsərrüfatı sahəsində ciddi korrupsiya mövcuddur: “Prezidentin fərmanı ilə fermerlər torpaq vergisindən azaddır. Baxın Azərbaycan fermerləri üçün hələ bir aqrar proqram yoxdur ortada. Dünyanın bütün dövlətlərində aqrar sahədə 6 istiqamətdə proqramlaşdırma gedir. Bunların heç biri Azərbaycanda yoxdur. Mən də bu şeyləri gündəmə gətirirəm. Onsuz da torpaqlar məmurlar tərəfindən ələ keçirilib. Rayonlarda əkiləsi torpaq qalmayıb. Dövlət ehtiyat fondu yoxdur. Müharibə başlasa Azərbaycan bu əhalini nə ilə saxlayacaq? Bunun üçün fikirləşmək lazımdır.
Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti çox aşağıdır. Geni modifikasiya olunmuş toxumları alıb gətirirlər Azərbaycana. Bunların əsas işi-gücü odur ki, hardan necə pul qoparmaq olar”.
Əlbəttə ki, Cümşüd Nuriyevin tənqidləri əsaslıdır və “Azadlıq”ın deyilənlərə iradı yoxdur. Amma politoloqun Kəmaləddin Heydərova yaxınlığı, ən azı simpatiyasının olması sirr deyil. Cümşüd Nuriyevin çıxışlarında da bu özünü göstərir. Digər tərəfdən politoloqun məlum müsahibəsi Sabir Vəliyevin bəyanatından bir neçə gün sonraya təsadüf edib. Bütün bunlar isə müsahibənin Kəmaləddin Heydərovun Ismət Abbasova cavabı olması barədə şübhələri yaradıb.
Hikmət


