Müxalifət, müstəqil və hökumətyönlü gənclər təşkilatları birgə müdafiə mitinqlərinə hazırlaşır
Bu il mayın 2-dən Iranda saxlanılan Azərbaycan yazarları Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsi növbəti dəyirmi masa keçirib. Dəyirmi masaya ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri qatılıblar. Müdafiə Komitəsinin nümayəndəsi Şahbaz Xuduoğlu yazarların azadlığa buraxıla bilməsilə bağlı hər-hansı müsbət yenilik olmadığını deyib.
Rəsmi Tehranın yazarlara qarşı hər-hansı rəsmi ittiham irəli sürmədiyi, amma Iran mətbuatı səhifələrində gənclərin Israilə casusluqda, narkorik qaçaqmalçılığında ittiham olunmalarının davam etdiyi vurğulanıb.
Tədbirə həm müxalifət, həm müstəqil, həm də hökumətyönlü 15-ə qədər təşkilat qatılıb. Hökumətyönlü gənclər təşkilatları rəsmi Bakının gənclərin azadlığa buraxılması üçün var gücü ilə çalışdığını deyərək, gəncləri təsirli birgə aksiyalar keçirməyə dəvət ediblər. Müxalif və müstəqil yönümlü gənclər qurumlarının təmsilçiləri ötən 80 gün ərzində yazarların azadlığa buraxılmamalarını hökumətin dişsiz xarici siyasətinin göstəricisi adlandırıblar.
Onların fikrincə, bu iki gənc dövlətlərarası gizli intriqaların qurbanıdırlar. Azərbaycanın 5 rəsmi notasına Iranın reaksiya verməməsini natiqlər Azərbaycanı dövlət olaraq saymamasının göstəricisi kimi dəyərləndiriblər.
“Öz ölkəsində siyasi fəaliyyətə görə gəncləri həbsə alan iqtidar bilməli idi ki, xarici dövlətdə vətəndaşı həbs edildikdə verdiyi bəyanat təsir göstərmir”,- deyə Müsavat Partiyası gənclərinin lideri Tural Abbaslı qeyd edib.
Gənclər mövcud durumdan çıxış yolu kimi vətəndaş cəmiyyəti institutları, hüquq müdafiə qurumları, gənclər təşkilatları və Xarici Işlər Nazirliyi təmsilçilərinin görüşünün keçirilməsini və vahid müdafiə strategiyasının hazırlanmasını təklif ediblər. Tədbirə qatılan gənclər təşkilatları yazarların müdafiəsi üçün birgə etiraz aksiyası hazırlamaq barədə müzakirələr keçirməyə razılaşıblar(Turan).