“Azadlıq” qəzeti Azərbaycanda bloqçuluğun inkişafı, xüsusən də regionlarda bloqçuluğun və bloggerlərin dəstəklənməsi məqsədilə layihə həyata keçirir. Layihənin əsas məqsədi onlayn blogger mərkəzlərinin yaradılması və təlimlər yoluyla ölkədə peşəkar bloggerlərin sayının artırılmasıdır.
Layihə çərçivəsində “Azadlıq”ın veb səhifəsində (www.azadlıq.info) “Blogging Net” adlı yeni səhifə yaradılacaq. Bu səhifədə layihə cəlb olunmuş bloggerlərin hazırladıqları materiallar yerləşdiriləcək. Səhifədə həmçinin, layihə haqqında məlumat, bloq yaradılması ilə bağlı məsləhətlər, media qanunvericiliyi, bloqçuluğun tarixi, tanınmış şəxslərin bloqları, eləcə də bloqlar və bloggerlərə aid məşhur hekayələrə bölünmüş rubrikalar yaradılacaq. Eyni zamanda, onlayn-sorğu, sual-cavab bölmələri də olacaq. Oxucuların bloqlar və bloggerlik barədə sualları peşəkarlar tərəfindən cavablandırılacaq.
Bundan başqa, müsabiqə yolu ilə beş nəfər gənc blogger seçilərək onlar üçün təlim təşkil olunacaq. Onlara texniki və ekspert dəstəyi göstəriləcək. Həmçinin, qəzetin kollektivi gənc bloggerlərin təcrübə keçməsində yaxından iştirak edəcək. “Azadlıq” qəzetilə işlədikləri müddətdə gənc bloggerlər “Blogging Net” səhifəsində orijinal məqalələrlə çıxış edəcəklər. Ən uğurlu çıxışlar qəzetin kağız formatında də dərc ediləcək, həmçinin veb saytda oxuculara təqdim olunacaq.


