Cəmiyyətin inkişafı alternativlərdən keçir. Onsuz cəmiyyət bataqlığa bənzəyir, həm də üfunət qoxuyan bataqlığa. Bu gün Azərbaycanda alternativliksizlik at oynadır. Istənilən vəzifə başına gətirilən adam özünü əvəzedilməz sayır və işlədiyi yerdə elə mühit yaradır ki, sanki o olmasa həmin sahə batar.
Azərbaycanda vəzifədə olan nazirlər, komitə sədrləri, müxtəlif qurumların rəhbərlərinin əksəriyyətinin vəzifə ömrü 10-20 illə ölçülür. Deputatlar da bu azara yoluxub. Onların da əksəriyyəti ən azı iki-üç çağırışın deputatır. Bu da 10-15 il deməkdir. Qanun prezidentə iki dəfədən artıq seçilməmək qadağası qoymuşdu ki, onu da konstitusiyanı dəyişməklə aradan qaldırıblar. Indi o da istədiyi qədər bu vəzifəni tuta, yəni seçilə bilər.
Qarşıdan prezident seçkisi ili gəlir. YAP bu seçkiyə Ilham Əliyevlə getmək fikrindədir. O sadə səbəbə görə ki, başqa alternativləri yoxdur. Bunu Əli Həsənov deyib. Həmin partiyanın üzvü, həm də Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri. O da yuxarıda sadaladıqlarımızdandır. 16 ildir eyni vəzifədə oturub. Hansı “uğurlara” imza atdığını cəmiyyətimiz yaxşı bilir, sadalayıb oxucuların zamanını almayaq. O, “Media foruma”a müsahibəsində 2013-cü ilin prezident seçkisinə Ilham Əliyevlə gedəcəklərini bildirib. Partiyada başqa alternativin olmadığını deyib. Müxalifətdən kimsə belə söz desəydi, yəqin onu hər müşavirələrində, elə Ilham Əliyev kimi, lağa qoyacaqdılar. Ilin 6 ayının yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilən yığıncaqda YAP sədri iqtisadi göstəriciləri bir kənara qoyub müxalifətin niyə mitinq, piket keçirməməsinə ironiya ilə münasibət bildirmişdi. Nazirlər, komitə sədrləri, yəqin elə Əli Həsənov da, buna qəşş edincə gülmüşdü. Həmin müşavirədə gülüş obyekti olacaq adamlar elə oradakılardı. Ancaq onlara göz yaşı içərisində gülmək gərəkdir. Azərbaycan belə duruma gətirdiklərinə görə.
Orda nədənsə kimsə dilinə gətirmədi ki, ötən 6 ayda müdafiə və təhlükəsizlik sektorunda niyə 49 nəfəri itirmişik. Bu itkilərin 43 nəfəri Müdafiə Nazirliyinin payına düşür. Bəlkə müharibə gedir, xalqın xəbəri yoxdur. Yayılan statistikada bildirilir ki, bunların 36-sı qeyri-döyüş itkiləridir. Bəs nədən soruşulmadı ki, bu ilin 6 ayında yol qəzalarında niyə 436 nəfər vətəndaşımız həyatını itirib? Axı elə həmin müşavirədə YAP-ın alternativsiz lideri Ilham Əliyev ölkə vətəndaşlarının artırılmasından, sayın 15-17 milyona qaldırılmasından danışırdı? 436 nəfər ən azı 436 ailə deməkdir. Azərbaycan intiharlar ölkəsinə çevrilib. Sosial ədalətsizlik, dolanışıq dərdi, övladlarının minimum tələblərini ödəməmək əzabı sayı artırılması düşünülən, daha doğrusu öhdəlik kimi qarşıya qoyulan ölkədə. Bu ölkənin vətəndaşı çıxış yolunu intiharda görür. Həm də sabaha inamı olmadığından. Bunun nədəni kimdən soruşulmalıdır? O müşavirələr də bunun üçün – ölkənin problemlərini çözmək üçün deyil. Son müşavirədə göründüyü kimi, ora lağlağı üçün yığışırlar. Bu problemlər onlarlıq deyil…
19 ildə alternativ yetişdirə bilməyən partiya daha çox nədən indiyə qədər siyasi səhnədə qaldığı ətrafında diskussiya açmalıdır. Naziri alternativsiz, rektoru alternativsiz, direktoru alternativsiz. Bu yaxınlarda Imişlidə korrupsiya ittihamı ilə həbs edilən məmurların YAP üzvü olduğu az qala sensasiya kimi cəmiyyətə təqdim edildi. Bu ölkədə yapçı, həm də korrupsioner olmayan məmur varmı? Ölkə başdan-başa yapçıların əlindədir. Onlar 19 ildə yuxarıdan -aşağıya korrupsiyaya bulaşmış şəkildə ölkəni idarə edirlər. Maraqlıdır ki, korrupsiyada da alternativləri yoxdur…

Alternativsizlər ölkəsi
•