Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Zənci Nik Nigeriyadan idi. Bakıya futbolçuların hansısa texniki xidmətinin təşkili üçün gəlibmiş. Azərbaycan klubları bala-bala xarici futbolçular alırlar, axı! Nik də həmin alver kampaniyalarının birində kiminsə dərdinin dərmanı imiş. Amma bir az buralarda fırlanandan sonra ağlına qəribə ideyalar güc gəlib. Hansısa qruplara ürcah olub, qoşulub “Sonanın uşaqlarına”. Özünün demək istəmədiyinə görə, Çinə narkotik ixrac etməklə məşğul olmaq istəyib. Bakı aeroportunda ilişib. Amma özü belə izah edirdi ki, guya hansısa tanışları ondan xahiş ediblər ki, bu çantanı aeroporta çatdırmaq lazımdır: “Get, orada sənə zəng edəcəklər. Telefon nömrəni vermişik. Bu çantanı onlara verib qayıdarsan, vəssalam”.
Nik də deyiləni edib, amma aeroportda ona yaxınlaşan adamlar təhlükəsizlik əməkdaşları olub. “Eybi yox, çantanı verib, 15 ildən sonra qayıdarsan Nigeriyaya”, – deyirəm. Kameraya 3-4 gün əvvəl gətirilmiş başqa bir hərbçi – Şahin tərcümə edir. Şahin Türkiyədə məzun olan hərbçilərdəndir, bir-iki dəfə də ABŞ-da kursları fırlanıb. Onun nəyə görə həbs edildiyini əvvəl-axır öyrənə bilmədim. Nə özü düz-əməlli danışdı, nə də mən təkid etdim. Marağım ölmüşdü adamların dərdinə qulaq asmağa. Elxan 4 il yarım iş alıb “osujdyonka”ya getmişdi. “Osujdyonka” – birinci instansiya məhkəməsi iş verəndən sonra apelyasiya müddətini gözləmək üçün dustaqların başqa kameraya, həmin səbəbə görə gözləməli olanlarla bir yerə atılmasıdır. Doğrudur, o zaman artıq mən də 4 ilimi almışdım, amma məni olduğum kamerada saxlayırdılar. Görünür, Bayıl türməsində siyasi virusun yayılma imkanlarının qarşısını almaq üçün belə edirdilər. Mən də çalışırdım ki, Elxanı geriyə, öz kameramıza qaytarım. Amma Ağası, “qırxdır, biri əskik deyil”, – deyib dururdu: “Olmaz!”
Cəhənnəmə, gora olmaz!
Zənci Nik camaatı tez bezdirdi. Nik Azərbaycan dilində bilmirdi. Şahin də mız-mızı adam idi. Birini tərcümə eləyəndə beşini eləmirdi. Bu yarıtmaz tərcüməçilik də Ilhamı özündən çıxarırdı və başlayırdı Şahinlə dava-dalaş salmağa. Bizim şuxluq üçün kameraya gətirdiyimiz Nik kamerada gərginlik mənbəyinə çevrilirdi. Münasibətlər gərginləşirdi. Hiss edirdim ki, günün birində mən özüm də bu dava-dalaşın tərəfinə çevrilə bilərəm. Bu, qətiyyən arzu etmədiyim bir nəticə idi. Buna görə də günün birində Nikə dedim: “Qapını döy və buradan başqa kameraya getmək istədiyini söylə”. Şahin tərcümə etdi.
– Niyə? – Nik yazıq-yazıq soruşdu.
– Belə məsləhətdir.
– Axı, onlar məndən soruşacaqlar ki, niyə orada qalmaq istəmirsən?
– De ki, o saqqallı adamla yola getmədim! Vəssalam! Qapını döy!
Nik qapını döydü. Nəzarətçi gələnə qədər hamı ilə bir-bir görüşdü. Mənə çatanda yenə də yazıq-yazıq:
– Amma burada mənim üçün yaxşı idi. Nahaq məni qovursuz… – dedi.
Mən heç nə demədim. Niklə görüşüb çarpayının ikinci qatına atıldım və pəncərədən çölə baxmağa başladım. Bizim pəncərənin 1 metrliyindən hündür divar gedirdi və oradan yalnız bir parça göy və hasarın üstü ilə həmin göy parçasının arasında qalan hissədə üzbəüz 10 mərtəbənin yuxarı mərtəbəsinin pəncərələri görünürdü. Başqa heç nə.
Nik getdi. Onun necə izahat verdiyini bilmədim. Bu barədə məndən heç kim heç nə soruşmadı və buna görə də belə anladım ki, Nik mənim dediyim izahat formasını verib.
Get-gedə kameranın ləzzəti qaçırdı. Köhnə uşaqların hamısı bir-bir məhkəməyə baş vurub gözlənilən və ya pullarının imkan verdiyi qədər cəzalarını alıb apelyasiya kameralarına çıxır, ya da oradan daha uzaqlara, zonlara gedirdilər. Kamerada köhnələrdən Rafiq, Ilham, mən qalmışdıq. Doğrudur, kameradakı ümumi əhval-ruhiyyə qalmaqda idi, amma əvvəlki şuxluğun olmadığı da şübhəsiz idi. Adamlar bir-biri ilə münasibətlərdə daha ehtiyatlı idilər, hərdən ötəri bir anlaşılmazlığın aqressiv not üzərinə keçə biləcəyi hiss olunurdu. Aşkar hiss edirdim ki, bu kamerada mən olmasam, münasibətlər daha qəddar və daha sərt olar; anlaşılmazlıqların hansı məcraya yönələcəyini isə çətin təsəvvür edirdim.
Çox az, cəmi 5 ay keçməsinə baxmayaraq, “123″ün əski çağlarını xiffətlə xatırlayırdıq. Bu, həm də ona görə lazım idi ki, yeni gələnlər burada hansı atmosferin olduğu barədə hesablarını götürsünlər. Bu arada, Ağası müəllim özünün rayondakı qohumlarının tapşırdığı bir avtoqəza sürücüsünü bizim kameraya gətirdi. Məndən xahiş etdi ki, onu yola verək. Amma bu ”qohumun tanışı” da yola veriləsi adam deyildi. Xüsusi aqressiv rəngləri, yovuşmazlığı yox idi. Bəlkə də həddən artıq yovuşmaqlığı adamı narahat edirdi. Məsələ burasındadır ki, bu yovuşmaqlıqdan çox pis qoxu gəlirdi. “Qohumun tanışı”nın sanki su ilə düşmənçiliyi vardı. O, çimmirdi. Canından və pal-paltarından pis qoxunun, hətta üfunət səviyyəsində pis qoxunun yayılmasının da illəti bu idi. Hamam günü hamı hamama gedəndə “qohumun tanışı” “başım ağrıyır” bəhanəsilə yorğanın altına girdi. Xoşbəxtlikdən, bir həftə sonra onu istintaq üçün rayona apardılar və bir də 10 gündən sonrakı “etap”la geri gələcəkdi. Bu 10 gün ərzində danışıb bitişdik və razılaşdıq ki, Ağası müəllimin qohumunun tanışını elə Ağası müəllimin özünün üstünə ataq. “Pişiyin boynundan zınqrovu” da təbii ki, mən asmalı idim. Rəis müavini ümumi baxış üçün gələndə ona dedim:
– Rəis, səndən bir xahişim var. Bu “qohumunun tanışı”nı Bayıla geri gətiriləndə ya birbaşa hamama apar, ya da başqa kameraya…
O, çaşqın-çaşqın baxdı:
– Nə məsələdi?
– Heç nə. Məsələnin nədən ibarət olduğunu bilmək üçün onu iyləmək lazımdır.
Ağası müəllim uğunub getdi:
– Onu əvvəlcə başqa kameraya yerləşdirmişdim. Orada da bu sözləri dedilər. Amma orada bir konflikt də çıxmışdı. Yazıq dustaqlar dedilər ki, onunla bizim nə işimiz ola bilər ki, getsin çimsin, adam kimi yaşasın.
Sonra da qapıdan çıxa-çıxa, “Yaxşı, bəs mən onu hara yerləşdirim?” deyə, deyinə-deyinə getdi.
“Qohumun tanışı” bir daha bizim kameraya qayıtmadı.
Mənim üçün xüsusilə maraqlı adamlardan biri təəssüf ki, bizim kameraya xeyli gec gəldi. Bu gənc biznes adamı idi – Vidadi. Əslən Tərtərdən idi və Bakıda tikinti biznesi ilə məşğul olmuşdu. Şakir adlı qardaşı ilə birgə həbs edilmişdi. Qardaşının səhhətində müəyyən problemlər olduğuna görə tibbi hissədə yerləşdirilmişdi. Özü isə bizim kameraya gəlib çıxmışdı. Vidadi söhbətcil oğlan idi. Dərədən-təpədən o qədər söhbətlər edərdi ki, vaxtın necə gəlib-keçdiyini bilməzdin. Amma nəyə görəsə, öz işləri barədə heç danışmazdı. Sual verəndə də qaçaraq bir şeylər deyib söhbəti dəyişərdi. Amma mən də “papağı günə yandıracaq adam” deyildim. Allah vəkillərimin canını sağ eləsin. Vidadinin və qardaşının nəyə görə, hansı günahın sahibləri olduğu üçün həbsə atıldıqları barədə bir xeyli məlumat əldə etdim…
Ardı var