ABŞ və Israil Qətərdə yeni radar sistemi quraşdırır
Iranın Türkiyənin Malatya vilayətinin Kürecik bölgəsində NATO-nun raket əleyhinə müdafiə sisteminə etirazları davam edərkən ABŞ və Israil Tehran rejimini hiddətləndirəcək növbəti addım atıb.
“The Wall Street Journal”ın xəbərinə görə, Pentaqon ABŞ və Israilin təhlükəsizliyini gücləndirmək məqsədiylə Qətərdə yeni radar sistemi quraşdıracaq. Yeni radar sistemi Türkiyə və Israildəki eyni tip obyektlərlə birlikdə Irana qarşı istifadə olunmasını hədəfləyir.
Yüksək səviyyəli amerikalı rəsmiyə istinadən yayılan xəbərdə deyilir ki, “X-Band” adlı güclü sistemin Iranın cənub, şimal və qərb bölgələrindən havaya qalxacaq uzunmənzilli raketləri zərərsizləşdirə biləcək. Amerikalı rəsmilər qəzetə bildirib ki, yeni sistem ABŞ və Israilin təhlükəsizliyini qorumaq məqsədiylə hazırlanan planın ən mühüm elementidir. Qəzet gələn ay ABŞ və 20 ölkənin iştirakıyla Hörmüz boğazında genişmiqyaslı hərbi dəniz təlimləri keçiriləcəyini də bildirib.