Müsavatda İsa Qəmbərin getməsini istəyənlər var

Adil Qeybulla: Yapçıların dediklərində və başqa açıqlamalarda Isa Qəmbərin partiyadan getməsi ilə bağlı ümumi xətt var”

Müsavat Partiyasının qurultayının vaxtı təyin olunmasa da, partiyaya növbəti mərhələdə kimin rəhbərlik edəcəyi məsələsi gündəmin əsas müzakirə predmetidir. Partiyanın Divan üzvü, professor Adil Qeybulla “Bizim Yol” qəzetinə müsahibəsində qurultayla bağlı sualları cavablandırarkən başqanlıq seçkilərinin üstündə xüsusi dayanıb.
Isa Qəmbərin seçkiyə partiya başqanı kimi getməli olduğunu deyən A.Qeybulla partiya üzvlərinin mütləq əksəriyyətinin də bu cür düşündüyünü bildirib. Onun fikrincə, prezident seçkilərindən sonra başqanlığa altrenativ namizədlər olacaq və partiya üzvləri bu namizədlərdən birinin üzərində dayanacaq. Ancaq Müsavat partiyasında bu məsələ ilə bağlı hər hansı qarşıdurma yaranacaqsa, bunu yaradacaq tərəf özü uduzacaq. O həmçinin bildirib ki, əgər kiminsə partiyada Isa Qəmbəri dışlamaq xətti varsa, ona nail ola bilməyəcək. Belə bir tendensiya hiss olunsa da, Isa Qəmbər partiyanın və ölkənin siyasi həyatında proseslərə təsir edən şəxs kimi qalacaq. Bu tendensiyanın hansı qruplarda daha çox sezilməsinə gəldikdə, A.Qeybulla istər YAP rəhbərliyinə daxil olan şəxslər, istərsə də müəyyən açıqlamalarda Isa Qəmbərin partiyadan getməsində ümumi xəttin olduğunu deyib.
A.Qeybullanın açıqladığı məqamlara partiyanın digər üzvlərinin mövqeyini öyrənmək istədik.
Həmin müsahibə ilə tanış olmadığını deyən Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı deyilənlərə münasibət bildirmək imkanının olmadığını bildirdi.

Gülağa Aslanlı: “Bizim partiyada belə bir problem yoxdur”

Müsavat başqanının müavini Gülağa Aslanlı isə öz növbəsində Müsavat partiyasının demokratik bir təşkilat olduğunu və orada hər kəsin öz fikrini söyləmək imkanına sahib olduğunu bildirdi. Bununla belə o, partiyada problemin olmadığını da qeyd etdi: “Bunu yazanlara deyim ki, bizim partiyada belə bir problem yoxdur”.

Tofiq Yaqublu: “Bu mövzuda danışmaq lazım deyil”

Müsavat başqanının digər müavini Tofiq Yaqublu Müsavatın önəmli bir təşkilat olduğunu və hazırda orda baş verənlərin, qurultaya hazırlığın hamının diqqətində olduğunu bildirdi. Lakin onun sözlərinə görə, nə qədər ki, qurultayın vaxtı təyin olunmayıb, başqanlığa namizədlər qeydiyyatdan keçməyib, bu mövzuda danışmaq lazım deyil. Çünki bu halda deyilənlər də düzgün istiqamətə getmir: “Bu məsələyə rəsmi start verilməmiş bir şey demək istəmirəm. Hələ ki, qurultayın vaxtı təyin olunmayıb. Hazırda qurultay üçün yer almaq kimi qayğılarla yaşayırıq. Ona görə bu məsələ ilə bağlı şərh vermək istəmirəm”.

Fizzə